Məmmədovların biznes imperiyasının “diqqətdən kənarda qalması” Heydərova bağlı medianı niyə narahat etdi?
“Meydan” TV nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun biznes şəbəkəsinə dair araşdırma dərc edib. Araşdırmada qeyd olunub ki, Türkiyədə Anar Məmmədovun birbaşa adı keçən 2 şirkət mövcuddur. Bunlar, "Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti", "Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti"dir. A.Məmmədov bu şirkətlərin idarə heyətinin əvvəlki üzvüdür. Şirkətlər arasında bağlantı isə odur ki, onların hər ikisinin idarə heyətinin indiki üzvləri A.Məmmədovla əlaqəli olan eyni adamdır.
Müxtəlif şirkətlər, eyni adamlar
Birinci şirkətin indiki idarə heyətinin üzvləri "Garant" Holdinq Direktorlar Şurasının üzvü Emil Ələsgərov, Bakı şəhərində ictimai nəqliyyat sahəsində əsas pay sahibi olan Transaget LTD-nin rəhbəri Xəyal Rəsulov və Anar Məmmədovun babası Arzuman Məmmədovdur. Şirkətin əsas fəaliyyət istiqaməti bütün növ otel, rəsmi bina, villa, kanal, körpü tikintisini həyata keçirmək və onların memarlıq layihəsini hazırlamaqdır.
İkinci şirkətin də İdarə Heyətinin üzvləri Emil Ələsgərov, Xəyal Rəsulov və Arzuman Məmmədovdur. Şirkətin əvvəlki idarə heyətində isə Anar Məmmədovla yanaşı "Baglan Group"un rəhbəri Hafiz Məmmədov da var.
Xəyal Rəsulov, Arzuman Məmmədov və Emil Ələsgərovu birləşdirən digər bir şirkət isə "Baltech inşaat sənayə və ticarət anonim şirkəti"dir. Şirkət 2011-ci ilin iyulunda qeydiyyata alınıb. Şirkətin əsas fəaliyyət sahəsi bütün növ inşaat işləri, ofis binalarını, ticarət mərkəzlərini tikməkdir.
Emil Ələsgərov həmçinin Vircin adalarında da iki şirkətin direktorları arasındadır: Trans-European Leasing Group Ltd. və Montgomery Industries Ltd.
Montgomery Industries Ltd. həm də “ZQAN Holdinq”in səhmdarlarından biridir.
Emil Əsgərovun özü isə nəqliyyat naziri Ziya Məmmədovun bacısı oğludur.
Trans-European Leasing Group Ltd. həm də Bakı Beynəlxalq Avtovağzalının sifarişçisi "Bakı XXI Əsr" MMC-nin təsisçisidir. Onun adı "Yeni Müsavat"ın reportyoru Elmin Bədəlovla "Milli yol"un əməkdaşı Anar Əliyevin (Gəraylı) nəqliyyat naziri Ziya Məmmədovun olduğu iddia edilən imarətinin qarşısında döyülməsi hadisəsində də halanıb. O, həmin vaxt şahid kimi çıxış edərək, jurnalistlərin döyülmədiyini demişdi.
17 şirkəti birləşdirən holdinq
A.Məmmədovun biznes imperiyasında əsas yeri tutan şirkətlərdən biri kimi "Garant Holdinq" göstərilir. Holdinqin direktorlar şurasının sədri A.Məmmədovun özüdür. Şirkət 2005-ci ildən 2013-cu ilə qədər "ZQAN Holdinq" adi ilə fəaliyyət göstərib.
Holdinqin tərkibinə 17 yerli şirkət daxildir: "Qarant Sığorta" ASC, "Azbentonit" MMC, "Royal İsteyt" MMC, "Qarant Tour" MMC , "English Yard" MMC, "Quba Olimpiya Kompleksi" MMC, "Avto-Media" MMC, "Ucar Aqro" MMC, "M.Trans" MMC, "Ameritex" MMC, "Transevrokom" MMC, " Zqan konstrakşn" MMC, "Turbo.az" MMC, "Qarant Sığorta Agenti" MMC, "Quba Resort" MMC, "AFK" MMC, "Delfin" MMC və "Goranboy Gips" ASC.
“Garant”ın tərkibinə daxil olan MMC-lərdən biri də "Quba Olimpiya Kompleksi"dir. Quba-Bakı magistral yolunun 4-cü km-də yerləşən Olimpiya Kompleksinin hüquqi təmsilçisi İsa Musayev adlı şəxs olsa da, "Garant Holdinq"in rəsmi saytında bu kompleksin holdinqin tərkibinə daxil olması qeyd olunur.
A.Məmmədovun Qubadakı digər layihəsi isə Azərbaycan Qolf Federasiyasının (o, AQF-nin prezidentidir) baş ofisi kimi fəaliyyət göstərən qolf klubudur.
"Avto-Media" və "M -Trans"
A.Məmmədovun nəzarətində olan digər şirkət isə "Avto-Media" MMC-dir. Şirkətin əsas fəaliyyəti də məhz nəqliyyat ilə bağlıdır. 2008-ci ildə yaranan "Avto-Media"nın əsas fəaliyyəti "London taxi"ləri kimi tanınan taksilərdə, sərnişin avtobuslarında və yol boyu reklamların yerləşdirilməsidir.
A.Məmmədova məxsus şirkətlər arasında ən çox diqqət çəkənlərdən biri isə "M -Trans" MMC-dir. Bu şirkətə Anarın atası Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün müvafiq lisenziyalar verilib.
"Garant Holdinq"in tərkibində yer alan "Turbo.az" MMC isə Azərbaycanda avtomobil satışı saytı kimi tanınır. Saytın rəhbəri rəsmi olaraq təmsilçisi Emin Həsənov adlı şəxsdir. Ancaq saytı Elnur Baimov təsis edib. Elnur Baimov bir müddət Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində Bakı şəhəri nəqliyyatı idarəetmə üzrə direktor vəzifəsində çalışıb.
Məmmədovların bank işi
A.Məmmədovun biznesi arasında müxtəlif zamanlarda mediada adı keçən şirkətlərdən biri də "Bank of Azərbaijan"dir. “Azərtac” dövlət agentliyinin 2011-ci ildə yaydığı məlumatda qeyd olunur ki, bank "ZQAN Holdinq"in tərkibinə daxildir. 2013-cü il, yanvarın 22-dək A.Məmmədov “Bank of Azerbaijan”ın sənədlərində səhmlərin 81 fazinin sahibi kimi göstərilib. Həmin vaxtlarda bank səhmlərinin 18 faizi də onun müşahidə şurasının sədri olmuş Hafiz Məmmədovun qardaşı Mübariz Məmmədova məxsus olub. A.Məmmədov bankın səhmlərini satandan sonra o H.Məmmədovun əlində cəmlənib. Bu ilin yanvarına olan məlumata görə: Hafiz Məmmədovun oğlu Kənan - 43 faiz; digər oğlu Sənan - 43 faiz və qardaşı Mübariz - 13 faiz.
2014-cu il, may ayının 22-də isə bank rəhbrəliyi tərəfindən keçirilən toplantının nəticəsi olaraq H.Məmmədov bankın müşahidə şurasının sədrliyindən, qohumları isə müşahidə şurasının üzvlüyündən uzaqlaşdırılıb.
Voleybol klubundan otellərədək
"Garant Holdinq"in rəsmi saytında göstərilməsə də, vergilər nazirlinin rəsmi məlumatlarında qeyd olunur ki, Bakı Voleybol Klubunun rəhbəri A.Məmmədovdur.
A.Məmmədov eyni zamanda bir çox şirkətlərin Azərbaycan üzrə təmsilçilik hüququnu da alıb. A.Məmmədovun bu formada 5 şirkət və 1 media qurumu var. Bunlar "Rixos" Otellər şəbəkəsinin Azərbaycan filialı olan "Quba Rixos otel", qida sektorunda dünyada məhşur olan KFC-nin Bakıdakı restoranlar şəbəkəsi, məhşur geyim, saat və bjuteriya markalarından olan “Versace”nin Azərbaycan nümayəndəliyi, yenə də tanınmış geyim markalarından olan "Cuzeppe Zanotti"nin Azərbaycan mağazaları, tanınmış otel şəbəkəsi olan "Trump"un Bakıdakı oteli "Trump Towers Baku" və dünyaca məhşur "National Geographic" jurnalının Azərbaycan dili üzrə bölməsi.
A.Məmmədovun Böyük Britaniyada da biznesi var. O, "BROOKWOOD INTERNATIONAL lIMITED" şirkətinin təsisçisi və direktorudur. Eyni zamanda Dubayda qeydiyyatdan keçmiş ZQAN holdinqin bir şirkəti ZQAN UK LTD adı ilə Böyük Britaniyada qeydiyyatdan keçib.
P.S. Bu araşdırma belə mövzulara həvəslə yer ayıran “Azadlıq” qəzetinin diqqətindən kənarda qalıb. Səbəb isə obyektivdir. Bu günlərdə “Azadlıq” qəzeti nəşriyyatın borc tələbi ilə əlaqədar çapını dayandırmalı olub, redaksiya heyəti demək olar ki, işə çıxmayıb. Qəzetin saytı isə məhdud rejimlə fəaliyyət göstətrib və diqqəti əsasən bu günlərin başlıca mövzusuna çevrilmiş cəbhə bölgəsindəki gərginlik və ölkə daxilində davam edən siyasi həbslərə yönəldib.
“Azadlıq”ın bu “diqqətsizliyi” nədənsə fövqəladə hallar naziri Kəmaləddin Heydərova bağlı olduğu bilinən elektron medianı narahat edib. Belə media quruluşlarından biri “Azadlıq”ın saytında bu araşdırmanın dərc olunmamasını ayrıca mövzuya çevirib. Biz bunu “Azadlıq”ın (o cümlədən onun saytının) ictimai rəyə əlahiddə təsir gücünün etirafı kimi qəbul edib, həmkarlarımızın qınağını alqışlayardıq. Amma mövzunun sonunda bu “diqqətsizliyi” Məmmədovların “Azadlıq”la isti münasibəti kimi yozmağa cəhd göstərməsi buna imkan vermir, əksinə həmkarlarımızın qərəzini üzə çıxarır.
Biz bu media orqanlarının Azərbaycan hakimiyyət nümayəndələrindən bir çoxlarının, məslən, elə o Kəmaləddin Heydərovun, yaxud Əliyevlər ailəsinin özünün biznes imperiyası, mal-mülkü barədə araşdırmaları görməzdən gəldiyini sual etmirik. Bunun səbəbləri hər kəsə bəllidir. Heç onu da sual etmirik ki, Ziya Məmmədov və ailə üzvlərinin biznes imperiyası barədə məlumatların daha çox tirajlanmasını bu adamlar niyə bu qədər çox arzulayırlar. Aydındır, hakimiyyət daxilində nüfuz və mal-mülk uğrunda klanlararası savaş var. Biz onu sual edirik ki, Azərbaycanın media mühitində kimin kim olduğunu bilən hər hansı jurnalist, yaxud jurnalist kollektivi “Azadlıq”ı hansısa şübhəli əlaqədə ittiham edəndə vicdanının sızladığını duyurmu? Əlbəttə, əgər vicdanı varsa...