Azərbaycanda ikinci KOVİD-19 dalğası yox, pandemiyanın davamı var

7-12-2020, 09:20   


Son vaxtlar dünyada, eləcə də Azərbaycanda koronavirus xəstələrinin sayının sürətlə artması müşahidə olunur. Gündəlik statistikalar virusun geniş yayılmasından xəbər verir. Məsələn, xəstəlik başladığı dövlərdə Azərbaycanda 150 insanın yoluxması faktı daha çox narahatlıq yaradırdı, dərhal hansısa tədbirlər görülürdü və sərt karantin rejimi tətbiq olunurdu. İndi isə gündəlik yoluxma sayı 4 mini keçib. Amma demək olar ki, hansısa ciddi addımlar atılmır. Bəs xəstəliyin geniş yayılmasının səbəbi nədir? Yoluxma sayının artmasına xəstəliyin ikinci dalğası demək olarmı? Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı ASTNA-nın suallarına cavab verib.
***
-Aydın doktor, COVİD-19 virusunun son vaxtlar dünyada və Azərbaycanda daha geniş yayılmasının səbəbi nədir?
-Həqiqətən də son vaxtlar dünyada bu virusa yoluxma ilə bağlı antirekordlar müşahidə olunur. Ötən hər gün ərzində ayrı-ayrı aylardakından daha çox yoluxma hallarının artmasını müşahidə edirik. Yoluxma sayının artması birmənalı surətdə dünyada və Azərbaycanda insanların maskanı düzgün geyinməməsi, bəzən, ümumiyyətlə, istifadə etməməsi, ara məsafəsi saxlamaması və gigiyena qaydalarına əməl etməməsi ilə əlaqədardır. Əgər koronavirus ilk yayılmağa başlayanda dünyada və Azərbaycanda hamı bu qaydalara əməl etmiş olsaydı, bu qədər yoluxma olmayacaqdı. Digər tərəfdən isə indi payız mövsümü olduğundan respirator xəstəlik törədən virusların aktivləşməsi müşahidə olunur. Yoluxma hallarının artmasının mövsümlə də əlaqəsi var. Çünki yay aylarında günəş çox olduğu üçün və günəş şüalarının tərkibində olan ultrabənövşəyi şüalar koronavirus və digər virus və bakteriyaları öldürə biləcək qabiliyyətə malik olduğundan həmin aylarda yoluxma sayının az olmasına müəyyən qədər təsir edirdi.
-Hələ bu xəstəlik başlayanda belə fikirlər vardı ki, ikinci dalğa olacaq. İndi demək olarmı ki, ikinci dalğa artıq başlayıb?
-Bu, ikinci dalğa deyil, Azərbaycanda birinci dalğanın davamıdır. İkinci dalğa o vaxt deyə bilərdik ki, karantin rejimlərində heç bir dəyişiklik ollmazdı. Yəni, karantin rejimi dəyişməz olsaydı və xəstəliyə yoluxanların sayı azalıb, sonradan artsaydı, buna ikinci dalğa demək olardı. Amma yaydakı azalmanın əsas səbəbi sərt karantin rejimləri oldu. Amma sərt karantin rejimlərindən yumşaq karantin rejimlərinə keçid yenidən yoluxmanın sayını artırdı. Bu artım karantin rejimindəki dəyişikliklərlə əlaqədardır. Digər tərəfdən isə dalğaların rəqəmlərlə ifadə olunması əslində şərti anlayışdır. Çox güman ki, bu xəstəliyin  ikinci dalğası olmayacaq. Vaksinlər haqqında artıq xoş xəbərlər gəlir. Artıq dəqiq təsbit olunmuş bir neçə peyvənd dəqiq nəticə göstərib. Ümid edək ki, önümüzdəki 2-3 ay ərzində bu xəstəliklə vidalaşacağıq.
-Artıq hamı vəziyyətə öyrəşib. Xəstəlik başlayanda daha çox panika vardı. İndi isə xəstəlik artır, eyni zamanda həyat da davam edir. Yəni, getdikcə xəstəlik adiləşir. Bu, belə olmalı idimi? Niyə qarşısını almaq üçün hansısa işlər görülmür? Niyə  etibarlı vaksin tapılmır?
-Mən fərqli düşünürəm. Əksinə, mən deyərdim ki, indi insanlarda daha çox panika var, nəinki xəstəliyin yeni yayıldığı dövrdə. Çünki indi ağırlaşan xəstələrin sayı çoxdur, ölüm hallarının sayı artıb. Və demək olar ki, hər kəsin yaxınlarında, ailə üzvlərində, tanıdığı insanlar arasında xəstəliyə yoluxan, ağırlaşan, xəstəlikdən dünyasını dəyişənlər var. Buna görə indi daha çox panika var. İndi daha çox insan xəstəxanalarda stasionar müalicə istəyir. Amma əvvəllər xəstəlik yeni başlayanda xəstəxanalarda stasionar müalicə təklif olunarkən xəstələrin əksəriyyəti bundan imtina edirdi. O ki qaldı vaksinlərə, bizim dediyimiz təsdiqini tapmış peyvəndlər artıq könüllülər üzərində sınanılmış və  müsbət nəticə vermiş peyvəndlərdir. Onların istifadəsinin 90-95 faiz effekt verəcəyi düşünülür.
Tədbirlər dedikdə, müəyyən tədbirlər görülür. Amma təbii ki, səhiyyənin yükü çoxdur. İllər ərzində biz dünyada və Azərbaycanda səhiyyənin bu qədər yüklənəcəyini müşahidə etməmişdik. Bu gün tibbi kadrların və avadanlıqların, eləcə də dərman vasitələrinin çatışmazlığının obyektiv səbəbi var. Çünki xəstələr həddən artıq çoxdur. Amma xəstəliklə daha effektli mübarizə üçün bizim bəzi təkliflərimiz var. Məsələn, televiziya və radiolarda, sosial mediada həftənin 7 günü 24 saat fəaliyyət göstərən və insanların rahat formada əlaqə yarada biləcəyi həkimlərin birbaşa konsultasiyasını təşkil etmək olar. Çünki xəstəliyə yoluxmuş yüz minlərlə insan olandan sonra heç bir ölkədə onlara yetəcək qədər həkim tapmaq mümkün deyil. Hətta bu gün xəstələrin bir çoxu həkim tapa bilmir. Bu səbəbdən xəstəliyə yoluxub sağalmış qonşusunun reseptindən istifadə edir. Və yaxud tibb bacısına müraciət edir. İnsanlar bir-birindən məsləhət alırlar. Bu da ağırlaşmalara gətirib çıxara bilir. Amma dediyim kimi, televiziya və radioda, sosial mediada canlı olaraq 24 saat fəaliyyət göstərəcək həkim konsultasiyalarının növbəli şəkildə təşkil olunması insanları maarifləndirər. Təbii ki, burada həkimlərin də zəhmətini qiymətləndirmək lazımdır. Orada elan etmək olar ki, hansı şikayətlərlə, analizlərlə, instrumental müayinələrin nəticələrinə görə xəstələr hansı dərmanları içməlidirlər, necə hərəkət etməlidir. Çünki xəstələr bilmir neyləsin. Çox fərqli reseptlərdən istifadə edirlər. Amma bu təklif reallaşsa, kriteriyalar müəyyənləşər. Eləcə də bütün klinikalarda, tibb müəssisələrində 24 saat fəaliyyət göstərən növbətçi həkimlərlə xəstələrin əlaqəsini qurmaq lazımdır. Bu təkliflər reallaşsa, çox effekt verər. Xəstəliyin ağırlaşmasının qarşısını xeyli ala bilər və insanları bu yolla panikadan da azad edə bilərik. Həkim çatışmazlığı var. Buna görə xəstələr müxtəlif vasitələrdən istifadə edirlər. Hazırda apteklərdə dərman çatışmazlığı da var. Bu problemin həlli üçün tədbir görmək lazımdır. Aptekləri dərmanla təmin etmək lazımdır ki, evdə müalicə alan insanlar bu dərmanları əldə edə bilsinlər. Digər tərəfdən süni qiymət artımları var. İnsanlar apteklərdə və ya ara dəllallarından bu dərmanları çox yüksək qiymətə almalı olurlar. Bunun qarşısı alınmalıdır ki, süni qiymət artımı olmasın. İnsanların büdcəsi bu dərmanları almağa çatsın. Bundan başqa, insanlar bəzən bir maskanı 3-5 gün istifadə edirlər. Maskaların qiymətinin aşağı salınması və yaxud pulsuz maskaların paylanması effektli ola bilər.
-Azərbaycanda da durum yaxşı deyil. Amma sanki bizdə də hökumət əvvəlki kimi diqqət ayırmır bu məsələyə. Sadəcə, gündəlik statistika və hərdənbir brifinq. Sizcə, hökumət xəstəliyin qarşısını almaq üçün hansı addımları atmalıdır?
-Mən həkim olduğum üçün hökumətin fəaliyyətini qiymətləndirə bilmərəm. Amma tibb strukturlarının fəaliyyəti haqqında danışa bilərəm. Amma düşünürəm ki, ilk günlərdən ən yuxarı dövlət səviyyəsində, dövlət başçısı tərəfindən yetərincə vəsait ayrıldı. Həm maddi, həm mənəvi dəstək verildi. Covid-19 xəstəliyinin müalicəsi üçün milyardlarla vəsait ayrıldı. Amma səhiyyə və tibb strukturlarında yuxarı səviyyədə işin təşkil olunması o qədər də səmərəli olmadı. Məncə,  görülən tədbirlər yetərli deyil. Düzdür, bunun obyektiv səbəbləri də var. Dediyim kimi, xəstə sayı çoxdur. Bütün dünyada səhiyyə strukturlarında çatışmazlıq var. Həmçinin Azərbaycanda. Amma Azərbaycanda bu işi daha yaxşı təşkil etmək olardı.
-Yaxşı təşkil etmək olardı deyəndə nəyi nəzərdə tutursunuz? Və bir də xəstəlikdən qorunmaq üçün əlləri tez-tez yumaq, maska taxmaq, sosial məsafə gözləməkdən əlavə nə etmək lazımdır? İnsanlar  xüsusən də risk qrupunda olanlar özlərini qorumaq üçün hansı addımları ata bilərlər?


-Dövlət tərəfindən ayrılmış vəsaitlə dərman vasitələri alıb aptekləri təmin etmək olardı ki, bu gün apteklərdə dərman çatışmazlığı olmasın. Covid-19 xəstəliyi ilə mübarizə aparan həkimlər dünyada istifadə olunan vasitələrdən istifadə edirlər və bunları bilirlər. Amma əksər həkimlər müalicə taktikalarını bilmirlər. Öz kvalifikasiyasına, profillərinə uyğun müalicələr təyin edirlər. Covid-19 bir xəstəlikdir. Ancaq buna qarşı aparılan müalicələrə baxsaq, görərik ki, yüzlərlə növ resept yazılır. Düzdür, xəstələrin fərdi xüsusiyyəti var. Hamıda standart müalicə getmir. Amma bu qədər fərq olmamalıdır. Həkimlər bu sahədə bilgisizlikdən irəli gələrək öz profillərinə uyğun müalicələr yazırlar. Amma yuxarıda dediyim kimi, televiziyalarda bu iş təşkil olunsa, həm də digər həkimlər təlimatlana bilər. Həm də fiziki olaraq fərdi şəkildə xəstələri müayinə etmək çətin məsələdir.
Şikayəti, xəstəliyi olmayan insan heç bir dərman preparatı qəbul etməməlidir. İstər vitamin olsun, istər başqa dərman. “Bu dərmanları içim, immunitetim güclənsin” deyə dünya təbabətində bir şey yoxdur. Əgər insanın şikayəti varsa, analiz olunmalıdır, onun göstəricilərinə uyğun olaraq dərman təyin olunmalıdır. Məsələn, payız vaxtı bir çox insanda D vitamininin çatışmazlığı müşahidə olunur. Amma bunun üçün də analiz vermək lazımdır. Analizin nəticəsinə uyğun olaraq D vitamini normadan azdırsa, onda bu vitamini qəbul edə bilər. Amma analiz vermədən D vitamini içsə və bədənində bu vitamin normadadırsa, həmin şəxsin böyrəklərində daş əmələ gələ bilər. Vitaminlər elə bir maddələrdir ki, onların azlığı da, çoxluğu da insan orqanizmində problem yaradır. Risk qrupunda olan insanlar- məsələn, şəkərli diabet, hipertoniya, 3-cü dərəcə piylənmə, vaskulit xəstəliyi olanlar, endarterit, bir sözlə damar patologiyaları olan insanlar risk qrupuna daxildir. Amma yenə də kiminsə profilaktik olaraq hansısa dərmanı qəbul etməsi düzgün deyil.  Sadəcə, normal qidalanmaq lazımdır. İnsan normal qidalanarsa, bütün zəruri maddələri qəbul edir. Risk qrupunda olan insanlar öz xəstəliklərinə uyğun müalicələrini etməlidirlər, həmin xəstəliyi nəzarətdə saxlamalıdırlar. Risk qrupunda olan şəxslər bu virusa yoluxduqda onların müalicəsi dərhal başlamalıdır. Çünki onların ağırlaşma ehtimalı çox olur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.