ABŞ-ın Qida və Dərman Administrasiyası ölkədə koronavirus əleyhinə daha bir peyvəndin kütləvi tətbiqinə lisenziya verib. Bu, ABŞ-ın “Moderna” şirkətinin hazırladığı peyvənddir.
Novator.az saytı xəbər verir ki, “Moderna” peyvənd və dərmanlar hazırlayan biotexnologiya şirkətidir. 2010-cu ildə yaradılıb. Şirkətin prezidenti doktor Stiven Hokdur.
Dekabrın 10-da Qida və Dərman Administrasiyası ABŞ-ın “Pfizer” şirkətinin Almaniyanın “BioNTech” şirkəti ilə birgə hazırladığı peyvəndin kütləvi istifadəsinə lisenziya verilmişdi.
Beləliklə, Amerika vətəndaşları koronavirusa qarşı iki vaksinlə peyvənd olunacaqlar.
“Pfizer”-“BioNTech” vaksini ilə peyvəndləmə artıq başlanıb.
İlk növbədə səhiyyə işçiləri peyvənd olunur. Onların ardınca vaksin yaşlılara və digər xəstəlikləri olan şəxslərə vurulur, çünki bu qrupların nümayəndələri infeksiyaya yoluxduqda xəstəliyin ağırlaşması ehtimalı daha böyükdür.
“Pfizer”-“BioNTech” vaksini Böyük Britaniyada da lisenziya alıb. Hazırda britaniyalılar bu vaksinlə peyvənd olunurlar.
Həm “Pfizer”-“BioNTech”, həm də “Moderna” vaksini könülllülər üzərində sınaqdan keçirilərkən 95 faiz effekt verib.
Vaksinin 95 faiz effektiv olması nə deməkdir?Klinik sınaqlar vaksin nümunələrinin COVİD-19-a yoluxma riskini azaltması baxımından nə dərəcədə effektiv olduğunu müəyyən etmək üçündür. Bu məqsədlə tədqiqatçılar (həm “Pfizer”-“BioNTech”, həm də “Moderna” vaksinini hazırlayanlar) könüllülər tapıb onlara iki dozada vaksin və ya plasebo (yalançı vaksin – vaksinin imitasiyası) vurublar.
Tədqiqatçılar hansı iştirakçıya hansı vasitənin vurulduğunu deməyiblər. Daha sonra könüllülərə gündəlik fəaliyyətlərini davam etdirmələri tapşırılıb.
“Moderna” şirkətinin apardığı sınaqlarda 30 min iştirakçı qeydiyyatdan keçib. Üç ay davam edən sınaqlar zamanı onların 95 faizində koronavirus simptomları olmayıb, yalnız 5 faizi virusa yoluxub.
Bu məlumatlar təftiş komissiyasının vaksinin 95 faiz effektiv olması qənaətinə gəlməsinə imkan verib. Peyvənd olunmuş şəxslərdən 5 faizinin nəyə görə xəstələndiyini müəyyən etmək üçün məlumatların qiymətləndirilməsi davam edir.
“Moderna” şirkətinin könüllülər üzərində sınaqları zamanı əldə edilən göstəricilər “Pfizer” və “BioNTech” şirkətlərinin 40 min könüllünü cəlb etdiyi sınaqlarda əldə edilən nəticələrlə oxşardır.
Əslində klinik sınaqların iki il davam etməsi nəzərdə tutulub. Amma Qida və Dərman Administrasiyası (bu qurum kütləvi istifadəyə verilməzdən əvvəl yeni dərman preparatlarının təhlükəsizliyini yoxlayır) üçün yekun nəticələr indi çox vacib deyil. Administrasiya yekun nəticəyə qədər də təcili olaraq hansısa peyvəndə lisenziya verə, onun kütləvi istifadəyə buraxılmasına razılaşa bilər. “Pfizer”-“BioNTech” peyvəndinə məhz bu təcililik prinsipi ilə lisenziya verilmişdi. “Moderna” peyvəndi də eyni prinsiplə lisenziya alıb.
Niyə plasebo?Tədqiqatçıların öz vaksinlərini müqayisə etmək, nəyin yaxşı, nəyin pis olduğunu qiymətləndirmək üçün başqa bir vasitələri – plasebo da olmalıdır. Plasebo yalançı dərmandır. İştirakçı elə bilir ki, ona vaksin vurulur. Əslində isə iynənin içindəki plasebodur. “Moderna” və “Pfizer”-“BioNTech” vaksininin sınaqları zamanı plasebo kimi natrium xlorid məhlulundan istifadə edilib.
Eksperiment zamanı vaksin, yoxsa plasebo qəbul etdiklərindən xəbərsiz qalan yalnız iştirakçılar olmayıb. İştirakçıları qiymətləndirən təftişçilərə də bundan xəbərsiz olublar. Təftişçilərə bu məlumat ona görə verilməyib ki, onlar könüllülərin sağlamlığını qiymətləndirərkən kimin vaksin, kimin plasebo qəbul etməsi faktının təsirinə düşməsinlər.
Belə hesab olunur ki, plasebo ilə nəzarət edilən sınaqlar qərəzliliyi aradan qaldırmaq üçün ən yaxşı yoldur. Plasebolar vaksinin nə dərəcədə effektiv olduğunu görməyə imkan verir. Seçimləri təsadüfi etdikdə və könüllülərin nə qəbul etdiyini bilmədikdə təftişçilər vaksinin necə işlədiyi barədə daha ədalətli mühakimə yürütməyi bacarırlar.
Sınaqların strukturu da vaksinin əks göstərişlərini müəyyən etməkdə tədqiqatçılara yardım edir. Məsələn, əgər plasebo qəbul edənlər qol ağrılarından vaksin qəbul edənlər qədər şikayətləniblərsə, belə qənaətə gəlmək olar ki, ağrıya iynə səbəb olub və bunun vaksinin fəal inqrediyentləri ilə əlaqələndirilməsi vacib deyil.
“Moderna” və “Pfizer”-“BioNTech” vaksinlərinin əsas xüsusiyyətləriHəm “Pfizer”-“BioNTech”, həm də “Moderna” vaksininində immun reaksiyası yaratmaq üçün məlumat RNT-si və ya mRNT adlandırılan, əvvəllər heç vaxt təsdiqlənməmiş texnologiyadan istifadə olunur.
RNT-yə əsaslanan vaksin yanaşmasında hüceyrələri aldadaraq virusun hissəcikləri kimi görünən zülal parçaları yaratmağa yönəltmək üçün RNT adlanan genetik maddədən istifadə olunur. İmmun sistemi həmin parçaları tanıyaraq hücum etməyi öyrənir. Bu, RNT vaksinləri texnologiyasının sürətini, faydalılığını nümayiş etdirir, həmçinin immun sisteminin nəzəri cəhətdən hər hansı infeksiyaya daha tez reaksiya verəcəyi proqnozunu doğurur.
“Pfizer” və “BioNTech” şirkətlərinin sınaqları hədəf kimi mismar zülallarından istifadənin düzgün addım olduğunu üzə çıxarıb. Digər bir müsbət cəhət ondan ibarətdir ki, mismar zülallarına faktiki immun reaksiyası müdafiə xarakteri daşıyır.
Virus hücum etdiyi hüceyrələri tutmaq üçün mismar zülalı adlanan struktura malikdir. RNT vaksinləri orqanizmi bu strukturun kiçik surətlərini yaratmağa vadar edir.
Maraqlıdır ki, sınaqlar uğurla nəticələnənə qədər bəzi alimlər mismar zülalına qarşı immun reaksiyasının faktiki vaksin üçün düzgün seçim olduğuna şübhə edirdilər.
Böyük Britaniyanın Kembric Universitetinin müəllimi, intensiv terapiya üzrə mütəxəssis Şarlot Sammers RNT-yə əsaslanan vaksinin xüsusiyyətlərindən danışarkən bildirir: “Bu vaksin RNT-yə, yəni informasiya ribonuklein turşusuna (mRNT) əsaslanır. RNT – hüceyrədə informasiyanın genlərdən zülala ötürülməsi prosesidir. Orqanizmə daxil edildikdə vaksinin tərkibindəki informasiya RNT-si viruslu zülala çevrilir və insanın immun sistemi bu zülalı aşkar edir. Orqanizm viruslu zülallara cavab olaraq immun reaksiyası yaradır. Viruslu zülallar təkbaşına xəstəlik yarada bilmir, ona görə də immun reaksiyası koronavirus infeksiyasına qarşı müdafiəni təmin etmiş olur.
Vaksin araşdırmaları sahəsində texnologiyanın bu növü tamamilə yenidir. Bəzi alimlər mRNT vaksinlərinin pandemiyaya nəzarət etmək imkanına şübhə ilə yanaşırlar. Bununla belə, təəccüblü olsa da, mRNT vaksinləri sadə prinsiplə işləyir: onlar eləcə viruslu zülalın immun reaksiyasına səbəb olmasını təmin etmək üsuludur və mRNT orqanizmdə həll olduqdan bir neçə gün sonra koronavirus infeksiyasına qarşı immunitet yaranır”.
Peyvənd vurulandan neçə gün sonra immunitet yaranır?Qeyd etdiyimiz kimi, həm “Moderna”, həm də “Pfizer”-“BioNTech” vaksini koronavirusun genetik kodundan istifadə edilməklə, məlumat RNT-si əsasında hazırlanıb. Bu peyvənd qol nahiyəsinə vurulur.
“Moderna” və “Pfizer”-“BioNTech” vaksinləri praym-bust strategiyasına əsaslanır, yəni birinci dozadan üç-dörd həftə sonra ikinci doza vurulur.
Birinci doza vurulandan sonra insanda immunitet yaranır, ancaq bu, optimal variant deyil. Ona görə üç-dörd həftə sonra ikinci doza da vurulur və təxminən yeddi-on günə insanda optimal immunitet yaranır.
ABŞ-ın baş infeksionisti, Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçinin sözlərinə görə, “Moderna” və “Pfizer”-“BioNTech” vaksinlərinin təmin etdiyi müdafiə nə vaxtsa COVİD-19 infeksiyasına yoluxmuş şəxsdə əmələ gələn immunitet qədər güclü olur: “Vaksinə nəzər salsaq görərik ki, neytrallaşdırıcı anticisimlərin səviyyəsi və keyfiyyəti faktiki olaraq yoluxmuş və immun reaksiyası formalaşdırmış şəxslərin qan plazmasına bərabər, hətta ondan daha yaxşıdır. Bu, infeksiyaya qarşı təbii reaksiya qədər effektivdir”.
Peyvənd olunan adam başqalarını koronavirusa yoluxdura bilərmi?
Peyvənd vurulmuş şəxslərin başqalarını koronavirusa yoluxdurub-yoluxdurmadığını müəyyən edə biləcək klinik testlər hələ hazır deyil.
Bəzi peyvəndlər, məsələn, Hepatit A virusuna qarşı vaksin sterilizasiya immuniteti kimi tanınan müdafiəni tam təmin edə bilir, amma başqa peyvəndlərdə bu xüsusiyyət yoxdur.
COVİD-19 vaksinini hazırlayanlar bu dərmanın xəstəliyin qarşısını alıb-almayacağını bütün incəliklərinə qədər öyrənməyə çalışırlar. Amma peyvəndin insanları koronavirusdan hansı müddətə qoruduğu hələ bir neçə ay sonra bilinəcək.
Əks təsirlərSınaqlara qatılan könüllülərdə əsasən yüngül və orta səviyyədə əks təsirlər olub və bu təsirlər tez bir zamanda yoxa çıxıb.
Sınaqlar zamanı ciddi əks təsirlər əsasən ikinci dozadan sonra qeydə alınıb: könüllülərin 3,8%-də halsızlıq, 2%-də baş ağrısı olub.
Yaşlı pasiyentlərdə əks təsirlər daha yüngül formada olub.
Vaksin normal həyata qayıtmağa imkan verəcəkmi?Peyvəndin virusa yoluxmanın qarşısını tam alıb-almadığı, ümumiyyətlə hər hansı vaksinin yüz faiz effekt verdiyi sübuta yetirilmədiyi üçün alimlər ayıq-sayıqlığı itirməməyə, yenə də daima ehtiyatlı davranmağa çağırır, maska taxmaq, tez-tez əlləri yumaq və sosial məsafə saxlamaq kimi qaydalara əməl etməyi məsləhət görürlər.
ABŞ-ın Kolorado Tibb Universitetinin infeksion xəstəliklər üzrə baş direktoru Mişel Barron bütün vaksinlər kimi koronavirus peyvəndinin də bəzilərinə çox yaxşı təsir edəcəyini, bəziləri üçün isə effektiv olmayacağı qənaətindədir.
Vaksinasiya başlayıbsa, bu o deməkdirmi ki, daha rahatca təyyarəyə minmək və ya evə 30 nəfəri qonaq çağırmaq olar? Vaksinasiya bu anlama gəlirmi? Mişel Barron suala belə cavab verib: “Yəqin ki, yox”.
Doktor Barron onu da bildirib ki, vaksinasiya prosesinin gələn ilin yayına qədər əhalinin mütləq əksəriyyətini əhatə edəcəyinə inanmaq çətindir.
ABŞ-ın Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Blumberq İctimai Səhiyyə Məktəbinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Anita Şet vaksinlə bağlı məsələlərə tam aydınlıq gələnə qədər kafe və restoranlardan, habelə insanların sıx toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edib.
Dünya Səhiyyə Təşkilatının fövqəladə hallar proqramının icraçı direktoru doktor Maykl Rayan deyib ki, koronavirus vaksinləri bu infeksiyadan qurtulmaq ümidlərini artırır, ancaq vaksinlər COVİD-19 infeksiyasına təkbaşına son qoya bilməz: “Vaksinlərə, vaksinasiya prosesinə virusa qarşı mübarizədə yeganə vasitə kimi deyil, mühüm vasitələrdən biri kimi baxmaq lazımdır. Vaksinlər əlimizdə olan mübarizə vasitələri dəstinə vacib bir əlavədir, amma onlar təkbaşına virusa son qoya bilməz”.
Maykl Rayan vurğulayıb ki, vaksinlərin COVİD infeksiyasına yoluxma sayını sıfıra endirməsini o da çox istərdi, amma reallıqda belə deyil, vaksinasiya başlansa belə virusa qarşı digər mübarizə yolları, o cümlədən maska taxmaq, sosial məsafə saxlamaq məsələləri aktual olaraq qalır.