Hərbi və mənəvi qələbəmizin siyasi qələbəyə çevrilməsi prosesini müşahidə etməkdəyik. Bu prosesin Qarabağ uğrunda canından keçmiş şəhidlərimizə, sağlamlığını itirmiş qazilərimizə yaraşan və dövlətimizin, xalqımızın maraqlarına uyğun şəkildə tamamlanması üçün isə hələ çox işlər görülməlidir.Əlbəttə ki, bu qələbə tariximizin ən parlaq, ən möhtəşəm səhifələrindən biridir və onun üzərinə kölgə salmaq cəhdləri qətiyyən milli maraqlarımıza uyğun deyil. Lakin sonda əldə olunan razılaşma ilə bağlı çoxsaylı suallar da mövcuddur və yəqin ki, yaxın zamanda bu suallara aydınlıq gətirildikdən sonra real mənzərə daha aydın və şəffaf olacaq.
Təbii ki, cəmiyyət olaraq, Azərbaycan tərəfini qane etməyən əsas məqam Rusiyanın prosesə birbaşa müdaxiləsi və qoşunlarının sülhməramlı statusunda bölgəyə daxil olmasıdır. Çünki təəssüf ki, tariximizdə Rusiya ordusunun məmləkətimizə gəlişinin qoyduğu ağır izlərin sayı kifayət qədər çoxdur və işğalçı Ermənistanın əsas havadarının kim olduğu da heç birimizə sirr deyil.
Ona görə də Rusiyanın timsalında bu sülhməramlı adlı missiyanın Azərbaycan üçün uzunmüddətli başağrısı olduğunu deyənlərlə razılaşmamaq olmur. Lakin bu, dünyanın sonu deyil və nəzərə almaq lazımdır ki, Rusiyanın özünü qarşıda nələrin gözlədiyini proqnozlaşdırmaq kifayət qədər çətindir.
Əvvala, Rusuyanın sülhməramlı missiya ilə gələn qoşunları bölgədə istədikləri kimi hərəkət edə bilməyəcəklər. Qardaş Türkiyənin hərbi kontingenti də Qarabağda olacaq. Türkiyənin Müdafiə naziri Hulusi Akarım sözləri ilə desək, Qarabağda hər hansı bir “oldu-bitdi”yə imkan verilməyəcək. Putinə "qırmızı xətini" açıq bəyan edən Prezident Ədoğan da Qarabağ zəfərinin əldə edilməsində Azərbaycana verdikləri siyasi, diplomatik və mənəvi dəstəyi tam şəkildə davam etdirəcəklərini bildiib.
İkincisi, ə
n azından tezliklə kəskin Qərb-Rusiya qarşıdurmasının bərpa olunacağı ehtimalı olduqca yüksəkdir və bunu şərtləndirən ABŞ-dakı prezident seçkiləri nəticəsində Co Baydenin hakimiyyətə gəlməsi də daxil olmaqla, bir çox səbəblər var. Dünya böyükdür, Rusiyanın kəskin mübarizə aparmalı olduğu regionların sayı isə heç də az deyil və bu baxımdan müəyyən dövrdən sonra Azərbaycan üçün bundan da əlverişli beynəlxalq mühitin yaranacağı ehtimalını istisna etmək olmaz. Deməli, Azərbaycan dövlət, cəmiyyət, iqtisadiyyat, nəhayət, ordu olaraq həmin ana hazır olmalıdır...
Bütün bunlarla yanaşı, ölkəmiz üçün artıq sual doğurmayan və gözlə görünən möhtəşəm nəticələr var və hələ ki, həmin nəticələrdən yola çıxaraq, indidən sonra nə edəcəyimiz barədə düşünməkdə böyük fayda var.Ali Baş Komandandan tutmuş səngərdəki sıravi əsgərimizə qədər Şanlı Ordumuz öz görəvinin öhdəsindən ləyaqətlə gəldi və bütün dünyaya Azərbaycanın qəhrəman, döyüşkən və qətiyyətli dövlət, xalq olduğunu göstərdi. İndi artıq dövlətin və cəmiyyətin növbəsidir.Məğlub Ermənistanın hələ taleyi rəhbərlik etdiyi ölkə kimi qaranlıq olan baş naziri Paşinyan Qarabağdan qaçan ermənilərə müraciət edərək, onları tezliklə geriyə, evlərinə qayıtmağa çağırıb.
Bu, təsadüfi çağırış deyil. Çünki Ermənistanda Qarabağdan qaçanların geri qayıtmaq istəmədiyi, böyük əksəriyyətinin Rusiyaya və Avropa ölkələrinə köçmək fikrində olduğunu bilməyən yoxdur. Çünki onsuz da kasıb, miskin vəziyyətdə yaşadıqları rayonların, kəndlərin əksəriyyəti müharibə nəticəsində böyük dağıntılara məruz qalıb. Orada nə zaman normal infrastrukturun, iqtisadiyyatın, iş yerlərinin bərpa olunacağını bilən yoxdur. Yeri gəlmişkən, həmin ərazidəki idarəetmənin detalları hələ bəlli olmadığından infrastrukturun və tikililərin kim tərəfindən, necə və nə vaxt bərpa olunacağı da bəlli deyil. Həmçinin, razılaşmada nəzərdə tutulan bəndlərin birində qaçqınların geri qaytarılması nəzərdə tutulur və rus sülhməramlılarının qoruyacağı sözügedən ərazilərə azərbaycanlıların qaytarılması mexanizmi barədə də hələ ki, heç nə məlum deyil.
Ancaq əvəzində, artıq bizim tam nəzarətimizdə olan doğma torpaqlarımız var ki, 30 ildir həmin torpaqların həsrətində olan əhalimiz oraya qayıtmağa hazırdır. Deməli, ermənilərdən fərqli olaraq, bölgəyə qat-qat daha çox sayda vətəndaşımızı yerləşdirmək, infrastruktur, iş və yaşayış yerlərinin, yeni sənaye, kənd təsərrüfatı müəssisələrinin yaradılmasını təşkil etmək, yerli və xarici iş adamlarının regiona cəlb olunması üçün əlverişli şərtlər, kreditlər və s. təmin etmək gərəkdir.
Həmçinin, ordu quruculuğu, itkilərimizin bərpası, ordumuzun modernləşdirilməsinin davam etdirilməsi və hərbi potensialımızın daha da gücləndirilməsi ən ümdə vəzifə olmalıdır. Buna paralel olaraq, diplomatiyamız daha da aktiv olmalıdır, cəmiyyət olaraq isə dünya ictimaiyyətilə daha sıx, effektiv şəkildə işləməliyik.Unutmayaq ki, nə qədər modern, tolerant, dünyəvi cəmiyyət olsaq da, müsəlman ölkəsi sayılırıq və Qərbin bizə baxışı, münasibəti də bu amil üzərində köklənib. Ona görə də dünyaya həqiqətlərimizi çatdırmaq üçün ermənilərdən qat-qat daha çox çaba göstərmək məcburiyyətindəyik.
Yaddan çıxarmayaq ki, bugünkü qələbəmizin əsas memarı Ordumuzdur və o, indidən sonra da başımızın tacı olmalıdır. Bizdən fərqli olaraq, Ermənistanın itirdiyi 3 milyard dollara yaxın dəyəri olan hərbi texnika və avadanlığı bərpa etmək, itkilərin yerini doldurmaq imkanları sıfra bərabərdir.Çünki işğalçı ölkə sözün əsl mənasında məhv olmuş ordunu yenidən yaratmalıdır ki, bunun üçün də onun nə iqtisadiyyatı, nə də gücü var. Əvəzində 8 milyard dollara yaxın xarici borcu var, xəzinəsi isə demək olar ki, bom-boşdur.
Bəs, bu ordunu kim yaradacaq, onu silah-sursatla kim təmin edəcək? Rusiyamı? Rusiyanın müftə “yemləyərək” 30 ilə yaratdığı Ermənistan ordusunu Azərbaycanın şanlı Silahlı Qüvvələri cəmi 44 günə yer üzündən sildi. İndi yenidən hətta belə bir sınıq-salxaq ordu yaratmaq üçün uzun illər və milyardlar lazımdır. Kim verəcək ermənilərə o milyardları və silahları?
Təkcə qondarma rejimin başçısının etiraf etdiyi kimi, Hadrutda 1500 erməni əsgərinin 20 Azərbaycan əsgərinin qarşısından qaçması faktı Rusiyanın bu orduya “maya qoymasının” nə dərəcədə mənasız olduğunun bariz göstəricisidir.Ancaq bütün bunlar bizi qətiyyən arxayınlaşdırmamalıdır. Demək istədiyimiz odur ki, Azərbaycanın dövlət, cəmiyyət olaraq bundan sonrakı işi və məsuliyyəti əvvəlkilə müqayisədə heç də az və asan olmayacaq. Hələ müharibənin başlandığı ilk günlərdən ortaya qoyulan qətiyyət və fədakarlıq bundan sonra daha da artırılmalıdır. Çünki işğaldan azad olunan torpaqlarımızın canlandırılması, mümkün qədər qısa müddətdə ölkəmizin ən inkişaf etmiş regionlarına çevrilməsi vacib şərtdir.
Bunun üçün Ordumuzun qanı, canı bahasına sahib çıxdığı torpaqlarımıza dövlət, cəmiyyət olaraq da sahib çıxmalıyıq. Unutmayaq ki, artıq Ermənistan gedib, “böyüyü” gəlib... Cəlal Məmmədov“AzPolitika.info”