“Əliyev bu mübarizədə təkdir” – NATO İnstitutu

7-08-2014, 11:49   
“Qərb hələ gözləmə mövqeyindədir, ona görə də Əliyev bu mübarizədə hələlik təm-təkdir”.
Bu sözləri Axar.az-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov gözlənilən Soçi görüşünün nəticələrini şərh edərkən söyləyib. O, Soçi görüşünün kifayət qədər gərgin şəraitdə baş tutduğunu və buna görə də gərgin keçəcəyini xatırladıb:
“Soçi gorüşü son baş verən hadisələrin fonunda yaranmış bir formatdır. Bu şəraiti yaradan da məhz Rusiyadır. Rusiya cəbhədə gərginlik yaratmaqla güc nümayişi sərgiləyir və daha sonra masa arxasında sanki həlledici rol oynayaraq həmin dövlətləri özündən asılı vəziyyətə salmaq istəyir. Etiraf edək ki, buna müəyyən qədər nail də olur. Çünki Rusiya Ermənistanda yerləşdirdiyi hərbi bazalar vasitəsi ilə Cənubi Qafqazda dəyənək siyasəti yürüdür. Məhz bu fakta görə də Prezident Əliyev Soçi gorüşündən imtina etməyəcək. Lakin bu gorüşdən Azərbaycan tam fərqli bir nəticə ilə də çıxa bilər. Əgər həmin görüşdə Ermənistanla bərabər, Rusiyanın özünə yönəli mesajlar da verilərsə və prosesin arxasındakı güc birbaşa göstərilərsə, o zaman onsuz da Qərbin hədəfində olan Moskvanın üzərinə daha bir təzyiq fürsəti yaratmış olarıq. Təbii ki, son dövrlər aqressiv-hərbi siyasət yürüdən bir ölkə ilə Azərbaycanın bu cür ritorikada danışması ağır və ciddi bir mesaj olardı. Bu baxımdan deyirəm ki, Soçi görüşü asan olmayacaq.
Hesab edirəm ki, bütün bu oyunlar Azərbaycanı Avrasiya İttifaqına dəvət etmək üçündür və Soçi görüşündə də bu təklif israrla səslənəcək. Azərbaycan isə Qarabağda vuruşanın Ermənistan deyil, Rusiya olduğunu bilir və buna görə də imtinanın nəticələrini də hesablayır. Görürsünüzmü, asan görüş deyil”.
F.Məmmədov Qərbin indiki situasiyada hələ izləyici mövqedə qaldığını söyləyib:
“Əliyev bu mübarizədə təm-təkdir. Çünki Qərb və Avropa hələ ki, izləyici mövqeyindədir. Bu, ondan ibarətdir ki, Azərbaycan tərəfi konkret olaraq hər hansı tələblərlə onlara müraciət etməyib. Lakin istər NATO, istərsə də Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bu o deməkdir ki, Rusiya təhlükəsindən o qədər də çəkinmək lazım deyil.
Rusiya təbii ki, bundan məmnun olmayacaq. Həm cəbhədə, həm də ölkə daxilində yerləşdirdiyi qruplarla bu və ya digər formada təsir göstərməyə çalışacaq. Rusiyanın Azərbaycan hakimiyyətində yuxarı postlarda öz şəxsləri mövcuddur. Mən bunu keçən dəfə də qeyd etdim. Məncə, ən önəmli məsələlərdən biri də cəbhədəki təmizliklə yanaşı, ölkə daxilində də təmizliyin aparılmasıdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.