Son günlər erməni mediası və sosial şəbəkələrində parlamentin spikeri Ararat Mirzoyanın təbliğatının xüsusi artdığı müşahidə edilir.Axar.az xəbər verir ki, Ermənistanın hətta qatı müxalif mediasında, o cümlədən bu ölkədə yayılan tirajlı rus KİV-lərində Mirzoyanla bağlı “ən sirli xəbərlərin” onun imicini yüksəltməyə xidmət etdiyi görünür.
A.Mirzoyan özü də bu kampaniyaya töhfələrini verməkdədir və həssas təbəqənin istədiyini ona deməyə çalışır.
Məsələn, Mirzoyan ötən gün Fransa Senatına məktub yazaraq, Qarabağla bağlı tövsiyə xarakterli qətnaməyə görə təşəkkürünü bildirdi, eyni zamanda üçlü Bəyanatın mahiyyətinə zidd açıqlama verdi. O qeyd etdi ki, Qarabağa uzunmüddətli sülh “yalnız “dqr”in tanınması və erməni kəndlərinin geri qaytarılması ilə” gələ bilər.
Halbuki üçlü Bəyanat Azərbaycanın ərazi bütövlüyünün birmənalı tanınması, Ermənistanın hərbi kapitulyasiyasıdır. Bu Bəyanatdan sonra Paşinyanın ən yaxın silahdaşının keçmiş və qondarma “dqr”in “tanınması” nağılını dilinə alması N.Paşinyana, Rusiyaya və Ermənistan hökumətinin imzaladığı sazişə qarşı çıxmaqdır.
Bu gün isə erməni mediası guya sözügedən Bəyanatın imzalanmasına qarşı Ararat Mirzoyanın sonadək mübarizə apardığını iddiasını dövriyyəyə buraxıb. “Qraparak”ın yazdığına görə, Paşinyan sənədi imzalayacağı ilə bağlı xarici işlər naziri Zöhrab Mnatsakanyanı, müdafiə naziri David Tonoyanı, Baş Qərargah rəisi Onik Qasparyanı, Baş nazirin müavini Tiqran Avinyanı, eləcə də separatçıların lideri Araik Arutyunyanı və Ararat Mirzoyanı xəbərdar edib. Bu bəyanatın imzalanmasına qarşı guya yalnız Ararat Mirzoyan qarşı çıxıb. O, həmçinin xalqın buna görə onları bağışlamayacağını söyləyib.
Qeyd edək ki, Bəyanatın imzalanmasından sonra narazı kütlənin döyüb, al-qan içində küçədə buraxdığı şəxs də Ararat Mirzoyan idi. Nədənsə Mirzoyan həmin vaxtı bu razılaşmaya qarşı olduğunu dilə gətirməyi və etirazçılara qoşulmağı “unutmuşdu”.
Daha bir maraqlı məqam isə hakimiyyət daxilində Bəyanata görə parçalanma təəssüratının yaradılması istəyidir. Putin Bəyanatdan imtinanı İrəvan üçün özünəqəsd adlandırmışdı. Ararat Mirzoyan “müxalifətçiliyini” formalaşdırmaqla həm Bəyanatın icrasını uzatmaq və Qərblə bu müstəvidə müzakirələri genişləndirib, daha uyğun diplomatik üstünlük əldə etmək (Məsələn, Fransa Senatının qətnaməsi kimi), həm də mümkün istefa məcburiyyəti qarşısında hökuməti Mirzoyana ötürmək ehtimalı mümkündür.
Mirzoyanın Paşinyanı əvəz edəcək kadr ola bilməsi ehtimalını Rusiyanın nəzərdən keçirdiyi də iddia edilir. Ona görə hələlik bu kampaniyaya sərt reaksiya göstərilmir.