Ermənistanda hakim “Mənim addımım” parlament fraksiyası baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətə təklif edib ki, Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsinə birgə qarşı çıxsınlar.
Paşinyanın tərəfdarları öz bəyanatlarında qeyd ediblər ki, hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın hüquqiliyini müzakirə etmək üçün müxalifət Rusiyanın vasitəçiliyindən imtina edilməsinə və müharibənin davam etdirilməsinə hazır olduğunu bəyan etməlidir. Habelə müxalifət partiyaları “bərpa edilən müharibədə qələbənin əldə edilməsinin yol xəritəsini” də təqdim etməlidir.
Xatırladaq ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşma Dağlıq Qarabağa 2 min nəfərə yaxın Rusiya sülhməramlı desantının, yüzlərlə hərbi texnikanın yerləşdirilməsini də nəzərdə tutur. Rusiya qüvvələri elə həmin gecə sürətlə münaqişə bölgəsinə yeridilib. Yerevanda isə bu razılaşmaya etiraz olaraq müxalifətin aksiyaları başlayıb.