ERMƏNİSTANIN DANIŞIQLARIN BƏRPASI HİYLƏSİ... - "Atəşkəs istəyirlər ki, özlərinə gəlsinlər, güclərini toparlasınlar"

21-10-2020, 16:11   



Terrorçu Ermənistanın rəhbərliyi Azərbaycanla danışıqların bərpa olunacağına öz-özünü inandırmağa çalışır və çox sevincək olub. Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti ilə görüşə hazır olduğunu deməklə “sülh carçısı” statusunda görünməyə çalışır, amma Gəncənin dinc sakinlərini yatdıqları yerdə raketlə vurandan sonra artıq onun iç üzü bütün dünyaya bəllidir.
Azərbaycan rəhbərliyinin mövqeyi isə dəyişməzdir və Prezident İlham Əliyev bunu hər müsahibəsində, xalqa müraciətində dilə gətirir. “Bizim mövqeyimiz həmişə çox konstruktiv olub və həmişə demişik ki, bəli, biz anlayırıq, insanlar arasında əlaqə olmalıdır və Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir. Bununla bərabər, axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi”.

Bunu Prezident İlham Əliyev “TASS” informasiya agentliyinə müsahibəsində nizamlamanın ardıcıllığı barədə suala cavabında deyib. Baza prinsiplərində Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyaların açılmasının da nəzərdə tutulduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Həmçinin nəzərdə tutulurdu ki, Ermənistan Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına malik olacaq. Hazırda Ermənistan bu imkandan məhrum deyil, lakin bunu Azərbaycan ərazisindən keçməklə etmək qat-qat rahatdır və bu, hava şəraitindən, dağlarda qar yağmasından və sair məsələlərdən asılı deyil. Yəni bütün bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə, - münaqişə başlayana qədər orada yaşayan bütün əhalinin 25 faizi azərbaycanlılar idi, - qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir. Əlbəttə, Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu. Biz bu mövqeyimizi bir daha təsdiq edirik”.
“Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, biz günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq”-dövlət başçısı əlavə edib. 
Prezident bildirib ki, biz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik: “Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxalq hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə yetirməyə çalışırdıq və hazırlaşırdıq. Lakin təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozdu. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni, Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi. Bundan əvvəl, həlak olanların cəsədlərinin, əsirlərin və girovların mübadiləsi məqsədilə atəşkəsin şərtləri razılaşdırıldıqdan sonra Ermənistan döyüş meydanında da atəşkəs rejimini pozurdu. Lakin görünür, onlar bununla kifayətlənmədi və Gəncə şəhərinə hücum etdilər. Yeri gəlmişkən, yaxın vaxtlarda, iki gün bundan əvvəl onlar eyni cür hərəkət etdilər. Yenə gecə vaxtı. Bu, çox alçaq cinayətdir. Bu, beynəlxalq terrorizmdir. Dünya birliyinin bu qanlı cinayəti bir səslə pisləməsi o deməkdir ki, bu, ermənilərə baha başa gələcək. BMT-nin Baş katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bu beynəlxalq terrorizm aktını milli səviyyədə pisləyiblər”.
Prezident qeyd edib ki, rəsmi Bakının təmsilçiləri Moskvada və ya başqa bir yerdə erməni tərəfi ilə Dağlıq Qarabağla bağlı danışıqlar aparmağa hazırdırlar.
“Qarşıdurmaya son qoymaq və həll yollarını tapmaq üçün həm Moskvada, həm də hər hansı digər bir yerdə görüşməyə hər zaman hazırıq”, - deyə İlham Əliyev vasitəçilik yolu ilə həmkarı ilə görüşmək üçün Moskvaya gəlməyə hazır olub-olmadığına dair suala cavab verərkən qeyd edib. 

Eyni zamanda Azərbaycan Prezidenti Bakının hər cür təmasa hazır olduğunu söyləyib. 
“Hazırkı vəziyyətdə mən belə bir dəvət almamışam, bu səbəbdən sual mənə ünvanlanmamalıdır. Şəxsən Rusiya prezidenti Vladimir Putin, ondan əvvəl Dmitri Medvedyev Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli görüşlər təşkil edib. Ancaq Ermənistanda hakimiyyət şərti olaraq ”Soros"un əlinə keçəndən sonra bu cür təmaslar dayandırılıb", - deyə İ. Əliyev bildirib. 
Azərbaycan Prezidentinin sözlərinə görə, Rusiya həmişə münaqişənin həllində mühüm rol oynayıb: “Bunun üçün həm tarixi, həm də coğrafi baxımdan obyektiv səbəblər var. Buna səbəb həmçinin Rusiyanın on illərdir bölgəmizdə fəal şəkildə fəaliyyət göstərməsi və qarşılıqlı əlaqələrin yüksək səviyyədə olmasıdır. Buna görə də biz hər cür təmaslara hazırıq”. İ. Əliyev xatırladıb ki, xarici işlər nazirlərinin görüşünün təşkili barədə təklif aldıqda, Azərbaycan tərəfi dərhal bu görüşə razılıq verib: “Bu məqam həmçinin bizim mövqeyimizin göstəricisidir, axı o zaman Azərbaycan Ordusu strateji ərazilərin bir hissəsini artıq uğurla azad etmişdi. Münaqişənin davam etməsindən on gündən çox vaxt keçmişdi və kimin nəyə qadir olduğu hər kəs üçün demək olar ki, aydın idi. Hərbi əməliyyatların gələcək gedişatını proqnozlaşdırmaq çox çətin deyildi. Ancaq buna baxmayaraq, biz nə vaxtı uzatdıq, nə də danışıqlardan imtina etdik. Biz dedik: ”Bəli, biz hazırıq"".
Rəsmi Bakı torpaqların 30 ildir işğalda olmasına baxmayaraq, danışıqlara sadiq qaldı, qan tökülməsini istəmədi, səbir və təmkin nümayiş etdirdi. Ancaq görünür, ermənilərə qan lazım imiş və Azərbaycan ordusu bu missiyanı üzərinə götürüb və ərazilərimizi işğaldan təmizləyir. Bununla belə, Bakı üstün mövqedə olmasına baxmayaraq, danışıqlara hazır olduğunu da bəyan edir. Lakin Ermənistan rəhbərliyi yenə də Qarabağdakı bir ovuc erməninin “müstəqilliyini” şərt olaraq irəli sürürlər. Siyasi partiya rəhbərləri ilə N.Paşinyanın görüşündə də bu mövqe əsas olub. Deməli, Ermənistana danışıqlar mövqelərini möhkəmləndirmək, toparlanmaq üçün lazımdır, ədalətli sülhü bərqərar etmək üçün yox. Elə isə sual çıxır, Ermənistan özünü qeyri-konstruktiv apardığı halda danışıqların bərpasının mənası qalırmı? Hərbi əməliyyatlar dayansa, bundan daha çox kim qazanacaq?

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, əgər atəşkəs olacaqsa, bu, mütləq şəkildə ermənilərin xeyrinə olacaq: “Bu, əsl hiylədir. Baxın, bunlar 20 ildən artıq idi ki, deyirdilər ”biz danışıqlara hazırıq", proses süründürürdülər, bəhanələrlə qaçırdılar. İndi biz bunun niyəsini görürük. Biz bilirdik ki, bunlar müharibəyə hazırlaşırlar. Baxın, Qarabağda, Azərbaycan Ordusunun azad etdiyi hansı qurğular var. Tunellər, istehkamlar, yerin altında tank birləşmələri gizlədilir və sair. Onlara vaxt lazım idi ki, müharibəyə hazırlaşsınlar. Bunlar heç vaxt Azərbaycanla barışıq istəməyiblər, ancaq müharibə istəyiblər. Ona görə də indi yenə də üstünlüyü əldən verdikləri üçün atəşkəs istəyirlər ki, özlərinə gəlsinlər, vəziyyətdən çıxış yolu tapsınlar, güclərini toparlasınlar. Digər tərəfdən, çalışırlar ki, özlərini “məzlum” kimi göstərsinlər, guya Azərbaycanın “işğalı”na qarşı mübarizə aparırlar. Üçüncü tərəfdən, yox yerdən kömək gözləyirlər. Çünki biz görürük Qətərin və digər ölkələrin aviaşirkətləri bunlara qeyri-qanuni şəkildə silah-sursat daşıyırlar. Bunların məfkurəsi xəstə, beyinləri, təfəkkürləri anormaldır ki, artıq uçurumun astanasında olduqlarını başa düşmürlər. Bunlar o silah-sursatla heç bir şey edə bilməyəcəklər. Çünki ilk növbədə aldıqları silah-sursat Ermənistana yox, qaçaqmalçılıqla alver edən mafioz qruplara, “qara bazar”ın fəallarına xeyir edir. Hava daşımalarından istifadə olunur, aviaşirkətlər qazanır. Çaşqın yolda olan Ermənistana kömək etmək o deməkdir ki, bunların məğlubiyyətini tezləşdirirlər. Çünki bunlar Azərbaycanın imkanlarına, potensialına, hərbi texnologiyalarına güc çatdıra bilməyəcəklər. Ermənistana satılan, sırınan silah-sursat da köhnədir, təzə deyil. Yəni bunlar onsuz da Azərbaycanın qarşısında tab gətirməyəcəklər, səhv yoldan nə qədər tez ayıltsalar, bir o qədər özləri üçün yaxşıdır. Amma barışığa hazır olmaları barədə dedikləri bir hiylədir. Çünki bunlar deyirlər ki, son nəfəsimizə qədər vuruşacağıq, Qarabağ azad olmalıdır “.
T.Abbasov qeyd etdi ki, Azərbaycan Prezidenti Ermənistanın hiylələrindən kifayət qədər məlumatlıdır: “Elə şeylər var ki, biz onları bilmirik. Ali Baş Komandana bilavasitə döyüş meydanlarından, həmçinin düşmənin hazırlığından xəbərlər çatır. Çünki müharibənin gedişində ordu çox böyük işlər görür. Amma ən böyük xidməti həmişə hərbi kəşfiyyat görür. Bu baxımdan bizim kanallarımız da çox zəngindir. Biz artıq ermənilərin bir neçə əks-hücumunun qarşısını almışıq, çünki vaxtında xəbər tutmuşuq. Bu, bir daha göstərir ki, Azərbaycanın hazırlığı hərtərəflidir, təminatlıdır və ümumiyyətlə, biz düşmən tərəfi bütün komponentlərdə, göstəricilərdə üstələyirik.. Ona görə də ermənilər papaqlarını - halbuki papaq məsələsi bunlara aid deyil, bunlar qeyrətsiz millətdir, papaq qeyrət rəmzidir - kaskalarını qarşılarına qoyub yaxşı-yaxşı düşünsünlər və bu nəticəyə gəlsinlər ki, hər şey bitdi. Artıq Qarabağ layihəsi ermənilər üçün fiaskoya uğradı. Ermənilərin Qarabağ layihəsinin təməli əyri olduğundan onun üzərində bina tikmək mümkün deyildi. Qurdular, amma o, əyri bina idi və əyilməkdə davam edir”.
Bu gün Azərbaycan Prezidenti bütün xalqın dəstəyini alıb, ordumuz zəfərlər qazanır. Belə olan halda məğlub vəziyyətdə olan düşmənin təklifini qəbul etməyə lüzum qalmır. Moskva və Parisin atəşkəs təklifini Bakı dəyərləndirdi, Ermənistana meyitlərini aparmağı birtərəfli qaydada təklif etdi, ancaq İrəvan bunu da dəyərləndirmədi. Belə olan halda sözü Azərbaycan əsgəri deməlidir və deyir də... Prezidentin torpaqların azad olunması ilə bağı yeganə şərti icra olunmayınca, Azərbaycanın sözünü silah deyəcək, Xalqımız rəva bilməz ki, onun tarix yazan Ali Baş Komandanı Paşinyan kimi murdar birisi, “Sorosun kuklası” ilə danışıqlara vaxt sərf eləsin. Prezidentin dediyi kimi, Ermənistan Azərbaycanı təhqir edib və cavabını alır! (musavat.com)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.