Gənclər təşkilatlarının üzvləri Qarabağa yollanmaq barədə nə düşünürlər?

5-08-2014, 13:27   
Gənclər təşkilatlarının üzvləri Qarabağa yollanmaq barədə nə düşünürlər?Təşkilat rəhbərləri könüllü hərbi dəstə və partizan hərəkatı yaratmaqdan danışdılar
Son günlərdə cəbhə bölgəsində atəşkəsin pozulması gündəmi tamamilə dəyişib. Bütün ölkə baş verə biləcək müharibədən danışır. İnsanların cəm şəklində ünsiyyətdə olduqları sosial şəbəkələrdə, istirahət yerlərində, kafelərdə və s. yerlərdə əsas mövzu yalnız bundan ibarətdir. Artıq ölkə vətəndaşlarının fikirləri iki qismə ayrılıb. Çoxları müharibənin başlamasının tərəfdarıdır. Lakin bu fikirlərin əleyhinə çıxanlar da az deyil.
Hər bir ölkədə əsas proseslərin önündə gənclər gedir. Maraqlıdır, yaşanan son hadisələrdən sonra Azərbaycan gəncliyi nə düşünür? Gəncləri öz ətrafında birləşdirən təşkilat rəhbərləri müharibə olarsa, könüllü olaraq orduya qatılarlarmı, yaxud partizan hərəkatı yaradıb, Qarabağa müharibəyə gedərlərmi?
Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbas bu halların qanunla qadağan olunduğunu bildirdi: “Mən siyasətçiyəm. Belə bir fəaliyyətlə məşğul olmağa qanun icazə vermir və bu, birmənalı olaraq, qadağan olunub. Bütün vəziyyəti dövlət tənzimləyir. Başqan da keçən dəfəki fikrində vurğulayıb. Əgər Azərbaycanda hərbi əməliyyatlar başlasa, Müsavat öz üzərinə düşən bütün işləri yerinə yetirəcək. Bu məsələ dövlətin qanunları ilə tənzimlənməlidir. Ordu, müharibə ilə bağlı qərarları dövlət verir. Hesab edirəm ki, sıravi vətəndaşların belə məsələlərdə şəxsi təşəbbüs göstərmələri səmərəli deyil. Bu kimi hallar 1-ci Qarabağ müharibəsi zamanında olub. O zaman nizami ordu yox idi. Amma hazırda artıq formalaşmış nizami ordumuz var. Hər hansı özfəaliyyətə gərək yoxdur. Lakin özüm, təmsil etdiyim təşkilat, partiya haqqında onu deyə bilərəm ki, istənilən Azərbaycan ərazisində görəv verilərsə, müsavatçı gənclər, partiya rəhbərliyi, rayon təşkilatlarının sədri olaraq, əlimizdən gələni etməyə hər zaman hazırıq”.
Milliyyətçi Gənclər Təşkilatının idarə heyətinin üzvü Müşfiq Atilla Vəliyev Qarabağ müharibəsinin başlamasının tərəfdarlarından olduqlarını və müharibə olarsa, istənilən təşəbbüsü göstərəcəklərini söylədi: “İndiyə qədər müharibə olmasa da, artıq son proseslərdən sonra buna oxşar təşəbbüs göstərdik. Şəhərin mərkəzində müharibənin başladılması tələbi ilə imzatoplama aksiyası keçirdik. Mən də daxil olmaqla, üzvlərimiz həbs edildi. Qaldı ki, müharibə başlayarsa, orduya qatılıb, Qarabağa getməyə, onu qeyd edim ki, hazırda təşkilatımızın daxilində əsgərlik həyatı keçmiş üzvlərimizin siyahısını tutmuşuq. Könüllü dəstə yaratmağı düşünürük. Bunun üçün sosial bazamız var. Demək olar ki, biz hazır vəziyyətdəyik”.
Bütöv Azərbaycan Ocaqları gənclər təşkilatının sədri Zəka Sahib Qarabağda gedən müharibə ilə bağlı təşkilat olaraq, Müdafiə Nazirliyinə müraciət etdiklərini bildirdi: “Əvvəla, sosial şəbəkələrdə müharibənin başladılması ilə bağlı event yaradan dostlara təşəkkür edirəm. Bu, çox gözəl addımdır. Qarabağdakı döyüşlərlə bağlı dünən BAO GT-nın müdafiə nazirinə müraciət oldu. Könüllü dəstələrin yaradilmasi, vətənimizin ərazi bütövlüyü ilə bağlı gedən döyüşlərdə iştirak etməkdə qəti qərarlıyıq. Artıq regionlardan olan gənclər də bu müraciətimizə qoşulub. Mən çox istərdim ki, bu müraciətə hakimiyyətin yaratdığı gənclər təşkilatları da qoşulsun. Vətəni sevmək bu günlərdə daha çox lazımdı. Hələki BAO GT və Milliyyətçi Gənclər Təşkilatı bu işi dəstəkləyir”.
VHP gənclər təşkilatının sədri Tural Hüseynli bu cür təşəbbüsləri dəstəkləmədiklərini qeyd etdi: “Təbii ki, müharibə olarsa, iştirak etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Amma ordu yaxud partizan hərəkatı yaradıb, Qarabağa yollanmaq kimi fikrilərlə qətiyyən razı deyiləm. Bu, bir növ qanunlara hörmət etməmək deməkdir. Çünki qanunlarımız bu halları qadağan edir. Müharibə təhlükəsi olarsa, hamılıqla dövlətin yanında olmalıyıq. Bu, bizim mənəvi borcumuzdur”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.