Cəbhənin Füzuli istiqamətində Azərbaycan ordusunun üstünlüyü ilə müşahidə edilən gərgin döyüşlər davam edir.
Musavat.com-un əldə etdiyi məlumata görə, düşmən Füzuli rayonunun Şükürbəyli və Alıxanlı kəndləri istiqamətində ağır artilleriyadan atəşi davam etdirib.
Zərbələr hər iki kəndin əkin sahələrinə düşüb. Xoşbəxtlikdən mülki əhali arasında yaralanan və dünyasını dəyişən yoxdur. Azərbaycan Ordusu gecə boyu cavab zərbələri ilə düşmən mövqelərini susdurub.
Ermənilər dünən də Füzuli istiqamətində mülki əhalinin yaşadığı kəndlərə ağır artilleriyadan atəşi davam etdiriblər. Kərimbəyli kəndi istiqamətinə isə "Smerç" raketi atıblar. Dünən də xoşbəxtlikdən mülki əhali arasında itki olmayıb. Həmin raket zərbəsi də əkin sahəsinə düşüb.
Daha əvvəlki yazılarda da qeyd edirdik ki, Füzuli istiqamətində düşmənin ən möhkəm istehkamı Alıxanlı və Şükürbəyli kəndləri istiqamətində yerləşən və ermənilər tərəfindən işğal edilən Aşağı Seyidəhmədli kəndindədir.
Sentyabrın 27-dən başlayan Vətən Müharibəsində bu istiqamətdə şiddətli döyüşlər getdi və nəhayət 3 gün əvvəl Aşağı Seyidəhmədli kəndi azad edildi. İndi isə düşmənin kiçik qüvvələri həmin istiqamətdə Yuxarı Seyidəhmədli və Qorqan kəndlərində müşahidə olunub. Mülki əhali də məhz bu istiqamətlərdən hədəfə alınır. Hazırda da həmin istiqamətdə döyüşlər davam edir.
Xatırladaq ki, rəsmi məlumatda da cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam etdiyi bildirilir.
Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib.
İlkin Muradov,Musavat.com