Soçidən öncə Ağdama!- Əsas mesaj

7-08-2014, 13:20   
Soçidən öncə Ağdama!Prezidentin cəbhə bölgəsinə səfərinin pərdə arxası; Azərbaycan ictimai rəyinin müharibəyə kökləndiyi bir zamanda dövlət başçısının hərbi geyimdə ön xəttə getməsi savaşın anonsu ola bilər; dövlət başçısı Ağdamda hərbiçilər qarşısında işğalın uzun müddət davam etməyəcəyini dedi; onun illərlə apardığı döyüş ritorikası...
Prezident İlham Əliyev avqustun 6-da son günlər cəbhənin ən qaynar nöqtələrindən olan, qızğın döyüşlərin getdiyi Ağdama səfər edib. İ. Əliyev səhər saatlarında Ağdam rayonunun müvəqqəti inzibati mərkəzi olan Quzanlı qəsəbəsində yerli sakinlərlə görüşüb. Prezident Ağdam ərazisində hərbi uniformada olub.
Daha sonra prezident ön xəttə də gedib, cəbhədəki vəziyyətlə tanış olub, hərbçilərlə görüşüb. APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İ. Əliyevə raport verib. Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlət başçısını məlumatlandırıb. Sonra prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib.
Hərbçilər qarşısında çıxış edən prezident ermənilərin son günlər həyata keçirdikləri intensiv hücumların qarşısının alınmasında Azərbaycan əsgərinin şücaət göstərdiyini, düşmənə layiqli cavab verdiyini vurğulayıb, torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını bəyan edib.
Daha sonra İ.Əliyevin iştirakı ilə operativ hərbi müşavirə keçirilib. Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.
Qeyd edək ki, ermənilərin Azərbaycan ordusunun mövqelərinə hücumu ilə başlayan gərginlik davam edir. Azərbaycan cəmiyyətində elan olunmamış səfərbərlik əhval-ruhiyyəsi yaranıb. Ölkə ictimaiyyəti dövlət rəhbərliyinə işğal olunmuş torpaqların geri qaytarılması istiqamətində addımlar atmasına çağırışlar edir. Bir sıra ekspertlərə görə, prezidentin döyüş əməliyyatlarının baş verdiyi Ağdama getməsi ictimai rəydə savaş ovqatının daha da yüksəlməsinə xidmət edir. İ. Əliyevin döyüş bölgəsində etdiyi çıxışı zamanı işğal şəraitinin uzun zaman davam etməyəcəyi ilə bağlı açıqlaması və hərbçilərlə keçirdiyi operativ müşavirə həm də Ermənistan rəhbərliyinə mesaj kimi dəyərləndirilir. Ancaq hər şey dövlət rəhbərliyinin bundan sonra atacağı addımlardan asılı olacaq. Hələliksə ölkə rəhbərliyi ictimai rəyin Azərbaycan-Ermənistan cəbhəsindəki vəziyyətə həddən artıq həssas reaksiyasını nəzərə alaraq savaş tələb edən Azərbaycan xalqına ön nöqtədən mesaj verməyə çalışdı. Bu mesajın arxasında hansı addımların olacağı isə yaxın zamanlarda bəlli olacaq.
kspertlər hesab edirlər ki, prezidentin birbaşa son günlər ağır döyüşlərin getdiyi bölgəyə getməsi və səngərə girərək operativ hərbi müşavirə keçirməsi hərbçilərimizə ruh verəcək. Bu isə olası növbəti hərbi əməliyyatlar zamanı Azərbaycanın üstün mövqe qazanmasına, ordumuzun ortaya daha yüksək səviyyəli döyüş qabiliyyəti qoymasına səbəb olacaq.
Xüsusi qeyd olunmalıdır ki, böyük itkilərə baxmayaraq, Silahlı Qüvvələrə və hakimiyyətə cəmiyyətdə tam dəstək ifadəsi də mövcuddur. Bu cür unikal vəziyyət həm də iqtidarın, prezidentin üzərinə müəyyən vəzifələr qoyur. Əminliklə demək olar ki, xalqın Qarabağ müharibəsinə münasibəti cəbhədəki son hadisələrə qədərki və ondan sonrakı dövrə bölünüb. Keyfiyyətcə yeni ovqat yaranıb. Bu ovqatın yaranmasında son illər prezident İlham Əliyevin özünün aparıcısı olduğu döyüş ritorikasının rolu həlledicidir. Torpaqların işğaldan mütləq azad ediləcəyi barədə bəyanatlara geniş kütlələrin inanması dərəcəsi elə bir həddə çatıb ki, burdan geriyə qayıtmaq artıq mümkün görünmür. Bu yeni ruh, ovqat proseslərdə müstəqil faktora çevrilib.
Hətta son günlər cəmiyyətin cəbhədəki olaylara münasibəti açıq - aydın iqtidar dairələrindəki bəzi çevrələri də şaşırtmış kimi görünür. Təhlilçilər iddia edir ki, komandada yeni nəsil hərbçi zabit heyətinin ton verdiyi əhval - ruhiyyə ilə status- kvonun pozulmasının siyasi fəsadlarından ehtiyatlanan mötədillər arasında yanaşma fərqləri hiss olunur; proseslərin taleyini isə bu yanaşmaların hansının prezidentə daha inandırıcı görünməsi müəyyən edəcək. Faktiki olaraq, hansı yol seçiləcəyi bütünlüklə İlham Əliyevdən asılı hala gəlib. Prezidentin Ağdam səfərinin mahiyyəti də son götür - qoy və qərarqabağı yerində baxış kimi dəyərləndirilə bilər. Bu həm də prezidentin Soçiyə hansı qərarla gedəcəyi baxımından əhəmiyyətli olacaqdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.