Ermənistana qarşı təzminat davasının açılacağı, nəinki indi - 27 sentyabrda Vətən müharibəsi başlanandan sonra - illər əvvəl də gündəmdə olub.İndi dövlət səviyyəsində Ermənistana qarşı təzminat iddiasının qaldırılması, təzminatın məbləğinin hansı formada hesablanacağı və digər məsələlərlə bağlı müzakirələr aparılır.
Qeyd edək ki, iqtisadçı millət vəkili Vüqar Bayramov bildirib ki, həmin ərazilərin böyük iqtisadi potensialını nəzərə aldıqda Ümumi Daxili Məhsula dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var.
Bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var.
Onun sözlərinə görə, ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi daha dəqiq məbləğin hesablanmasına imkan yaradacaq.
Bəs 27 ildir ki, öz əmlaklarında yaşamaq hüququndan məhrum olanlar, indi isə öz evlərini dağılmış halda görən vətəndaşlarımız fərdi qaydada Ermənistana qarşı iddia qaldıra və təzminat tələb edə bilərlərmi? Avropa Məhkəməsinə və ya hansısa digər beynəlxalq hüquq məhkəməsinə ölkəmizdən kütləvi müraciətlər göndəriləcəkmi?Hüquqşünas Əsabəli Mustafayev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki ki, təzminatla bağlı müraciətləri konkret olaraq o şəxslər edə bilər ki, onların hüquqlarına və əmlaklarına toxunulub:
“Hər bir şəxs özü müraciət etməlidir - bu istər fiziki şəxs olsun, istərsə də hüquqi. Hər hansı əmlak dövlət mülkiyyətindədirsə, o zaman dövlət nümayəndəsi bu müraciəti edə bilər. Vətəndaşlar vəkillər, nümayəndələr vasitəsilə müraciət edə bilərlər. Dövlət Gəncədə evi dağılan və ya ailəsində fəlakət baş verən zərərçəkmişin yerinə müraciət edə bilməyəcək. Sadəcə dövlət bunun təşkilatçılığını apara, vəkil qrupu yarada bilər. Yəqin ki, indi həmin insanların vəkil tutmaq, sənədlər hazırlamaq üçün imkanları da yoxdur. Vəkillər də bir-ikisini ödənişsiz hazırlaya bilər. Ən əsası isə dəymiş zərərin qiymətləndirilməsi aparılmalıdır. Bu sahədə çalışanların rəyləri lazımdır”.Vəkil deyir ki, 2009-2010-cu illərdə beynəlxalq məhkəməyə 25 müraciət göndərilib:
“Onların bir hissəsi Ermənistan ərazisindən köçüb gələn, orada mülkiyyətləri qalanlar idi. Digər bir hissəsi işğal altında olan Qubadlı, Füzuli, Ağdam rayonlarından idi. Şikayətçilərin sayı azdır, Ağdamın, Füzulinin görkəmindən bəlli olur ki, belə şikayətlərin sayı yüzlərlə olmalıdır. Vəkil, hüquqşünaslar kütləvi şəkildə bu işlə məşğul olmalıdırlar. O zaman biz mülkiyyət hüququnun təsdiqlənməsi üçün əziyyət çəkirdik. Çünki Sovet dövründə evlərin çıxarışı (kupçası) yox idi, qeydiyyat vərəqələri olsa da, vətəndaşlar tələsik çıxdıqlarına görə, heç bir sənədi götürməmişdilər. Biz həmin kəndlərdə yaşayan sakinləri dəvət edərək, onların şahidliyi ilə evlərlə bağlı məlumatlar hazırlamışdıq. İndi minalardan təmizlənmə başa çatanda çalışacağıq ki, həmin evlərin mövcudluğunu sübut etmək məqsədilə onların şəkillərini çəkdirməyə çalışacağıq”.Əsabəli Mustafayev deyir ki, indi daha intensiv iş aparmaq üçün imkan yaranıb:
“Əminəm ki, biz yaxşı şikayətlər təqdim edə, onları əsaslandıra bilsək, o milyardları Ermənistandan ala biləcəyik. Ermənistan artıq etiraf edib ki, müharibə aparan tərəfdir, Qarabağda onun ordusu olub və döyüşüb. Çalışmaq lazımdır ki, o ərazilərdə yaşamış və əmlakı olan hər bir kəs müraciət etsin”.Daha əvvəl göndərilən 25 müraciətin arasında iddiası təmin olunan varmı? Vəkil deyir ki, həmin müraciətlər Avropa məhkəməsində araşdırma mərhələsindədir:
“Keçən il bizdən əlavə sənədlər istədilər, biz onları göndərdik. İndi həmin ərazilər işğaldan azad olunduğuna görə, yəqin ki, yenə də sənədlər istəyəcəklər. Əvvəllər tələb fərqli formada qoyulurdu - yəni əmlak sahibi öz əmlakından istifadə edə bilmir. İndi isə tələbi dəyişəcəyik - əmlakın dağıdılması, mövcud olmaması ilə bağlı məsələ qaldıracağıq ki, bu da daha ciddi tələbdir”.Xatirə Nəsirova
Cebhe.info