Vaksin kütləvi immunitet yaradacaqmı

18-11-2020, 16:40   

Hesablayırlar ki, əhalinin üçdə ikisi peyvənd olunarsa, pandemiyanın yayılması dayanar, bütöv icmaları, ölkələri xilas etmək mümkün olar
COVID-19 vaksininin “kütləvi immunitet” yaradacağına bir sıra hökumət və dövlət rəsmiləri ümid bəsləyir. Hesablayırlar ki, əhalinin üçdə ikisi peyvənd olunarsa, pandemiyanın yayılması dayanar, bütöv icmaları, ölkələri xilas etmək mümkün olar.
“Reuters” agentliyi bəzi ekspertlərin bu gözləntilərə şübhəylə yanaşdığını yazır.
Suallar
Əvvəla, vaksinlə kütləvi immunitetə nail olmaq məsələsində bir sıra naməlum faktorlar var. Məsələn, COVID-19 yaradan virusun yayılma səviyyəsi nədir? İlk tətbiq olunacaq vaksinlər virusun yayılmasını dayandıra biləcək, yoxsa sadəcə adamların xəstələnməsini önləyəcək? Əhalinin neçə faizi peyvənd olunacaq? Vaksin hamını eyni dərəcədəmi qoruyacaq?

“Kütləvi immuniteti yanlış olaraq bəzən fərdi qoruma kimi anlayırlar... Kütləvi immunitet fərdin deyil, icmanın qorunması deməkdir”, – Stokholmdakı Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzindən (ing-cə qısa adı ECDC-dir) Cozep Cansa söyləyir.
ECDC öz modellərində kütləvi immunitet üçün başlanğıc göstəricinin 67 faiz olduğunu bildirir. Almaniyanın Kansleri Angela Merkel isə bu ay deyib ki, əhalinin 60-70 faizində immunitet yaranacağı halda COVID-19 qadağaları qaldırıla bilər.
Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri də kütləvi immunitetə nail olmaqdan ötrü əhalinin 60-70 faizinin peyvəndlənməsini vacib sayırlar.
“Kütləvi immunitetin məğzi zəifləri qorumaqdır. Belə deyək, əhalinin 98 faizi peyvəndlənirsə, icmada virusun sayı o qədər azalır ki, qalan 2 faiz də qorunmuş olur”, – Edinburq Universitetindən immunologiya və yoluxucu xəstəliklər üzrə professor Eleanor Riley deyir.
İctimai səhiyyə hesablamalarının mərkəzində virusun reproduksiya göstəricisi, R dəyəri dayanır. Yəni, yoluxmuş şəxs “normal” halda, qadağalarsız şəraitdə virusu neçə nəfərə ötürür.
“Problem ondadır ki, virusun ehtiyat tədbiri görmədən, normal səyahət və sosial fəaliyyət zamanı hansı sürətlə yayıldığını dəqiq bilmirik”, – Vyana Tibb Universitetinin immunologiya professoru Uinfred Pikl belə deyir.
Cons Hopkins Səhiyyə Təhlükəsizliyi Mərkəzindən Ameş Adalcanın sözlərinə görə, Birləşmiş Ştatlarda immunitet üçün yaxşı hədəf əhalinin 70 faizindən çoxunun peyvənd olunmasıdr. Amma onu da əlavə edir ki, vaksinlərin effekti böyük olmazsa, bu göstərici də yüksələ bilər.
Ötən həftə iki şirkət hazırladıqları vaksinlərin səmərəsinin 90 faizdən yuxarı olduğunu açıqlayıblar.
Dünyada yeni koronavirusa 55 milyon 700 mindən yoluxma və 1 milyon 300 mindən çox ölüm halı təsdiqlənib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.