Ermənistanda müharibə əleyhinə marş keçirilib- VİDEO
8-08-2014, 16:36
Bu gün İrəvanda Xarici İşlər Nazirliyinin binasından başlayaraq “Müharibəyə yox!” şüarı ilə etiraz marşı start götürüb. Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları Rusiya səfirliyinə doğru yön alıblar.
Yürüşdə bir neçə ictimai təşkilatın nümayəndələri iştirak edib. Onlar son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsi və hərbçilərin həlak olmasına görə Rusiyanın prezidenti Putinin, sonra isə bu ölkənin rəhbərliyinin günahkar olduğunu bəyan ediblər. Nümayişçilərin sözlərinə görə, Rusiya son 100 ildə münaqişələr yaratmaq, xalqlar arasında düşmənçilik yaratmaq xislətindən əl götürməyib.
Rusiya səfirliyi önündə dayanan etirazçılar “Putin çıx get!”, “Biz sülh istəyirik!”, “Müharibəyə yox!”, “Anaların ürəyi eyni cür vurur!” şüarları qışqırıblar. Nümayişçilər onu da qeyd ediblər ki, bütün oliqarxlar varlanır, sərhədi qoruyan əsgərlər isə həlak olurlar.