“Koronavirusun (COVİD-19) ikinci dalğası birincidən daha dağıdıcı və təhlükəli gəldi. Əgər 4 ay əvvəl birinci dalğada, insanlar “xəstəlik varsa, niyə mənim tanıdığım heç kimdə yoxdur?” sualı verirdilərsə, bu gün demək olar ki, hər evdə xəstə var. Artıq hamı inanır, amma gecikmişik”.
Pravda.az xəbər verir ki, bunu həkim-farmakoloq Müşfiq Hüseynov bildirib. M.Hüseynov vurğulayıb ki, bir aydır həkimlər həyəcan təbili çalır: “Həkimlər əhaliyə özünüzü qoruyun, tibbi maskadan istifadə edin, məsafə saxlayın, gigiyenaya qaydaların əməl edin deyirlər. Dəfələrlə deyildi, dəfələrlə yazıldı, göstərildi. Amma keçən həftə küçəyə çıxanda maska məcburiyyəti, cərimələr gələnə qədər buna məhəl qoyan yox idi. Nəticə göz qabağındadır. Səhiyyə sistemimimiz çökməsə də, artıq “error” verir. Gözlənilirdimi? Gözlənilirdi.
Əgər Çexiya kimi Avropa ölkəsində sistem çökmüşdüsə ( yükün əsas hissəsini Almaniya götürdü), Türkiyə kimi tibbi nöqteyi nəzərdən dünya səviyyəli ölkədə xəstəxanalar doludursa, elementar dərmam istehsalı olmayan Azərbaycanda sistemin davam gətirəcəyi şübhəli idi. Ölkə rəhbərliyinin təcili tikdirdiyi modul tipli xəstəxanalar olmasaydı, bu gün nə olardı, bəlli deyil. Amma onlarda da yer limitlidir və bu gün demək olar ki, xəstəxanalarda yer yoxdur. Artıq apteklərə sistem şlanqı, müəyyyən infuz sistemlər, vitaminlər limitli verilməyə başlayıb. Antiviral dərmanlar ümumiyyətlə yoxa çıxıb. Dərman sektorunda vəziyyət gərgin, amma hələ ki idarəolunandır. Vəziyyətdən bir şəkildə çıxmalıyıq. Başqa yolumuz yoxdur”.
Həkim deyib ki, biz pamdemik burulğanın tam mərkəzindəyik: “Bu gün hər 5 testdən biri pozitiv çıxır. Bu isə o deməkdir ki, əgər gündəlik test sayı 10000 yox, 100000 olsa, xəstə sayı 20000 olacaq. Niyə test ancaq özəl klinikaların bəzilərində həm də 100 manatdır? Niyə poliklinikalarda test götürülmədi? Niyə 6 dollarlıq testlər 95-100 mamatadır? Testlər pulsuz və hər yerdə olsaydı, insanlar xəstələndiklərini vaxtında bilər və ətrafdakıları yoluxdurmazdılar. Yayda karantinin müddətinin gərəksiz uzanması da səhv addım idi. Bu gün xəstə sayı 10 dəfə çoxdur, amma qapanma yoxdur. Əslində buna gərək də yoxdur, çünki artıq gecdir.
Bəs nə olacaq? Proqnoz vermək üçün əldə real statistika olmalıdır. Bu yoxdur. Açığı göstərilən statistikanın doğruluğuna da şübhə ilə yanaşıram. Amma ölkədəki nəzarətsiz xəstə sayı, evlərdə müalicə alan insanların kütləviliyi və apteklərdən alınan dərmanların miqdarı göstərir ki, bu gün biz ikinci dalğanın zirvəsindəyik.
Bununla belə, düşünürəm ki, ilin sonlarına doğru, yaxın 2 həftə ərzində gərginlik azalacaq. Bunda xəstələrin sayının çoxluğu da təsir göstərəcək, maska taxma məcburiyyətinin gətirilməsi də. İstənilən halda ölkəyə peyvəndlər gələnə qədər özümüzü gözləməliyik.
Peyvənd işi bu gün geostrateji hal alıb. Bütün dünyanın gücü buna yönəlib. Rusiyada peyvəndləşmə başlayıb. Çində dekabrın 10-da peyvənd istehsalına başlanılır.
ABŞ-da “Pfizer” peyvənd istehsalı üçün icazə aldı və yaxın günlərdə istehsala başalayacaq. Almaniya da yeni ilə kimi azı 1 milyon insanın peyvəndlənməsini açıqladı.
Peyvənd alınma işi dövlət monopoliyasındadır və çox güman ki, artıq sifarişlər verilib. Hardan və hansı sayda, bu haqda məlumatım yoxdur. Amma ilk peyvəndlərin bizə 2021-ci ilin ilk aylarında gəlməsini gözləyirəm. Bəlkə yanvarın sonu, bəlkə fevralın ortaları. Bütün dövlətlərdə ilk olaraq xüsusi risk qrupları öncə peyvəndlənir. Bu kateqoriyaya uşaqlar, müəllimlər, həkimlər, polis və sərhəd xidməti daxildir. İkinci etapda yəqin ki dövlət məmurları, xidmət sektoru, sonda isə digər vətəndaşlar peyvəndlənəcək.
Vətəndaş olaraq bizim borcumuzu çox vacib olmadıqca küçəyə çıxmamaq, maskadan doğru istifadə etmək, gigiyena qaydalarına və sosial məsafəyə əməl etmək, heç bir halda tibbi özfəaliyyətlə məşğul olmamaq, həkimlərin göstərişlərinə evlərdə ciddi əməl etmək tələb olunur. Düşünürəm ki, il sonuna vəziyyət stabilləşəcək. Heç bir halda panikaya düşməməliyik. Vaxtında və doğru müdaxilə edildikdə xəstələrin 80 faizi ya simptomsuz, ya da yüngül əlamətlərlə keçirdir.
Bir sözlə, özümüzü qorumaqla həm ailəmizi, həm də onsuz da axsayan səhiyyə sistemimizi qorumalıyıq. Bizim nə başqa ölkəmiz var, nə də müraciət edəcək həkimlərmiz”.Bizimyol