Rusiya hərbi akademiyası Qarabağda məhv edilən hava hücumundan müdafiə sistemləri barədə araşdırma aparır NECƏ OLUB Kİ, “BAYRAKTAR”LAR QARŞISINDA HEÇ BİRİ İŞƏ YARAMAYIB?

20-12-2020, 14:35   


Rusiya hərbçiləri Ermənistanla Azərbaycan arasında Qaraağda bu günlərdə başa çatmış müharibənin təcrübəsini ətraflı şəkildə təhlil edir. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, mütəxəssislər əsasən Ermənistan ordusunun silahlanmasında yer alan və Rusiya istehsalı olan və  özünü, yumşaq desək, “yaxşı tərəfdən göstərə bilməyən” hava hücumundan müdafiə sistemləri barədə araşdırma aparır. Çünki bu komplekslər Türkiyənin “Bayraktar TB2” zərbə pilotsuz təyyarələri qarşısında praktiki olaraq köməksiz vəziyyətdə qalmışdı. Eləcə də Azərbaycan ordusunun digər zərbə dronları ermənilərin hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini kütləvi şəkildə sıradan çıxara bilmişdi.

Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə qoşunlarının Hərbi Akademiyasının mütəxəssisləri Ermənistan ordusunun silahlanmasında yer alan hava hücumundan müdafiə sistemlərinin kütləvi şəkildə məhv edilməsinin, hava məkanında “Bayraktar TB2” dronlarının praktiki olaraq dominantlıq etməsinin səbəblərini diqqətlə analiz ediblər. Və belə nəticəyə gəliblər ki, “günahın” hamısı Türkiyə dronlarının effektiv səpələnmə sahəsinin (hava hədəfinin özündən radiolokasiya dalğalarını əks etdirməsi radiusu) həddən artıq aşağı olmasındadır. Nəticədə Rusiya HHM kompleksləri onları vaxtında aşkar edə bilməyib və bu səbəbdən dronlar birinci zərbə endirə bilib.

 
Hərbi Akademiyanın nümayəndələri deyirlər ki, “Buk-M1”, “Tor-M1”, “Osa-AKM”, “Pantsir” və “Tunquska-M1” kimi hava hücumundan müdafiə komplekslərinin poliqon sınaqları zamanı onların effektiv səpələnmə sahəsi 0.01 kvadratmetr olan kiçik ölçülü pilotuz aparatlara qarşı o qədər də effektli olmadığı üzə çıxıb. Və “Bayraktar”ların da effektiv səpələnmə sahəsi təxminən bu göstəriciyə yaxındır.
Rusiya hava hücumundan müdafiə komplekslərinin işə yaramamasının digər səbəbi kimi Azərbaycanın Belarusdan aldığı “Qroza” radioelektron mübarizə vasitəsinin işi göstərilir. Həmin sistem bir çox hallarda “Osa” və ya “Buk” komplekslərinin buraxdığı raketləri hədəfdən azdırıb, yaxud onları uçuşun lap əvvəllərində sıradan çıxarıb.

Hərbçilər belə qənaətə gəliblər ki, böyük olmayan dronlarla mübarizə üçün yeni komplekslər işlənib hazırlanmalıdır. Çünki S-300 və S-400 kimi uzaqmənzili hava hücumundan müdafiə komplekslərinin mövqe rayonlarını dronlardan etibarlı müdafiə edilməsə onların özü də Türkiyə istehsalı olan dronlar tərəfindən məhv edilə bilər.
Bildirilir ki, Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən ən azı birinin heç bir manəyə rast gəlmədən Krım hava məkanına daxil olduğu və Rusiyanın S-400 zenit-raket komplekslərinin mövqe rayonlarına bir neçə kilometrə qədər yaxınlaşdığı məlumdur. Bu zaman PUA radarlara yaxalanmayıb.

Xatırladaq ki, Azərbaycan ordusu 44 günlük müharibə ərzində nəinki Ermənistan ordusunun bütün  kiçik və ortamənzilli hava hücumundan müdafiə komplekslərini, eləcə də onun silahlanmasında yer alan az qala bütün S-300 komplekslərini (6 raket atıcı qurğu və kompleksin tərkibinə daxil olan radar, o cümlədən komanda-idarəetmə məntəqəsi) məhv edib. Həmin S-300 komplekslərinin ən azı birinin “Harop” kamikadze-dronu ilə məhv edildiyi məlumdur.
F.Məmmədov
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.