Siyasi ekspert: “Qarabağda kim hansı ölkənin vətəndaşlığını qəbul edib çıxıb gedəcəksə, biz əsla onlara mane olmayacağıq”
Son günlərdə Rusiyanın noyabrın 10-da əldə olunan üçtərəfli anlaşmadan kənara çıxması, razılaşmanın ruhuna zidd addımlar atması, bir sözlə, verdiyi sözü tutmaması Azərbaycan ictimaiyyətinin ciddi etirazları ilə qarşılanıb. Artıq Rusiyanın siyasi dəhlizlərində Qarabağdakı ermənilərə rus pasportlarının veriləcəyi barədə fikirlər də eşidilməkdədir.“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Rusiya ilə bağlı bir qədər fərqli fikirlərə sahibdir: “Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən 2020-ci il 10 noyabr tarixində imzalanan 9 maddəlik bəyanat tərəflər üzərinə konkret öhdəliklər qoyur və bunlar dəyişməzdir. Onsuz da bu bəyanatın pozulmasında maraqlı olan çoxsaylı tərəflər var və bunlar təkcə regionumuzda deyil, hətta ondan kənarda da mövcuddur. Ona görə də inandırıcı deyil ki, bu bəyanatın yaratdığı yeni həssas sülh prosesinin pozulmasında regionumuzda Ermənistandakı bəzi terrorist qruplaşmalardan başqa kimsə maraqlı olsun. Rusiyanın özünün təşəbbüsü və istəyi ilə imzalanan bəyanatdan geri çəkilməsi yaxud onun manipuliyasiya edilməsinə göz yumması inandırıcı deyil. Çünki Rusiyanın geosiyasi rəqibləri bunu şimal qonşumuzun regionda möhkəmlənməsi və Qərbdə olan bütün rəqiblərini sıradan çıxarması kimi dəyərləndirirlər. Rusiya sülhməramlıları bəyanatda əksini tapan razılaşmanın bir hissəsidir və onların missiyası, eyni zamanda bölgədə qalma müddəti də bəllidir.
Hikmət BabaoğluNoyabr ayının 10-dan sonra baş verən birinci və hələlik son terror hadisəsindən sonra Azərbaycan tərəfi dərhal qətiyyətli addımlar ataraq antiterror əməliyyatı keçirib, terroristləri zərərsizləşdirib və sözügedən ərazidə nəzarətimizi bərpa edib. Belə olan halda rus sülhməramlılarının razılaşmada qəbul edilən və missiyanın fəaliyyət sahəsindən kənarda olan ərazidə hansısa dəyişiklik etməsi əsla başadüşülən deyil və haqlı narazılıq yaradır. Ancaq əvvəlcə biz bir şeyi aydınlaşdırmalıyıq ki, bu doğrudan da faktiki sahədə də belədirmi və əgər belədirsə, nəyə əsaslanaraq edilib. Çünki biz Kəlbəcərdə Xudavəng monastrı məsələsində və eləcə də Söyüdlü qızıl mədəni məsələsində Azərbaycanın qəti mövqeyini və bununla tərəflərin hesablaşdığını görmüşük. Ona görə də Xocavənd rayonunun məlum kəndləri məsələsində də erməni təxribatına baxmayaraq əsla heç bir dəyişiklik ola bilməz. Sadəcə, bir qədər təmkinli olub, məsələ ilə bağlı rəsmi açıqlamaları gözləməliyik və baş verən insidenti Rusiyaya bağlamağa tələsməməliyik. Dağlıq Qarabağda yaşayan erməni icma nümayəndələrinə Rusiya pasportunun verilməsi məsələsinə gəldikdə isə bu mümkün deyil. Çünki Azərbaycanda ikili vətəndaşlıq statusu yoxdur. Belə olan halda orada yaşayan ermənilər seçim etməlidirlər. Kim hansı ölkənin vətəndaşlığını qəbul edib çıxıb gedəcəksə, biz əsla onlara mane olmayacağıq. Eyni zamanda bu məsələnin Abxaziya, yaxud Şimali Osetiyada vaxtilə rus pasportları verilməsi məsələsi ilə müqayisə edilməsi də əsla doğru olmaz. Çünki problemlərin tarixi kökü də, həll edilməsi metodu da problemin həllindən sonra yaranmış reallıqlarda tamamilə fərqlidir və bir daha deyirəm ki, əsla müqayisə edilə bilməz”.
Elman NəsirovPolitoloq, deputat Elman Nəsirov Rusiyanın son günlərdə mövqeyində yaranan dəyişiklikləri bununla izah edir: “Böyük təəssüf, təəccüb və narahatlıq hissi ilə qeyd etmək istərdim ki, Rusiya sülhməramlıları noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatın ümumi ruhuna zidd olan addımlar atırlar. Bu, diqqətdən yayınmır. Xüsusilə onların həmin razılaşmada əldə edilmiş hüdudları aşan yeni xəritə icad etmələri heç bir halda anlaşılan deyil. Belə xəritələri tərtib etmək səlahiyyətini, ümumiyyətlə, kim Rusiya sülhməramlılarına verib? Xüsusilə son günlərdə Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində erməni terrorçuların Azərbaycan əsgərlərinə, həm də mülki əhaliyə hücumları, ölən və yaralananların olması bir daha onu göstərir ki, Ermənistan tərəfinin bu davranışında, arxayınlığın yaranmasında Rusiya sülhməramlılarının rolu var. Bu, heç şübhəsiz ki, Azərbaycan ictimaiyyətində ciddi narahatlıq, hiddət doğurur. Rus sülhməramlılarının Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi heç də Azərbaycan cəmiyyətində birmənalı qarşılanmamışdı. Bu prosesin təhlükələri haqqında fikirlər səslənməkdə idi. Təəssüf hissi ilə qeyd edirik ki, bu proqnozlar getdikcə özünü doğrultmağa başlayır. Rusiyada müəyyən siyasi dairələr heç bir vəchlə qəbul etmək istəmirlər ki, Azərbaycan Silahlı Qüvvələri tarixi missiyasını yerinə yetirərək, 30 il ərzində Ermənistanın yaratdığı səngərləri, maneələri aradan qaldıraraq, öz ərazisi üzərində suveren hüquqlarını bərpa edib. Ona görə də hesab edirəm ki, Rusiya sülhməramlılarının davranışı heç bir halda beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun deyil, qanunazidd addımlardır. Müəyyən mənada separatçıları dəstəkləmək anlamına da gəlir. Necə ola bilər ki, rus sülhməramlıları qondarma rejimin qondarma rəhbəri ilə əlahiddə görüş keçirir, onlarla danışıqlar aparır.
Bütün bunlar 10 noyabr sənədinin də ümumi ruhuna ziddir. Görünür, Rusiyadakı müəyyən siyasi dairələr dekabrın 10-da Azərbaycanın keçirdiyi Qələbə paradından da xeyli narahat olublar. Xüsusilə orada hərbi qənimət kimi Azərbaycan Silahlı Qüvvələrinin götürdüyü silah-sursat da nümayiş olundu. Bunlar da Rusiya silahları idi. Görünür, bu məqam da onları xeyli narahat edib. Eyni zamanda həmin Zəfər paradında Türkiyənin Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı Rusiyadakı müəyyən siyasi dairələrin yuxusuna haram qatıb. Onlar bundan xeyli narahat olublar. Hesab edirəm ki, indiki şəraitdə baş verən bütün qeyri-qanuni əməllərə görə məsuliyyət ilk növbədə Ermənistan tərəfinin üzərinə düşür. Eyni zamanda acı təəssüf hissi ilə qeyd edirik ki, həmin beynəlxalq qanunlara zidd davranışların arxasında rus sülhməramlıları dayanır və yardımçı funksiya yerinə yetirirlər. Bunlar da Azərbaycan ictimaiyyətində böyük narahatlıq yaratmaya bilməzdi. Belə hadisələrin Azərbaycan-Rusiya münasibətlərinin perspektivlərinə ziyan vuracağını indidən proqnozlaşdırmaq elə də çətin deyil. Hesab edirəm ki, Rusiya üzərinə götürdüyü öhdəlikləri, prezident Vladimir Putinin noyabrın 10-da imzaladığı sənəddən irəli gələn tələbləri yerinə yetirməli, heç bir halda regionda yenidən separatizmin baş qaldırmasına imkan verən addımlar atmamalıdır. Belə addımlar Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsirlər göstərə bilər. Bu, Rusiyanın regionla bağlı siyasətində də müəyyən çatların əmələ gəlməsinə yol aça bilər. Şimal qonşumuzun milli dövlətçilik maraqları ilə də bu cür addımlar ziddiyyət təşkil edir”.
Cavanşir ABBASLI,“Yeni Müsavat”Bizim Telegram kanalımıza abunə olun