Ermənistanın Qarabağdakı faktiki məğlubiyyətilə sona çatan münaqişə SSRİ-nin dağılmasından bəri davam edən status-kvonu dəyişdirdi. Qafqazda dövlət sərhədlərini dəqiqləşdirən hərbi planları ilə diqqəti çəkən yeni regional qüvvə meydana çıxdı. Söhbət Türkiyə və Azərbaycanın hərbi blokundan gedir. Mütəxəssislər mövcud blokun əldə etdiyi hərbi uğurları davam etdirəcəklərini təxmin edirlər. Bu istiqamətdə əsas hədəf Rusiya sərhədləri yaxınlığında qeyri-sabitlik yaratmaq və İrana gələcək hücumlar üçün yeni bir tramplin axtaran ABŞ-la hərbi və iqtisadi əlaqələri genişləndirməkdir.
Azərbaycan və Türkiyədə uzun illərdir təbliğ olunan “İki dövlət – bir millət” şüarı indi bir gerçəkliyə çevrilib. Türkiyənin Qarabağ münaqişəsinə aktiv müdaxiləsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qatıldığı Bakıdakı parad və türk ordusunun iki bölüyünün bu paradda iştirakı birliyin daha bir təcəssümü oldu. Müharibəni qələbə ilə başa vurduqdan sonra Ərdoğan dərhal yeni bir müharibəyə başlamağa hazır olduğuna eyham vurdu. Bakıda keçirilən hərbi paradda çıxış edən Türkiyə prezidenti bir xalqı “zorla ikiyə bölən” Araz çayının adını çəkərək bir şeirdən sitat gətirdi. Araz çayı, azərbaycanlıların yaşadığı Azərbaycanla İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasındakı su sərhədidir.
Tehranda Ərdoğanın sözləri pantürkçülük fikirlərinin nümayişi və türkdilli ərazilərin İrandan ayrılmasına çağırış kimi qəbul edildi. Türkiyənin İrandakı səfiri izahat üçün ölkənin Xarici İşlər Nazirliyinə çağırıldı. İran Xarici İşlər Nazirliyi verdiyi notada “silahla imperiya yaratmağın keçmiş dövrdə qaldığını” vurğuladı. Ancaq bütün bunlar çətin ki, türk səlahiyyətlilərini planlarına yenidən baxmağa məcbur etsin. Qarabağ münaqişəsi başlayandan bəri İranın şimal əyalətlərində dəfələrlə kütləvi nümayişlər keçirilərək ölkə rəhbərliyindən Azərbaycana dəstək istənildi. Nümayişçilər pantürk və türk dövlət rəmzlərindən fəal şəkildə istifadə etdilər.
İrana təzyiq göstərmək üçün Türkiyə tək deyil. ABŞ da bu işdə Azərbaycana dəstək verə bilər. Hələ İsraili demirik… Üstəlik, Vaşinqton üçün Azərbaycan ərazisi Rusiyaya təzyiq üçün əla tramplin ola bilər. Üstəlik, Qarabağ münaqişəsi bitdikdən sonra Azərbaycan mübahisəli ərazi məsələsini həll etdi və bununla da NATO blokuna qoşulmaq üçün əngəlləri aradan qaldırdı.
Hərbi ekspert Aleksandr Mixaylovskinin “MK” ilə söhbətində qeyd etdiyi kimi, Azərbaycanın gələcək hərbi statusu ilə bağlı əsas sual Türkiyənin Bakıya güclü təsirindən asılıdır. Elə isə Türkiyə Azərbaycan üçün necə bir gələcək görür?
– Amerika hərbi bazasının Azərbaycanda görünməsi ilə bağlı danışıqlar uzun müddətdir davam edir. Bir ara sosial şəbəkələrdə peyk şəkilləri də yayımlandı. Hətta dedilər ki, Amerika pilotsuz təyyarələri İran sərhədində casusluq edir. Heç kim buna dair bir dəlil gətirmədi. Vaşinqtonla Bakı arasında hərbi əlaqələrin olmasına baxmayaraq, Ağ evin Azərbaycana təsiri yenə də Türkiyədən daha azdır. Keçən il Azərbaycan Türkiyədən 250 milyon, ABŞ-dan isə cəmi 500 min dollarlıq silahı alıb. Bu rəqəmlər çox şey deyir.
– Bakının NATO-ya üzv olmaq planları varmı?
– Türkiyənin Azərbaycanın NATO-ya üzv olması planlarının olub-olmamasından çox şey asılıdır. Öz statusları onlar üçün kifayət edə bilər. Hər iki tərəf işlərin hazırkı vəziyyətindən çox razıdır. Nəyisə dəyişmək o qədər də vacib deyil. Lakin gələcəkdə çox şey ola bilər.
– Sizcə, bu birlik ABŞ-ı bölgədən kənarda saxlaya bilər?
– Bu ona baxır ki, Türkiyə özü üçün nə istəyəcək. İndi hərbi sahədə ABŞ-Türkiyə münasibətləri yaxşı deyil. Ona görə də Azərbaycan Türkiyənin ABŞ-a qarşı ən yaxşı kartıdır.
– İranlılar buna imkan verəcəklərmi?
– Xatırlayın, Qarabağdakı döyüşlər bitən kimi Prezident Əliyev ora həyat yoldaşı ilə gəldi. Və internetdə Əliyev və mühafizəçilərinin İran ərazisindən çəkilmiş bir çox fotoları yayıldı. Sanki bu “etibar et, amma yoxla” prinsipinin nümayişi idi. Azərbaycanlılar can bir qardaşdırlar. Amma hər iki tərəfdəki azərbaycanlının qorumalı olduğu öz sərhədi var.
“Moskovskiy komsomolets”, 15 dekabr 2020
Tərcümə etdi: Surxay Atakişiyev (konkret.az)