Ordumuzun Qarabağda zəfər yürüşü Bakıda bayraq və xəritə ajiotajı yaradıb

24-10-2020, 10:48   


İşğal altındakı torpaqlarımızı azad etmək üçün rəşadətli ordumuzun Qarabağda apardığı uğurlu döyüş əməliyyatları onillərdir itirilmiş torpaqların yanğısı ilə yaşayan Azərbaycan xalqının da milli ruhunu yüksəltdi. Kimi ön, kimi də arxa cəbhədə səfərbər oldu. Uşaqdan böyüyə hər kəs bu günlərdə orduya dəstək üçün əlindən gələni etməyə çalışır. Bu dəstəyin ifadəsi kimi küçələrdə, eyvanlarda, avtomobillərdə, bir sözlə hər yerdə Azərbaycan bayraqları görürük.
Həm də təkcə Azərbaycan bayraqları deyil, bu haqlı mübarizədə Azərbaycana böyük mənəvi, siyasi dəstək verən qardaş Türkiyənin bayraqları da indi hər yerdə qarşımıza çıxır.  O cümlədən birmənalı şəkildə Azərbaycana dəstəyini ifadə edən Pakistana da minnətdarlıq əlaməti olaraq insanlarımız bu ölkənin bayraqlarını qaldırır. Nəticədə bu günlərdə bayraqlara tələbat da kəskin artıb.

Bayraqlara birdən-birə tələbatın artması qiymətlərə az da olsa təsir edib. Amma  hazırda mağazalarda  yalnız Türkiyədən gətirilən bayraqların qiymətində cüzi artım müşahidə olunur.
Paytaxtın müxtəlif ərazilərində bayraq satışı ilə məşğul olan mağazalarının satıcıları virtualaz.org-a bildiriblər ki, sentyabrın 27-dən indiyədək gündə 60-70 bayraq satılır.  
 

“Birdən- birə tələbat elə artdı ki...”
 Metronun 28 May stansiyasının yaxınlığındakı əksər mağazalarda bayraq satılır, qıtlıq yoxdur. Satıcı Əli Musayev deyir  ki, sentyabrın 27-dən bu yana mağazada hər gün az qala 60-70 bayraq satılır: “Tələbat çox olduğundan yerli tikiş sexlərinə əlavə sifarişlər verdik. İndi Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı bizə dəstək olan bütün ölkələrin bayraqları satışda var”.  
Bayraqların qiyməti ölçü və parçaların keyfiyyətindən asılı olaraq 50 qəpik-100 manat arası dəyişir. Satıcıların sözlərinə görə, ənənəvi olaraq bayraq satışı ilə məşğul olan mağazalarda qiymət artımı olmayıb. Əksinə, qiymətlərdə endirim ediblər ki, hamı bayraq ala bilsin.
 Daha çox avtomobillər üçün bayraqlar satılıb
Satıcılardan biri isə deyir ki, bayraqla bağlı sifarişlər azalmayıb. Nazirliklər, idarələr, özəl şirkətlər bayraq sifarişləri veriblər. Amma daha çox avtomobillər üçün bayraqlar alınır. Bu bayraqların qiyməti 1,5-10 manat arası dəyişir.

“Bildiyimə görə hazırda Azərbaycana yalnız Türkiyədən bayraq gətirilir. Təsəvvür edin, mağazalara elə axın oldu ki, hamı bayraq satışına girişdi. Azərbaycan və Türkiyə bayrağı ilə yanaşı Pakistan  bayraqları da eyni səviyyədə satılır”- Alim adlı satıcı deyir.
Bu arada, binaların eyvanları və ofislər üçün bayraqlar sifarişlə  hazırlanır. Satıcılardan biri deyib ki, rənglərə xüsusi diqqət yetirilir. Çünki rənglərin bir az tündləşdirilməsi alıcıların narazılığına səbəb olur: “Əvvəlki vaxta baxmayın, indi insanlar bu məsələdə olduqca həssasdır. Məsələn, sexlərdən birindən sifariş olunan masa üstünə qoyulan kiçik ölçülü bayraqların bir neçəsində mavi rəng bir qədər tünd verilmişdi. Bayraqların satılması bir yana, alıcılar rəngin doğru seçilməməsinə etiraz etdilər, bayraqları satışdan yığışdırdıq”- satıcılardan biri əlavə edib.
 

Lakin bu günlərdə təkcə bayraqlara tələbat artmayıb. Hər gün yeni-yeni yaşayış məntəqələrinin işğaldan azad edildiyi haqda prezidentin bəyanatlarını dinləyən, tvit-lərini oxuyan azərbaycanlılar ilk növbədə həmin kəndləri, qəsəbələrin xəritədə tapmağa çalışırlar. Düşmənin yer üzündən sildiyi kəndlərimizi, qəsəbələrimizi Google Maps də tapmaq isə bir çoxları üçün elə də asan deyil. Ona görə də işğal edilmiş ərazilərimizin daha detallı, kağız üzərində cızılmış xəritəsini axtaranlar da artıb. Lakin təəsüf ki, işğal altında olan və işğaldan azad edilmiş ərazilərimizin təfərrüatlı xəritələrini tapmaq müşkül məsələdir.
Bakının mərkəzindəki dəftərxana ləvazimatları mağazalarının satıcıları deyirlər ki, onlara gün ərzində dəfələrlə xəritə almaq istəyənlər müraciət edirlər. Amma satışda yalnız ötən illərdə dərc olunmuş xəritələr var ki, bu xəritələr də hazırda işğaldan azad edilmiş kəndlərindən bəzilərinin adları qeyd olunmayıb: “Biz də eşitmişik ki, yeni xəritələr tərtib olunur. Amma nə vaxt satışa çıxarılacağı bəlli deyil. Biz də sizin kimi gözləyirik. Çünki hələ indidən nə qədər adam sifariş verir”- satıcılardan biri deyib.
“Xəritələri əvvəllər şagird və tələbələr alırdı, indi isə hamı üçün maraqlıdı...”
Hazırda satışda olan Azərbaycan xəritələrinin əksəriyyətində yalnız işğal altında olan rayonlarımız qeyd olunub. Hansı ki, satışda olan xəritələrdə həmin rayonların kəndləri, yaşayış məntəqələri demək olar ki, əksini tapmır. Və bu rayonların ayrı-ayrılıqda xəritələri mövcud deyil. Satıcılar güman edirlər ki, xəritə tərtib olunarkən bütün ərazilərin qarış-qarış qeyd olunması məsələsi diqqətdən kənarda qalıb: “Doğrusu əvvəl xəritələrdə hansı ərazilərin qeyd olunub-olunmadığını bizim özümüz də diqqət yetirmirdik. Xəritələri əvvəllər yalnız şagird və tələbələr alırdı. Hazırda isə hamı üçün maraqlıdı”.

Yeri gəmişkən onu da bildirək ki, Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif olunmuş formada istinad edilən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair tədbirlər planı” təsdiqlənib. Tədbirlər planında  işğal olunmuş ərazilərin təhrif olunmuş xəritələrdən istifadənin qarşısının alınmasından tutmuş bir çox məsələlər əksini tapıb. Belə görünürür ki, tezliklə işğaldan azad olunan kəndlərimizin adları da qeyd edilmiş xəritələr də satışda olacaq...
Ü.Xudiyeva
İ.Rafiqqızı
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.