“Yeni Azərbaycan” BBC-ni hədəfə aldı

11-08-2014, 12:22   
“Yeni Azərbaycan” BBC-ni hədəfə aldıHakim partiyanın qəzeti bu media quruluşunu Azərbaycana qarşı təxribatda ittiham etdi

Hakim Yei Azərbaycan Partiyasının (YAP) mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzeti Böyük Britaniyanın nüfuzlu media quruluşu olan BBC-nin Azərbaycan xidmətini hədəfə alıb. Qəzetin dünənki sayında “BBC Azərbaycanca”nın fəaliyyətilə bağlı ittiham dolu məqalə dərc olunub. Məqalənin bəzi hissələrini təqdim edirik:

“BBC Azərbaycanca” dövlət başçısının fikirləri ətrafında spekulyasiya yaradaraq ictimai rəylə manipulyasiya edir Yeri gəlmişkən, Azərbaycanda da fəaliyyət göstərən “BBC Azərbaycanca” həm ictimai rəylə manipulyasiya etmək, həm də yerli qanunvericiliyə, ümumiyyətlə beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərmək kimi çoxsaylı neqativ hərəkətlərin altına imza atıb.

Bu kontekstdə son olaraq “BBC Azərbaycanca” öz internet səhifəsində Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin rəsmi “Twitter” mikrobloqunda Ermənistan ordusunun son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədi və qoşunların təmas xəttində törətdiyi təxribatçı hərəkətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin mövqeyinə dair paylaşdığı fikirlər ətrafında spekulyasiya yaradıb və təhriflərə yol verib. Hətta ermənilərin təxribatçı, beynəlxalq hüquq normalarına zidd fikirlərinə “BBC Azərbaycanca”nın məsələ ilə bağlı hazırladığı xəbərdə xüsusi yer verilib. Qeyd edək ki, dövlətimizin başçısının rəsmi “Twitter” mikrobloqunda yer alan fikirlər Azərbaycan Prezidenti Ilham Əliyevin Ağdam və Bərdə rayonlarına səfəri zamanı səsləndirilib.

Azərbaycan xalqı və dövlətinin öz ərazi bütövlüyü uğrunda qətiyyətli mübarizə ruhuna malik olması nəyə görə “BBC Azərbaycanca”nı narahat edir?

...Bu məqamda qeyd etmək yerinə düşər ki, bəs “BBC Azərbaycanca”da çalışan azərbaycanlılar nəyə görə bu qurumun xalqımız və dövlətimizə qarşı təxribatçı fəaliyyətini, ermənilərlə sinxron işbirliyini qəbul edir, hər hansı bir etiraz etmirlər? Onlar, ən azından, vətəndaşlıq məsuliyyətini, vətənpərvərlik hissini, milli-mənəvi dəyərləri əsas tutaraq konkret mövqe bildirməlidirlər. Bu, ən azından, kütləvi istefa və ya digər formalarda etirazlar olmalıdır. Axı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün Azərbaycan xalqının davası, milli problemidir. Və ermənilər tərəfindən törədilmiş vəhşiliklər bütövlükdə xalqımızın faciəsidir. Bəlkə, orada çalışanların da yaxınları, qohumları erməni vəhşiliklərinin, xalqımıza qarşı həyata keçirilən soyqırımının qurbanı olublar. Belə olan halda, “BBC Azərbaycanca”nın Azərbaycan dövlətinə və xalqına qarşı çevrilmiş, ermənilərin maraqlarına xidmət edən mövqeyinə etiraz etməmək nə dərəcədə milli hiss və dəyərlərə, vətənpərvərlik duyğusuna uyğundur?!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar