"İkinci nəsil peyvəndlərin tətbiqindən sonra virus kökündən məhv olacaq" - Koln Universiteti klinikasının doktoru

25-12-2020, 09:04   


Koronavirusun İngiltərədə peyda olan və daha sürətlə yayılan yeni ştammı dünyanı, xüsusilə də Avropanı təşvişə salıb. Almaniyada son günlər çox sayda insan koronavirusdan dünyasını dəyişib. Mütəxəssislər ölkədə COVID-19-un mutasiyaya uğramış çoxlu növünün aşkarlandığını bildiriblər. Artıq peyvəndin də təsirli olub-olmaması ciddi müzakirə mövzusudur.
Virsun fərqli variantlarının bu cür sürətlə yayılması, Azərbaycana da gəlib çıxacağı istisna edilmir. Bu virus nə dərəcədə təhlükəlidir? Panikaya əsas varmı?
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Koln Universiteti klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev “Yeni Müsavat”ın bu və digər suallarını cavablandırıb.
- Doktor, ilk öncə elə Almaniyadakı vəziyyəti öyrənək, ölüm sayının çoxalması virusun mutasiyaya uğraması ilə bağlıdır, yoxsa başqa səbəb var?
- Öncə onu qeyd edim ki, İngiltərədəki virusu nəzərdə tutursunuzsa, ona elmi tərəfdən hələ tam mutasiya demək olmaz. Ona yeni virus variantı desək, daha doğrudur. Rəsmi olaraq isə Almaniyada hələ o virusun olması təsdiqlənməyib. Amma bu onun olmaması da demək deyil. Almaniyada ölənlərin sayına gəldikdə isə səhiyyə sistemi həqiqətən yavaş-yavaş artacağından  ehtiyat edir. Nə qədər güclü səhiyyə olsa da, ölənlərin sayının artması müəyyən formada səhiyyə sisteminin yüklənməsinə gətirib çıxara bilər. Almaniyanın da ehtiyat etdiyi budur. Ona görə də tətbiq edilən qaydalara, sərt karantin rejimlərinə, insanlar arasında görüşlərə məhdudiyyətlər qoyulub ki, maksimum insanlar canlı ünsiyyətlərdən uzaq olsunlar. Bununla da, yoluxma sayında azalma əldə edə bilsinlər və nəticə etibarı ilə də ölüm sayı azalsın. Sadəcə baxmaq lazımdır ki, deyilən qaydalar bir neçə həftədən sonra necə təsirini göstərəcək. Bir daha vurğulayıram ki, konkret olaraq Almaniyada ölüm saylarının artması səbəbini virusun mutasiyaya uğraması ilə bağlı olduğunu demək doğru deyil.
- Son günlər yeni virus B1.1.7 və koronavirusun mutasiyasından danışılır. Bəziləri bunu eyniləşdirir. Doğrudurmu?
- Əvvəldə qeyd etdiyim kimi, elmi formada desək, virusun mutasiyası ilə virusun yeni variantı arasında böyük fərqlər var. Təhlükəli ola biləcək üç mutasiya var. O mutasiyalar olarsa, virusun həqiqətən bəlli olan xarakterində dəyişikliklər ola bilər. Amma o mutasiyalar bu günə kimi rast gəlinməyib. B1.1.7 isə yeni virus deyil, insanların başa düşməsi üçün deyə bilərik ki, koronavirusun tərkibində olan bir qoldur, o qolda olan dəyişiklik isə virusun yeni bir variantına səbəb olub. Bu dəyişikliklə bağlı artıq ikinci dəfə ingilis alimlərinin elmi əsaslı təqdimatı oldu, nələri araşdırıb, nələri müqayisə etdiklərini açıqladılar. Nəticədə bilindi ki, həqiqətən virusun yeni deyilən variantı sentyabr ayından başlayıb. O da məlum olub ki, İngiltərədə yeni virus variantı ilə yoluxma halları daha öncədən yoluxma sayı yüksək olan ərazilərdə də rast gəlinib. Ona görə də elmi formada bu sual ətrafında müzakirələr aparılıb. Məntiqlidir ki, yeni virus orda da çox yayılsın. Yəni bu virus doğurdan da xəstəliyi ağır keçirməyə, yoluxma saylarının artmasına, yeni dalğa əmələ gətirməsinə səbəb olurmu? Bunu dəqiq bilmək üçün mütləq labaratoriyada yeni virus variantı ilə bundan əvvəlkini müqayisə etmək lazımdır. Ondan sonra elmə əsaslanan şəkildə rəy vermək olar. Hələ ki bu elmi cəhətdən izah edilməyib.
- Doktor, bəs yeni virus Azərbaycanda da yayıla bilərmi? Bu nə dərəcədə təhlükəlidir?
- Bilmirəm, sentyabrdan bu yana İngiltərdən Azərbaycana koronavirusa yoluxan kimsə gəlib, ya yox ? Məsələn, Almaniyada rəsmi formada olmasa da ehtimal var ki, həmin virus variantı bu ölkədə də olsun. Azərbaycanda da heç kim inkar edə bilməz. Çünki onu inkar etmək üçün gərək bizdə yayılan virus variantlarını dəqiq labaratoriyalarda analiz etmək imkanımız olsun. Bu olarsa, dəqiq demək olar.
Amma ümumiyyətlə, qeyd etməliyik ki , bu virus Azərbaycanda olsa belə, narahatlığa əsas yoxdur. Bunun hələ elmi cəhətdən təhlükəli olduğu əsaslandırılmayıb. İnsanlar bilməlidir ki, virusda olan dəyişikliklər, yəni yeni virus variantları yanvar ayından bizə bəllidir. Məsələn, Çində bir mərhələdən sonra təsdiqlədilər ki, virus dəyişib və dəyişəndən sonra ölüm halları çoxalıb. Onlar bunu yeni virus variantı ilə əlaqələndirdilər. Bundan sonra Avropada və digər ölkələrdə də araşdırma apardılar və gördülər ki, heç də Çində çoxsaylı ölümlərin səbəbi yeni virus variantı ilə bağlı deyil. Çin xəstəxanalarında o qədər yüklənmə olub ki, ölüm sayının çoxluğu bununla bağlı olub. Bu sadəcə bir misaldır ki, hər dəfə virusda olan dəyişikliklər ölüm halları ilə nəticələnməli deyil. Yanvar ayında İtaliyada elə hesab edirdilər ki, ölkəyə yeni virus Almaniyadan keçib. Sonra laboratoriyada sübut olundu ki, Almaniyada yayılan ilkin virus İtaliyada olan virusdan fərqlidir.
- Bəzi mütəxəssislər bildirirlər ki, mutasiyaya uğramış virus təhlükəli deyil. Amma yeni virus variantı daha təhlükəlidir...
- Səhv deyirlər. Ümumiyyətlə, hər kəs bilməlidir ki, COVİD 19 pnevmoniyasını yaradan SARS-COV-2 iki istiqamətdə mutasiya ola bilər. Söhbət mutasiyadan gedir, yeni virusdan yox. Ola bilər ki, həqiqətən elə istiqamətdə getsin ki, virusun virulentliyini azaltsın və tamamilə yox olsun. Yaxud da, virus elə dəyişə bilər ki, çox qorxulu bir hala düşər. Amma bu variantların heç birinə hələ ki rast gəlinməyib. İngiltərədə olan yeni virus variantı isə dediyimiz mutasiyalara aid edilmir.
- Bəs, virusdan sonra orqanizmdə dəyişikliklər ola bilərmi? İnsanlar nə etməlidir ki, başqa xəstəliklər də baş qaldırmasın?
- Frankfurdda belə bir araşdırma aparıblar. Virusu yüngül keçirənlər müəyyən ürək şikayətləri olduğuna görə ürək müayinəsinə gətirliblər və MRT müayinəsi ediliblər. Görüblər ki, onların ürək əzələsində həqiqətən müəyyən dəyşikliklər olub. Bu da orda baş verən iltihaba görədir. Bununla da sübut olunub ki, virusu yüngül və ya ağır keçirməsinə baxmayaraq sağaldıqdan sonra ürəkdə müəyyən şikayətlər varsa, bu iltihablı prosesin göstəricisi ola bilər. Ona görə də zamanında həkimə getmək vacibdir. Bu, vaxtında bəlli olarsa, həmin iltihablı prossesin qarşısını asanlıqla almaq mümkün olar. Eyni vəziyyət beyində və onurğa beynində də rast gəlinə bilər. Koronavirusdan sağaldıqdan bir müddət sonra beyində və onurğa beynində müəyyən iltihab yarana bilər. Bu barədə mənim özümün də elmi tədqiqatım var, yaxın zamanlarda elmi ədəbiyyatda çıxacaq. İnsanlarda virusdan sağaldıqdan sonra müəyyən başağrıları, nevroloji simptomlar olarsa, mütləq vaxtında həkimə müraciət etsinlər ki, ağırlaşma olmasın.
- Türkiyədən Azərbaycana vaksinlərin gətiriləcəyi bildirilir. Bu vaksinlərlə bağlı nə deyə bilərsiniz, etibarlıdırmı?
- Hər kəs bilməlidir ki, birinci və ikinci nəsil vaksinlər var. Bunların funksiyaları fərqli, müxtəlif hazırlanma üsulları var. Birinci nəsil peyvəndlərin əsas məqsədi peyvənddən sonra virusa yoluxma baş verərsə, onu yüngül keçirtməkdir. Bunların çox hissəsi gen texnologiyası ilə hazır olanlardır, ancaq 1-ci nəslin müəyyən hissəsi isə ölmüş viruslardan hazırlanır. Azərbaycan inaktiv peyvəndləri almaq strategiyasını seçib. Ümumiyyətlə, elmi cəhətdən yanaşsaq, digər peyvəndləri gen texnologiyası ilə hazırlanan peyvəndlə müqayisə etmək olmaz. Çünki bunlar əvvəldən fərqli üsullarla hazırlanırlar. İnaktiv peyvəndlər, hansı ki Azərbaycana gətiriləcək, onun hazırlanması daha tezdir. Elmdə narahatçılıq doğuran məsələ ondan ibarət idi ki, bu peyvənd zamanı reaksiyalar ola bilər. Avropa və Amerikada gen texnologiyasına ona görə üstünlük verdilər ki, digərlərində yan təsirlər ola bilər. Çində hazırlanan peyvəndləri isə, elmi tədqiqatla sübut ediblər ki, yan təsirləri yoxdur. Ona görə də əksər ölkələr, Türkiyə də, Azərbaycan da ehtimal ki, bu peyvənddən yararlanacaqlar.
- Bəzi ekspertlər bildirdilər ki, virus mutasiyaya uğradığına görə, peyvəndlərin təsiri olmayacaq. Sizin fikriniz necədir?
- Bu mutasiya deyil, bu virusun yeni variantıdır. Bu kimi dəyişikliklər birinci nəsil peyvəndlərə, xüsusilə də gen texnologiyası ilə hazırlanan peyvəndlərin effektivliyinə heç bir ciddi təsiri yoxdur. Laboratoriyada cüzi belə olsa, müəyyən təsir görünsə, onda qısa zaman çərçivəsində gen texnologiyası ilə hazırlanan peyvəndlərin də ərsəyə gətirilməsində müəyyən dəyişikliklər etmək olar. Həmin virus variantına da eyni effekt verəcək peyvəndi düzəltmək olar.
- Doktor, bu virusların bir sonu olmayacaqmı?! Bitdi zənn edərik, yenisi gələr. Artıq insanlarda dünyanın sonu gəlmiş deyə bir fobiya formalaşıb...
- Bu virusa yeni virus demək, virus yenidən mutasiya olundu, daha pis oldu, bunları demək düzgün deyil. Bunu bilməlidirlər ki, bu gün nə qədər özlərini qoruyurlarsa, virusun yeni formasının yaranmasından asılı oımayaraq mübarizəyə eyni şəkildə davam etməlidirlər. Əminliklə vurğulayıram ki, nə qədər təhlükəli olsa da, yeni virus növünün yayılmasının canlı ünsiyyətləri minimuma endirməklə qarşısını almaq olur. İkincisi isə insanlar bilməlidir ki, ikinci nəsil peyvəndlərin tətbiqindən sonra ümumiyyətlə, bu virusu kökündən məhv eləmək mümkündür. O da selikli qişa immunitetini yaratmaqla olacaq. Hətta mümkündür ki, həmin növ peyvəndləri buruna yalnız sprey şəklində vurmaqla insanlarda selikli qişa immuniteti yaradılsın. Bundan sonra da insan nə qədər bu virusla kontaktda olsa, xəstəliyə tutulmaz. Bunu yaratmaq mümkündür, ikinci nəsil peyvəndlərin artıq tədqiqatları aparılır. Avropada da var. Əgər belə davam edərsə, təxmini 11 aydan sonra onların da tətbiqini gözləmək olar. Düşünürəm ki, birdəfəlik bu problemdən qurtara biləcəyik.
Afaq MİRAYİQ,
"Yeni Müsavat"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.