Şübhəli missiya: Sülhməramlılara güvəni azaldan xəritə

14-12-2020, 13:52   


Şübhəli missiya: Sülhməramlılara güvəni azaldan xəritə

Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən 10 noyabr tarixində imzalanmış üçtərəfli sazişə əsasən, Qarabağda rus sülhməramlı qüvvələri yerləşdirilib.
Ancaq missiya bölgədə sülhün qorunması olan bu qüvvələr sülhə zərbə vuran erməni terrorçularını təmizləmək yerinə Azərbaycan ordusunun terrorçulardan təmizlədiyi ərazilərə post qurmağa öz vəzifələri kimi yanaşırlar. Belə ki, Hardrutda erməni terrorçuları Azərbaycanın 3 hərbçisini öldürüb, 2 nəfəri isə yaralayıb. Dekabrın 8-də isə bir hərbi qulluqçumuz öldürülüb, bir nəfər mülki vətəndaş ağır yaralanıb. Yəni ermənilərin təxribatı dayandırmır.
Buna görə də Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti bu terrorçulara qarşı anti-terror əməliyyatı keçirməli olub. Ərazi terrorçulardan təmizləndikdən sonra Rusiya Federasiyasının Müdafiə Nazirliyi dekabrın 12 və 13-də yeni xəritələr yayımlayıb. Xəritənin yeni versiyasına əsasən, sülhməramlıların nəzarət zonasına Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndlərinin əraziləri də daxil edilib. Halbuki atəşkəsdən sonra bu kəndlərin meşələrində gizlənib terrorla məşğul olan erməni silahlılarını Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti zərərsizləşdirib. Bundan başqa yayımlanan yeni xəritədə sülhməramlıların nəzarət edəcəyə əraziyə Hadrut da daxil edilib. Halbuki bu xəritədə əvvəllər Cəbrayıl olaraq qeyd edilən rayon indi Hadrutla əvəzlənib.
Yəni sülhməramlılar Hadrutda da post quracaq. Bu isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi ilə bağlı sualları artırıb. Belə çıxır ki, meşələrdə gizlənən terrorçu ermənilər hərəkətə keçdiyi zaman Azərbaycan ordusu şəhid verərək əraziləri təmizləyəcək və Rusiya sülhməramlıları gəlib orda post quracaq.
Sual olunur, təhlükəsizliyi yalnız Azərbaycan ordusu təmin edirsə, Rusiya sülhməramlıları bölgədə nəyə yarayır, yalnız post qurub oturmağamı? Rusiya sülhməramlılarının missiyası nəzarətdir, amma nəyə nəzarət etdikləri sual yaradır.
Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan tərəfi Rusiyanın təklif etdiyi yeni xəritələri birmənalı şəkildə qəbul etmir:
“Onların könlündən çox şey keçə bilər. Danışıqlar getdi və sülhməramlılar özləri də çoxdan bilirlər ki, bu meşələrdə “partizan qruplaşmaları” adı altında düşmən ordusunun dəstələri qalır. Həmin dəstələrin Azərbaycan ordusuna 2 dəfə qəfil hücumu nəticəsində 4 hərbçimiz şəhid olub, 2-si hərbçi, biri də mülki olmaqla 3 nəfər də yaralanıb. Bundan sonra Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları həmin ərazilərdə anti-terror əməliyyatına başladılar. Nəticədə terrorçuların bir qismi ələ keçirildi, digərləri isə zərərsizləşdirildi. Rusiya sülhməramlıları asayişə nəzarət etmək adı ilə həmin ərazilərdə yeni postlar qurmağa nəzarət etdi və bununla əlaqədar yeni xəritələr tərtib edildi. Lakin Azərbaycan tərəfi qətiyyən bununla razı deyil. Çünki postların harada qurulacağı ilə bağlı razılaşmalar 10 noyabr bəyannaməsində öz əksini tapıb”.
Ekspert bildirib ki, bəyannamədən kənarda postlar qurmaq istəyi mövcud vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər:
“Bu nöqteyi-nəzərdən Azərbaycan tərəfinin qəti təkidi Rusiya tərəfindən qəbul edildi və hər şey əvvəlki vəziyyətdə qalacaq. Sülhməramlıların yeni ərazilərdə post qurması və Hadrut ərazilərinə nəzarət etməsi mümkün deyil. Həmin ərazilər çoxdandır ki, Azərbaycan ordusunun nəzarətindədir və elə də qalacaq. Azərbaycan qəti sürətdə sülhməramlıların nəzarəti ilə bağlı xəritənin dəyişdirilməsinə etiraz etdi və bu mümkün deyil”.
Politoloq qeyd edib ki, erməni terrorçularını bölgədən təmizləmək missiyası ilk növbədə Rusiya sühməramlılarının üzərinə düşür:
“Bölgədən terrorçuların təmizlənməsi birinci Rusiya sülhməramlıların üzərinə düşür. Onlar ya qorxudan, ya da tərəfkeşlikdən bunu etmədilər. Artıq terrorçular ordumuza qarşı terror törətdiyi üçün onları zərərsizləşdirmək missiyasını Azərbaycan ordusu həyata keçirir. İndi bunlar terrorçudur, quldur dəstəsidir. Onlara mülki və ya hərbçi, fərq etmir. Ona görə də istər Azərbaycan ordusu, istərsə də Rusiya sülhməramlıları onlara qarşı birgə mübarizə aparmalıdır”.
Əli Bədir
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.