PKK terrorçuları Qarabağa axın edir: Bakıya qarşı “Suriyalı döyüşçü” iddiasının pərdəarxası

24-09-2020, 19:13   


PKK terrorçuları Qarabağa axın edir: Bakıya qarşı “Suriyalı döyüşçü” iddiasının pərdəarxası
Ermənistan və Rusiya mediasında “Suriyadan Azərbaycana döyüşçülərin” göndərildiyinə dair dezinformasiyalar yayılıb. İddia olunur ki, “Həmzə” diviziyasının 300-ə yaxın silahlısı Ermənistana qarşı döyüşmək üçün gəlib.

Məşhur türkiyəli jurnalist Levent Kemala danışan “Həmzə” diviziyasının Seyf Əbubəkr bu iddiaları təkzib etdi.

L.Kemal yazır ki, “Türkiyə ordusuna yaxın mənbələr də bu xəbərləri inkar edib”.

Belə iddialar işğalçı ölkənin Azərbaycana qarşı növbəti infotəxribatıdır və bu dəfə hədəf diqqəti PKK terrorçularının erməni hərbi birləşmələrinin tərkibində döyüşmək üçün Dağlıq Qarabağa gətirildiyi faktından yayındırmaqdır.

Ermənistanın Azərbaycana qarşı informasiya təxribatında üç şəbəkə iştirak edir.

1. Ermənistan mediası və sosial şəbəkələrdə erməni istifadəçilər, eləcə də onların Azərbaycan adları ilə yaratdığı profillər;

2. Rusiyanın müxtəlif media resursları: “Moskovskiy komsomolets”, “Krasnaya Vesna” və s.

3. Keçmiş Azərbaycan vətəndaşları olan “Hüseyniyyun” qruplaşmalarının üzvləri və qruplaşmanın inanclı kəsimi auditoriya olaraq hədəf seçən informasiya resursları: Tohid İbrahimbəyli, Orxan Məmədov, “nur-az.com” səhifəsi və s. Onlar İranda yaşayır və bu ölkənin ərazisindən Bakıya informasiya hücumları təşkil edir.

Bu şəbəkələrin fəaliyyəti göstərir ki, Rusiya və İranda müəyyən dairələr işğalçı Ermənistanın Azərbaycana hücumunda müxtəlif formalarda iştirak edir.

Sonuncu şəbəkəni fərqləndirən əsas xüsusiyyət onların azərbaycanlı olmasıdır. Ermənistan Rusiyanın müəyyən media resurslarının dəstəyi ilə yanaşı, keçmiş Azərbaycan vətəndaşlarından da istifadə edir.

Təxribat planının həyata keçirilməsi mexanizmi sadədir: Ermənistan mediası və sosial şəbəkələrdə “Alen Gulyan” kimi erməni istifadəçilər dezinformasiyaları dövriyyəyə buraxır; Rusiyanın məlum media resursları bu dezoları yayır və inkişaf etdirir; “azərbaycanlı” kimi tanınanlar da erməni dezinformasiyalarını Azərbaycan auditoriyasına “fakt” kimi təqdim edirlər – Orxan Məmmədov və Tohid İbrahimbəyli prosesdə aparıcı şəxslərdir;

Bu şəbəkənin Ermənistanın maraqlarının ruporu kimi çıxış etməsi ilk hadisə deyil. Araşdırmalar təsdiqləyir ki, erməni xüsusi xidmət orqanları ilə “Hüseyniyyun” qruplaşmasının üzvləri arasındakı əsas vasitəçi düşmən ölkəyə işlədiyini gizlətməyən, zaman-zaman İrəvana səfərlər edən Zabil Məhərrəmovdur (Madoj).

Azərbaycana qarşı bu kampaniyanın hədəfi PKK terrorçularının Dağlıq Qarabağa gətirilməsi faktını gizlətməkdir. İşğalçı ölkə diqqəti Azərbaycanın üzərinə çəkməklə, terrorçuların daşınmasını gündəmdən çıxarmaq istəyir.

Tovuz döyüşlərindən sonra PKK-nın “xüsusi təyinatlı qüvvələri” Dağlıq Qarabağa gətirilib. Terrorçuların gətirilməsi Livan ermənilərinin işğal altındakı ərazilərə köçürülməsi zamanı həyata keçirilib.

Ermənistan Beyrut partlayışından sonra Livan ermənilərini Dağlıq Qarabağa köçürməyi sürətləndirdi. Maraqlıdır ki, beynəlxalq hüquqa zidd olsa da, işğalçı ölkə bunu gizlətmir, işğal altındakı torpaqlarda düşərgələr yaratdığını açıq şəkildə bildirir. Görünür, qanunsuz köçürməni ictimaiyyətləşdirməklə diqqəti terrorçuların daşınmasında yayındırmaq istəyiblər. Lakin Türkiyənin “Cümhuriyyət” qəzeti təhlükəsizlik mənbələrindən bu haqda əldə etdiyi informasiyanı yaydı.

“Haber7” saytının yazarı Taha Dağlı da yazır ki, PKK-nın Suriyanın şimalındakı düşərgələrində təlim keçən erməni terrorçular Azərbaycana qarşı vuruşmaq üçün Dağlıq Qarabağa transfer edilib. Onun sözlərinə görə, bu terrorçular iki il öncə PKK düşərgələrində təlim keçməyə başlayıb.

“PKK daxilindəki erməni taboru silahlı təlimlər keçir. Hazırda bu terrorçulardan 250-si Ermənistanın Azərbaycana hücumlarında iştirak etmək üçün Cənubi Qafqaza göndərilib”, - T.Dağlı yazır.

Türkiyə mediası və Suriyadakı türkman mənbələrin məlumatına görə, PKK-nın tərkibində erməni taboru ötən ilin aprel-may aylarında qurulmağa başlayıb. Buna qədər ermənilər terror təşkilatının tərkibində döyüşüblər və zaman-zaman həm PKK-nın Türkiyəyə hücumlarında, həm də Ermənistanın Azərbaycana hücumlarında yer alıblar.

Ötən il isə ermənilər PKK tərkibində ayrı tabor olaraq fəaliyyətə başlayıb. Bu taborun adı Nubar Ozanyandır.

N.Ozanyan (Orhan Bakırcıyan) 1956-cı ildə Türkiyədə doğulub. Türkiyə Kommunist Partiyası – Marksist-Leninist (TKP/ML) terror təşkilatının üzvü olub. Türkiyədə 1982-ci il 12 sentyabr tarixində baş verən hərbi çevrilişdən sonra Fransaya qaçıb və qruplaşmanın hərbi qanadı olan TİKKO-ya qatılıb. 1988-ci ildə Fələstin müharibəsində iştirak edib. 1990-cı ildə Livanda ermənilərlə birlikdə silahlı təlimdən keçib və 1991-92-ci illərdə Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşüb.

1992-ci ildə Türkiyəyə qayıdıb və türk ordusuna qarşı terror aktlarına iştirak edib. Bundan sonra TKP/ML daxilində yüksəlməyə başlayıb. 2013-cü ildə TİKKO üzvlərinə Şimali İraqda təlim keçib, 2015-ci ildə Suriyada “Beynəlxalq Azadlıq Təşkilatı” (İFB) adlı qruplaşma yaradaraq, PKK-nın tərkibinə qatılıb. Terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qruplaşmasının (YPG) tərkibində döyüşüb. 2017-ci ildə öldürülüb.

Ötən il PKK daxilində yaradılan erməni taboru da onun adını daşıyır. Taborun rəhbərlərindən biri Masis Otanyafdır. Erməni taborunun düşərgəsində 1982-ci ildə 9 nəfərin öldüyü, 72 nəfərin yaralandığı Esenboğa terror aktını həyata keçirən ASALA üzvü Levon Ekmeçiyanın və digər erməni terrorçuların fotoları divarları bəzəyir.

Məlumatlara görə, PKK-nın erməni taborunun üzvləri, eləcə də Qəndil və Qamışlıdan gələn digər terrorçular Ağrı dağı üzərindən Ermənistana keçib. Terrorçuların Ağrı dağından keçidinə “Ağrı qartalları” qruplaşmanın üzvləri olan Livan Qaradağ, Hemaran Kervaçiyan və Sərvət Boqapşin adlı terrorçular bələdçilik edib. 400-ə yaxın terrorçunun Göyçə gölü ərazisində PKK üçün ayrılan Vardenes düşərgəsində təlimlər keçdiyi, ardınca Dağlıq Qarabağa göndərildiyi deyilir. Döyüşlərdə əsasən təcrübəli terrorçulardan istifadə olunur.

Ermənistandan Azərbaycana qarşı başlanan və özünü “azərbaycanlı” adlandıranların da iştirak etdiyi kampaniya da məhz bu faktların gizlədilməsinə, diqqətin yayındırılmasına hesablanıb.

Asif Nərimanlı
publika.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.