"People in Need" İntiqam Əliyevin dərhal azad olunmasına çağırır
2012-cü ildə İntiqam Əliyevi “Homo Homini” mükafatına layiq görən Çexiyanın “People in Need” insan haqları təşkilatı avqustun 8-də onun həbsi ilə bağlı bəyanat verib.
Bəyanatda deyilir ki, “Homo Homini” adlanan mükafat hər il insan haqları sahəsində fədakarlıq göstərən fəallara verilir.
“People in Need” təşkilatının Media Departamentinin sədri Tomas Urban deyir: “İntiqam Əliyev Azərbaycanda ən qorxmaz və ən vicdanlı insan haqları müdafiəçilərindəndir. O, illərlə özünü düşünmədən başqalarına yardım edib.Biz onun yubadılmadan və şərtsiz azad edilməsinə çağırırıq”.
Urbanın fikrincə, Azərbaycanda bütün rejim tənqidçilərini susdurmaq istəyirlər və şokedici məqam odur ki, bunlar Azərbaycanın hazırda Avropa Şurasının Nazirlər komitəsinə sədrlik etdiyi vaxtda baş verir.
“People in Need” təşkilatının mükafatı 2013-cü ildə İntiqam Əliyevə yüzlərlə yerli və xarici qonağın, insan haqları müdafiəçilərinin qatıldığı mərasimdə Çex Respublikasının Baş nazirinin müavini, Xarici işlər naziri Karel Shwarcenberg tərəfindən təqdim olunub. (azadliq.org)