"BEŞİNCİ KOLON" MOSKVADAN YENİ TƏLİMATLAR ALIB? - Və ya anti-milli ünsürlərin fəallaşmasının arxasında nə dayanır?

9-12-2020, 09:49   




Artıq bir aya yaxındır ki, Azərbaycan cəmiyyəti böyük qalibiyyətlə yekunlaşmış Vətən Müharibəsinin nəticələrini müzakirə edir. Canlarını Vətən üçün fəda etmiş Şəhidlərimizin, bu yolda qazi olmuş igidlərimizin şücaətləri haqda hər gün öyrəndiyimiz yeni məlumatlar milli qürurumuzu yüksəldir, millətimizin birliyini, dövlətinə bağlılığını daha da artırır.
Hər kəs əlindən gəldiyi qədər Şəhidlərimizin, qazilərimizin ailələrinə yardım olmağa, onların problemlərinin həllinə kömək etməyə çalışır. Təsadüfi deyil ki, müharibə bitsə də, orduya dəstək kampaniyaları dayanmayıb, vətəndaşlarımız hərbçilərimizin təminatında iştirak etməyə çalışırlar.
Həyəcanlı gözləntilər də var. Hamı dekabrın 10-da Azərbaycanın strateji müttəfiqi, qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılacağı Qələbə Paradını səbirsizliklə gözləyir. Paradda yeni, müasir silahlarla yanaşı düşməndən qənimət kimi götürülmüş hərbi texnikanın bir hissəsi də nümayiş etdiriləcək.
Ancaq nə yazıq ki, milli birliyin, həmrəyliyin davam etdiyi bu günlərdə ictimai rəyi dəyişməyə çalışan, köhnə mənfi tendensiyaların qabarmasında maraqlı olan bəzi qüvvələrin fəallaşması da müşahidə edilir. Moskvaya xidmət edən "beşinci kolon"un təmsilçiləri olan bu qüvvələr, əsasən, Azərbaycanda milli birliyi parçalamağa, millətin özünə və dövlətinə olan inamını sarsıtmağa, xalqla hakimiyyət arasına nifaq toxumu səpməyə və beləliklə də ölkədə Rusiyanın təsirini yenidən gücləndirməyə zəmin hazırlamağa çalışırlar.

Ümumiyyətlə, Moskvaya xidmət etdiyi şübhə doğurmayan deputatların, media “kapitanlarının”, partiya rəhbərlərinin çıxışlarına, verdikləri açıqlamalara baxdıqda onların aşağıdakı məqsədləri güddükləri aydın müşahidə olunur:
- Azərbaycan Ordusunun düşmən üzərində parlaq zəfərini gözdən salmaq;

- Milli birliyi zədələmək, millətin özünə, öz gücünə olan inamını sarsıtmaq;
- Xalqla hakimiyyət arasında nifaq salmaq, insanlarda dövlətə inamsızlıq formalaşdırmaq;
- Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, strateji müttəfiqlik münasibətlərini ictimai rəydə zədələmək;
- Qələbimizdə Türkiyənin dəstəyinin rolunu azaltmaq, heç bir fakt, əsas olmadığı halda zəfərimizi Rusiyanın “icazəsi” ilə bağlamaq;
- Rusiyanın müharibə dövrü Ermənistana verdiyi dəstəyi xalqa unutdurmaq;
- Ölkədə yenə siyasi tərəflər arasında düşmənçilik yaratmaq və s.
Bu günlərdə geniş müzakirə olunan deputat Rasim Musabəyovun məlum açıqlamasının da, ölkənin bəzi tanınmış mətbu orqanlarında onun insanları təhqir edən açıqlamalarının tirajlanmasının da qeyd olunan məqsədlərə xidmət etdiyi şübhə doğurmur.

Elə keçmiş Xarici İşlər nazirinin Türkiyə ordusunun Azərbaycana gəlməsini istəyənləri təhqir etməsi, bəzi “müxalifət” partiya rəhbərlərinin Şəhidlərimizin, qazilərimizin şücaəti hesabına əldə etdiyi qələbəni dəyərdən salıb, bunları Rusiyanın ayağına yazmaq cəhdi də "beşinci kolon"un hərəkətə keçmək üçün təlimat aldığından xəbər verir. Onlar çox zirəkdirlər, estafet ildırım sürəti ilə bir-birinə ötürür, eyni fikri müxtəlif formalarda cilalayıb ictimai rəyə sırımağa çalışırlar.
Müharibə bitdikdən dərhal sonra aktivləşən "beşinci kolon"un təmsilçiləri Rusiya sevgisini hər fürsətdə izhar etməklə kifayətlənməyib, erməni işğalçılarını da Moskvanın icazəsi ilə əzib, məğlub etdiyimizi iddia edirlər. Təbii ki, aldıqları təlimatla...

Rus bayrağı ilə Şəhidlər Xiyabanına yürüş etmək də eyni mərkəzdən verilən təlimat idi. Bu tezislərlə o bayraqlar necə də bir-biri ilə uyğunluq təşkil edirlər...
Əlbəttə, bunlar tamamilə cəfəng, dövlətin siyasətinə qarşı məkirli niyyətlə söylənmiş fikirlər və hərəkətlərdir. Azərbaycan Ordusu minlərlə Şəhid verərək, torpaqlarımızı düşməndən azad edib. Hər kənd, hər qəsəbə, hər şəhər onların misilsiz rəşadəti, tökdükləri qanlar hesabına azad olunub. Bu zaman Rusiya Ermənistana təyyarələrlə silah daşıyıb düşməni biabırçı məğlubiyyətdən qurtarmağa çalışırdı. Düşməni ən müasir silahlarla silahlandırıb daha çox Azərbaycan əsgərinin qanını tökməyə həvəsləndirirdi.
"Beşinci kolon"un təmsilçiləri Rusiyanı qələbəyə şərik qoşmaqla bərabər Türkiyənin qardaş Azərbaycana əvəzsiz dəstəyini aşağılamağa çalışır. Türkiyə rəhbərliyinin yorulmaz fəaliyyəti, ölkəmizə, ordumuza tam dəstəyi müxtəlif manipulyasiya cəhdləri ilə kölgələnir.
Azərbaycanda bilməyən yoxdur ki, Türkiyə dövlətinin mənəvi, siyasi dəstəyi xalqımıza, ordumuza ruh verdi. Qələbəmizdə məhz onların da böyük payı var. Bu dəstək Azərbaycanda Türkiyə sevgisini, məhəbbətini daha da artırır ki, “beşinci kolon” bundan çox narahatdır.
Onlar Türkiyənin Azərbaycana dəstəyini kiçiltməyə, düşmənin müttəfiqi olduğunu, ona hər cür dəstək verdiyini bəyan edən Moskvanı Qafqazın sahibi kimi göstərməyə çalışırlar ki, bu da yumşaq desək, milli xəyanətdir.

Bu zaman da əsas hədəf,  qeyd etdiyimiz kimi, qələbəyə kölgə salıb, Rusiya faktorunu şişirtməklə xalq-dövlət birliyini sarsıtmaqdır. Milli həmrəyliyi pozmaq, cəmiyyətdə dövlətə inamsızlıq yaratmaq, xalqla hakimiyyətin fərqli mövqelərdə olduğunu göstərmək onların əsas hədəfidir. Çünki cəmiyyətdə belə bir rəy var ki, deputatın və ya hansısa oliqarxın bəslədiyi “konstruktiv müxalifət” rəhbərinin fikri dövlətin mövqeyini ifadə edir. 
Halbuki bu adamlar Ramiz Mehdiyevin ölkədə siyasi proseslərə yön verdiyi dövrdə müxtəlif qurumlara yerləşdirilmiş “beşinci kolon”un təmsilçiləridir. Məqsədləri də, ilk növbədə, hakimiyyəti gücsüz buraxmaq, xalqla dövlət arasına narazılıq toxumu səpməkdir.

Elə bahalı maşınlarda Rusiya bayrağı ilə Şəhidlər Xiyabanına yürüş etməyi də bu məqsədlə fikirləşiblər ki, xalqda narazılıq, inamsızlıq yaratsınlar.

Çünki milli birlik pozulduqda "beşinci kolon" üçün çox rahat olur, onların əvvəlki təsir, təzyiq metodları geri qayıdır, niyyətlərini gerçəkləşdirmək üçün münbit şərait formalaşır.
Buna görə də onların niyyətlərini gerçəkləşdirməyə qətiyyən imkan vermək olmaz! Bu, Şəhidlərimizi ruhu qarşısında hər bir Azərbaycan vətəndaşının borcudur!
Millət vəkili Vahid Əhmədov bu qüvvələrə qarşı mübarizənin formulunu dəqiq verib: "Onların başını əzmək lazımdır!"
Bəs bunun üçün nə etmək gərəkir?
İlk növbədə, bu cür çıxışların müəlliflərinin niyyətləri ifşa edilməli, onlar total ictimai qınaq obyektinə çevrilməlidirlər. Mətbuat nümayəndələri onlarla əlaqəni kəsməli, mediada çıxışlarının qarşısı alınmalıdır.
İkincisi, bu adamlar ictimai-siyasi fəaliyyətlər qanunvericiliyin imkan verdiyi şərtlər daxilində ciddi nəzarətə götürülməlidir. Eyni zamanda belələrinin mandatdan məhrum edilməsi, fəaliyətlərinin hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırması gündəmə gətirilməlidir.
Bu cür qüvvələrin Azərbaycanın siyasi həyatında söz sahibi kimi qalmasına qətiyyən imkan verilməməlidir. Eyni ekspansiyadan əziyyət çəkən Şərqi Avropa ölkələrinin, Ukraynanın, Pribaltika respublikalarının təcrübəsindən çıxış etməklə yeni qanunvericilik sistemi də yaratmaq zəruridir.

Üçüncüsü, ölkədə xalq-dövlət birliyini möhkəmləndirmək üçün, siyasi, iqtisadi sahələrdə ciddi islahatlar həyata keçirilməlidir. Seçki sistemi təkmilləşdirilməli, müstəqil məhkəmə hakimiyyətinə təminat verilməli, korrupsiya və monopoliyaya qarşı mübarizə gücləndirilməlidir. Ən yaxın vaxtda yeni parlament seçkiləri keçirilərək Milli Məclisi anti-milli ünsürlərdən tam təmizləmək lazımdır.
Bu islahatlar ölkənin hüquq və sosial təminat sistemini, gənclər siyasətini və bütün başqa vacib sahələri əhatə etməlidir. Dövlət-xalq birliyi möhkəm təməllər üzərində ucaldılmalıdır. O zaman "beşinci kolon" tör-töküntüləri, imperiya aşiqləri, xarici agentlər bu ölkədə meydan qazana bilməz...
E.Rüstəmli
"AzPolitika.info"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.