«ATAHolding»in 2013-cü il üçün maliyyə hesabatında şübhəli məqamlar
Azərbaycanın məşhur şirkətlər qrupundan olan “ATAHolding” ASC 2013-cü il üçün maliyyə hesabatını açıqlayıb. Sənədə əsasən, şirkətin balans mənfəəti 2 mln 567,3 min manat olub. Bu, 2008-ci ildən holdinqin ilk nominal mənfəətidir.
Deloitte&Touche şirkətinin auditor rəyinə əsasən, 1 yanvar 2014-cü il üçün “ATAHolding” ödənilməmiş ziyanı 41 mln manatı keçib. Holdinqin ümumi kapitalı 73 mln manatdan bir qədər çoxdur. 2013-cü ildə “ATAholding” ASC-nin aktivləri 315,5 mln-dan 436,5 mln manat artıb.
Ötən il şirkətlər qrupu törəmə strukturlarından birinə (“Zəyəmkəndmaş”) nəzarəti itirib, bu zaman əlavə pul vəsaiti əldə etməyib.
Holdinq 2003-cü ildə yaradılıb. Buraya bir neçə maliyyə strukturu (“AtaBank” “AtaSığorta”, “AtaLizinq”), turizm, IKT, sənaye şirkəti daxildir. Qrup Bank VTB- (Azərbaycan)da 49% paya malikdir.
Bu il səhmdarlar nizamnamə kapitalını 100 mln manata çatdırıb. Təsisçiləri 3 xarici şirkətdir. Onlara Azərbaycan prezidentinin qızları nəzarət edir.
Məlumatda diqqət çəkən məqam iri holdinqin son 6 ildə ilk dəfə mənfəət əldə etməsidir. Hakim ailənin üzvlərinə məxsus holdinqin ötən illər ərzində mənfəətsiz işləməyi heç bir məntiqə sığmır.
Hakimiyyətə qarşı müxalif mövqedə dayanan qeyri-hökumət təşkilatlarını, insan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsləri vergidən yayınmaqda ittiham edən hakimiyyət oliqarxlara məxsus iri holdinqlərin ziyanla işləməsini araşdırsa, daha yaxşı olar. Belə vəziyyət təkcə “AtaHolding”lə bağlı deyil, eyni zamanda digər iri şirkətlərin də ziyanla işləməsinə dair ara-sıra məlumatlar açıqlanır. Dövriyyəsi milyonlarla manatla ölçülən holdinqlərin mənfəətlərini az göstərməsi, yaxud ziyanla işlədiyini açıqlaması ilk növbədə vergidən yayınmaq məqsədi daşıyır. Lakin bu, nədənsə Vergilər Nazirliyi və digər müvafiq qurumların diqqətindən kənarda qalır.