Azərbaycan prezidenti, Ali baş komandan İlham Əliyev Ağdama səfəri zamanı orduya torpaqlarımızı azad etmək haqqında əmr verdiyini bildirdi
"Bu gün Azərbaycan vətəndaşlarının, xüsusilə cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların təhlükəsizliyi tam şəkildə təmin edilir və əlbəttə ki, bizim ordumuz istənilən vəzifəni icra etməyə qadirdir. Bu gün hərbçilərlə müşavirə keçirildi. Müvafiq tapşırıqlar verilmişdir ki, tezliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.
Bizim ərazi bütövlüyümüz bərpa olunacaq. Bunu deməyə əsas verən bir neçə amil var. Bütün bunlar ictimaiyyət üçün də bəllidir. Azərbaycan güclənir, möhkəmlənir. Dağlıq Qarabağ, işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, yaradıb və yaşayacaqdır. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və heç vaxt qondarma "Dağlıq Qarabağ" müstəqil qurum kimi tanınmayacaq. Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, öz ərazisində ikinci qondarma erməni dövləti yaransın. Birinci erməni dövləti Azərbaycanın tarixi torpaqlarında yaradılıbdır. O vaxt 1918-ci ildə Azərbaycan hakimiyyəti böyük güzəşt etmişdir. Ancaq düşmən bunun qədrini bilməmişdir və bizə qarşı ərazi iddiaları davam etmişdir.
Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan xaos, böhran, anarxiya bu vəziyyətə gətirib çıxarıb. Torpaqlarımızın bir hissəsi işğal altına düşmüşdür. Ancaq, eyni zamanda, Füzuli istiqamətində bir neçə kəndi geri qaytara bilmişik və indi orada həyat canlanır, quruculuq-abadlıq işləri aparılır. Yəni biz hazırda işğal altında olan torpaqlara qayıdandan sonra da bütün şəhərlərimizi, kəndlərimizi bərpa edəcəyik".
"Gələcək perspektivlərimiz də çox müsbətdir. Biz ancaq inkişaf yolu ilə gedəcəyik. Baxmayaraq ki, dünyanın müxtəlif yerlərində indi böhran yaşanır: iqtisadi, ya hərbi və siyasi böhran. Azərbaycan sabitlik məkanıdır, sabitlik adasıdır. Biz hazırda işğal altında olan torpaqlara qayıdandan sonra bütün şəhərlərimizi, o cümlədən Ağdam şəhərini bərpa edəcəyik. İndi şəhər erməni vəhşiləri tərəfindən tamamilə dağıdılıb və yerlə bir edilib. Bizim tarixi abidələrimiz, məscidlərimiz, əcdadlarımızın qəbirləri erməni faşistləri tərəfindən dağıdılıbdır. Biz, Ağdamı da, bütün başqa rayonları da bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq. Azərbaycan xalqı - həm yaşlı nəsil, eyni zamanda, gənclər bu arzularla yaşayır. Son hadisələr bir də onu göstərdi ki, cəmiyyətdə vətənpərvərlik ruhu çox yüksəkdir. Yüzlərlə müraciətlər olunur, cəbhə bölgəsinə Azərbaycanın digər bölgələrindən gənclər təşrif buyurur, öz arzularını ifadə edirlər. Onlar könüllülər kimi ərazi bütövlüyümüzün bərpasında iştirak etmək istəyirlər. Hesab edirəm ki, hələ buna ehtiyac yoxdur. Azərbaycan ordusu bu bölgədə ən güclü ordudur. Həm döyüş qabiliyyəti, həm də peşəkarlıq, hərbi-texniki təchizat ən yüksək səviyyədədir. Sadəcə olaraq hələ ki, danışıqlar prosesi davam edir. Müəyyən ümidlər var. Baxmayaraq ki, ağdamlılar da bütün ölkə vətəndaşları kimi vasitəçilərin fəaliyyətindən narazıdırlar. Biz də narazıyıq. Çünki vasitəçilərin əsas missiyası münaqişənin həllidir. Vasitəçilərin missiyası məsələnin dondurulması və yaxud da etimad tədbirlərinin gücləndirilməsi deyil. Onların içində ən böyük etimad tədbiri işğalçı qüvvələrin torpaqlarımızdan çıxması ola bilər. Hər halda, bu gün Azərbaycan ordusu öz gücünü göstərərək, danışıqlar prosesinə də müsbət təsir edir. Çünki düşmən açıq-aydın görür ki, bizim qabağımızda dura bilməyəcək. Əgər Azərbaycan ordusu hərəkətə keçərsə, düşmənin vəziyyəti çox ağır ola bilər. Bunu biz də bilirik, düşmən və vasitəçilər də bilir. Ona görə hesab edirəm ki, son günlər ərzində yaşanan hadisələr beynəlxalq vasitəçiləri də hərəkətə gətirəcək. İşğalçı dövlətə açıq-aydın siqnal verilməlidir ki, artıq bu işğala son qoyulmalıdır".