Paşinyan başına haranın daşını salsın?

3-11-2020, 12:21   



Yadınızdadırmı, Nikol Paşinyan Azərbaycan prezidenti ilə ilk görüşü və təması haqda necə sevincək açıqlamalar vermişdi? Bu xoşbəxtliyə o, 2018-ci ilin 27-28 sentyabrında nail olmuşdu, Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının nümayəndə heyətlərinin iclası çərçivəsində Azərbaycanın dövlət başçısı ilə “ikinci qeyri-formal təmas”ı baş tutmuşdu və sonradan bu barədə çox danışmışdı.

Düzdür, həmin ilin 14 iyununda, Moskvada futbol üzrə dünya çempionatının açılışı günü ilk dəfə Rusiya prezidentinin vasitəçilyi ilə İlham Əliyevlə Nikol Paşinyan şəxsən tanış olmuşdular, ancaq ötəri şəkildə. Ancaq bir neçə ay sonrakı ayaqüstü söhbətdə konkret razılaşma əldə olunmuşdu, hər iki tərəfdən gərginliyə və insidentlərə yol verməmək məqsədilə konkret tədbirlər görmək üçün müdafiə nazirlərinə tapşırıq verməklə bağlı razılığa gəlinmişdi. Paşinyan elə sevinirdi ki... Hətta sonradan demişdi ki, təmas xəttində 28 sentyabr gecəsi baş nazir vəzifəsində olduğu son 4 ay ərzində “ən sakit və ən dinc” gecə olub.
Bəs, sonra nə baş verdi? Nikol Paşinyanın ayağı yer aldı. Düşünmədi ki, qarşısındakı siyasətçi sadəcə ona şans verir, tarix boyu atılan yanlış addımlardan imtina etmək, doğru yol seçmək üçün. Anlamadı ki, qarşı tərəf onun “müharibə partiyası”nın təmsilçisi olmadığını, Xocalıda əllərinin qana bulaşmadığını nəzərə alır və xalqını, dövlətini düşünüb də normal mövqe tutar.
Amma Paşinyan ona verilən şansı dəyərləndirə bilmədi. Təkcə ona görə yox ki. buna təcrübəsi çatmadı. Sadəcə qudurdu. Düşündü ki, daha yeni parlament formalaşdırmışam, hakimiyyətimi möhkəmləndirirəm. Odur ki, günün birində Qarabağa da “nöqtə” qoymaq istədi. Şuşada çaxır vurub yerə sərildi, təlxəkliyə başladı, “Yallı” getdi. Anlamadı ki, onun “nöqtəsi”ni ortadan bölən NİDA-nın cəzası çox sərt olacaq...
İkinci Qarabağ müharibəsinin başlanması tarixi diqqətimi çəkdi. Təsadüfdürmü? 2018-ci ilin 27 sentyabrda əldə olunan anlaşmanı Paşinyan düz iki il sonra, 2020-ci ilin 27 sentyabrda pozdu - “yeni ərazilər” işğal etmək üçün. Düzdür, bundan əvvəl Tovuz döyüşləri də olmuşdu, amma o zaman dərsini alan düşmən yerində oturmuşdu.
İndi “dişi bağırsağını kəsir”, əlacsız qalıb, gah sağa vurnuxur, gah sola. Düzdür, bir sıra dövlətlər və dairələr Ermənistanın tamam məhv olmasını istəmədiləri üçün müharibənin dayandırılmasına çox çalışırlar. Amma daha real kömək edən yoxdur. Çünki hakimiyyətə gəldikdən sonra təqribən 5-6 ay “demokrat” donuna bürünən Paşinyanın maskası elə cırılıb ki, artıq ona kimsə etibar etmir, güvənmir, saya salmır.
Xatırlayırsınızmı? Rusiya prezidenti Vladimir Putini zəngləri ilə bezdirmişdi. Axırda sicilləmə məktub yazdı, hərbi kömək istədi. Rusiya prezidenti isə müharibənin Ermənistan ərazisində yox, torpaqlarını işğaldan azad etmək istəyən Azərbaycanın sərhədləri daxilində getdiyini dəfələrlə demişdi. Sadəcə Paşinyan məsuliyyəti üzərindən atmağa çalışır bu günlərdə. Erməni xalqına nümayiş etdirmək istəyir ki, o, səy göstərir, kömək istəyir, zəng edir, məktub yazır, amma eşidən yoxdur. Sonda təslimçilik müqaviləsini imzalayarkən “erməni xalqı köməksiz qaldı”, deyib özünü sığortalamağa zəmin hazırlayır.
Nikol Paşinyan anlayır ki, uduzub. Elə onun 13 nəfər qadınla Qarabağa “döyüşməyə” gəlmək istəyən arvadı Anna da anlayır reallığı. Döyüş meydanında Ermənistanın yüzlərlə hərbi texnikası, 10 mindən artıq hərbçisi məhv edilib, silah anbarları partladılıb. Bu ölkənin büdcəsi 2,8 milyard dollardır, amma o məbləğdən artığı Qarabağ döyüşlərində külə dönüb.
Sosial şəbəkələrdə ayrı-ayrı təhlilçilərin yazılarında təqribən belə fikir səslənir ki, məgər Ermənistanda bir ağıllı adam yoxdurmu Paşinyana desin təslim ol, erməniləri son nəfərinədək qırdırma Azərbaycan əsgərinə?! Düzdür, erməni xalqına təlqin olunmuş faşizm ideyaları onlara normal düşünməyə imkan vermir. Amma istisna etmirəm ki, sonradan Azərbaycanla düşmənçiliyin Ermənistan üçün fəlakətlə bitəcəyini anlayan Ter-Petrosyan kimi adamlar var və onlar təcili xilas yolu arayırlar.
Görək Paşinyan normal düşüncəli adamları eşidib dayansa, xilas olacaqmı? Təbii ki, o, ilk növbədə özünü, öz hakimiyyətini düşünür, erməni xalqını yox! Düşünür ki, savaşın dayandırılması onu xilas etməyəcək.
Təsəvvür edin, Ermənistan ordusu atəşi dayandırır və Azərbaycan ərazilərini tərk etməklə bağlı tələbi yerinə yetirir. Ordunun sağ qalan hissəsi Qarabağda qalmayacaq ki, onlar Laçın-Gorus yolu ilə Ermənistana getməli olacaqlar. Nikol üçün ən arzuolunmaz variant!
Əlində silah-sursatı, olan-qalan hərbi texnikası olan erməni ordusu birbaşa Paşinyanın iqamətgahına gedəcək, onların belini qıran baş naziri dar ağacından asmaq üçün! Buna heç kimin şübhəsi olmasın! Təkcə yanvar ayında Qarabağdakı erməni ordusunda 20-dək əsgər öldürülmüşdü, nizam-intizamsızlığın nəticəsində. Bura terrorçular yuvası idi, hüquq anlayışı işləmirdi. İndi həmin bu terrorçuların bir hissəsinin əllərində silah İrəvana yol alması kifayətdir. Paşinyan bu perspektivdən qorxur. Ona görə də istəyir ki, erməni ordusu, muzdlusu, terrorçusu son nəfərinədək Qarabağda qırılsın, məhv olsun, təki silahlar onun hakimiyyətinə qarşı çevrilməsin. Görmürsünüzmü, elə bu bir ayda neçə kadrını təzələyib, komandasını möhkəmləndirir, özünü xilası düşünür, Ermənistanı yox!
Diqqət edin, Serj Sərkisyanın səsi çıxmır, nə “həll yolu” təklif edir, nə kompromiss. Səbəbi bəllidir. Qarabağda müharibə başlayan günədək Sarkisyanı və onun komanda üzvlərini 2016-cı ilin aprel döyüşlərinə görə ora-bura sürüyürdülər, istintaq çəkirdilər. İndiki ilə müqayisə etsək, aprel döyüşlərində Ermənistan nə zərbə almışdı ki? Ondakı zərbələr “toya getməliydi”.
O zaman Ermənistanı xilas etməyə çalışanlar Azərbaycan ordusunun zəfərinin qarşısını almağa müvəffəq olmuşdular, müxtəlif təzyiqlərlə, telefon zəngləri ilə. Nəticədə Cəbrayılın Cocuq Mərcanlı kəndi, 2 min hektarlıq ərazi, Lələtəpə yüksəkliyi və digər bir neçə strateji yüksəkliklər düşməndən azad edilmişdi. Serj Sarkisyanı bu ərazilərə görə çarmıxa çəkirdi ermənilər. Nikol Paşinyan onu məhz aprel döyüşlərindəki məğlubiyyətə görə hakimiyyətdən aşıra bildi, istintaq yoluna get-gələ saldı.
İndi görün ermənilər “Təlxək Nikol”u nə günə salacaqlar? Sarkisyan 2 min kv km-lik ərazi itirmişdisə, bu günədək Paşinyanın ordusu 200-dək şəhər, qəsəbə və kənddə məğlub olub, Azərbaycan ordusu Şuşaya yetişmək üzrədir.
Aprel döyüşlərində Ermənistan 560 hərbçisinin öldürüldüyünü açıqlamışdı. Paşinyanın minlərlə əsgər və zabitinin meyiti Qarabağ çöllərindədir. Meyitləri qəbul etmir, erməni xalqı qalxıb onu devirər, deyə. Əhali informasiya blokadasına alınıb, ancaq “qələbə” nağılları sırıyırlar ermənilərə, Azərbaycan ordusu Laçın dəhlizinə çatdığı bir vaxtda. “Taktiki gediş” edirlərmiş... Aprel döyüşlərində erməni ordusunun 33 tankı, 15 topu məhv edilmişdi. Bu gün Azərbaycan ordusunun təkcə qənimət kimi götürdüyü tankların sayı 40-a çatır! Elə bilirsiniz Paşinyanı rahat buraxacaqlar bu itkilərə görə?
Ermənilər ən yaxşı halda Paşinyanın “pişiyini ağaca dırmaşdıracaqlar”. Ən pis halda...Onu bura yazmayaq, ayıbdır... İndi düşünək, Paşinyan başına haranın daşını salsın?..
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.