Tanınmış vəkil Aslan İsmayılov baş prokuror Zakir Qaralovla daxili işlər naziri Ramil Usubova müraciət edib. Aslan İsmayılovun müraciəti facebook səhifəsində də yayıb. Vəkilin müraciətində deyilir: "Artıq uzun müddətdir ki, Sizə "Baku Steel Company"nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun silahlı dəstələri və bu dəstələr vasitəsilə iş adamlarının əmlaklarının zorla əllərindən alınması barədə müraciət edirəm. Tərəfinizdən heç bir tədbir görülməyib, əvəzində isə mən 30 may 2013-cü il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb fiziki zorakılığa, təhqirə məruz qalmış və ölümlə təhdid edilmişəm. Bu barədə də Sizə yazılı müraciət etmişəm. Yenə heç bir tədbir görməmisiniz.
2010-cu ildən başlayaraq bu silahlı dəstələrin basqınları nəticəsində onlarla iş adamlarının mülkləri zorakılıqla əllərindən alınıb. Bir müddət əvvəl isə öz səhifəmdə Rasim Məmmədova məxsus avtomobil kolleksiyasının şəkillərini paylaşmışdım.
Şəkillərdən birində isə məhz illərdir dediyimiz bu quldur dəstəsinin bir üzvü, Uğur Atakişiyev adlı birisi təhqir yazaraq məni açıq-aşkar təhdid etmişdir. Sübut kimi isə onun mənim ünvanıma yazdığı təhdid məktubunu və Rasim Məmmədova məxsus avtomobillərlə şəkillərini bu yazıya əlavə edirəm. Digər şəkillərdən isə bu insanların hansı işlərlə məşğul olduqlarını və ən ağır cinayətlər törətməyə qadir olduqlarını həmin an sezmək olar. Mənə qarşı son bir neçə ildə olan qanunsuzluqların (8 may 2013-cü il tarixdə vəkillikdən xaric edilməyim, 16 may 2013-cü ildə zorla Nərimanov rayon polisinə aparılmağım, 30 may 2013-cü ildə ölümlə təhdid olunmağım) başında Rasim Məmmədov və onun havadarlarının olduğu mənim kimi Sizə də bəllidir. Niyə tədbir görmürsünüz, o da mənə bəllidir. Özümlə bağlı hər məsələni qoyuram kənara. Hərçənd ki, mən də Azərbaycan vətəndaşıyam, mənim də haqlarımın qorunması Sizin vəzifə borcunuzdur. Mənə maraqlı olan başqa məsələdir. Axı Siz ildə bir neçə dəfə başçılıq etdiyiniz kollektivin qarşısında çıxış edib bildirirsiniz ki, ölkədə cinayətkarlıqla amansız mübarizə aparırsınız. O vaxtlar heç bu hallar yadınıza düşmürmü? Bakıda bu cür idmançılardan istifadə edib əllərində avtomat öz vətəndaşlarımıza hədə-qorxu gələrək mülklərini əllərindən alırlar, torpaqlarımızı işğal etmiş düşmənlərə qarşı isə 18-20 yaşlı gənc uşaqlarımızı ön cəbhəyə göndərirsiz.
P.S. Bu yazının da nəticəsiz qalacağına və həyatda qalmağıma təhlükə yaradacağını bilməmiş deyiləm. Ancaq bildiyim bir şey var ki, həyat ədalətlidir və hər kəs gec-tez öz əməlinə görə cəzasını alacaqdır. Mən vətəndaş borcumu yerinə yetirdim. İndi söz Sizindi".
Aslan İsmayılovun paylaşdığı fotoları da təqdim edirik.