«Sədərək»də işi olmayan sürücülər hər dəfə girişə 50 qəpik ödəməli olur
Məcburi tətbiq olunan qaydanın məsuliyyəti kimin üzərinə düşür?
Ölkədəki azalmayan problemlərin fonunda əhali indi də başqa bir çətinliklə üzləşib. Rayonlara gedən avtomobillər Bakı dairəvi yolun təmir olunması ucbatından hazırda “Sədərək” ticarət mərkəzinin içiylə keçməli olub.
Bəlli olduğu kimi, ticarət mərkəzinə girən bütün nəqliyyat vasitələri hər dəfə 50 qəpik ödəyirlər. Bu hesabla, rayonlara işləyən avtomobillər ticarət mərkəzində işi olmasa da məcburi surətdə ordan keçdiyi üçün digərləri kimi, 50 qəpik verməlidir. Təmir olunan yolun bağlanması ucbatından çətinliyə düşən sürücülərə əlavə maddi problem yaradılmasının məsuliyyəti kimin üzərinə düşür?
Hüquqşünas Müzəffər Baxışov söyləyir ki, “Sədərək” ticarət mərkəzinin ərazisinə daxil olmaq üçün kimlərdənsə pul almaq özü qanunsuzluqdur. Həmsöhbətimiz qeyd edir ki, ölkədəki qanunların pula tabe olması heç də müsbət hal deyil: “Ticarət mərkəzinin yerləşdiyi torpaq dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsi dövlətin mülkiyyətində olduğuna görə ora elə məhdudiyyətlər qoyula bilməz. Yolun bağlanması və ticarət mərkəzinin içindən keçildyi üçün hər gün minlərlə manat yığılır. Bu da əsassız varlanmadır. Həmçinin qanunsuz yolla insanların cibinə girməkdir. Dərindən düşünəndə həmin şəxslər aldatmaq və etibarından istifadə etməklə vətəndaşların külli miqdarda əmlakını ələ keçiriblər. ”Sədərək" ticarət mərkəzinin rəhbərliyi barədə CM-nin müvafiq maddəsiylə məsuliyyət nəzərdə tutulur. Əfsus ki, orada işləyən şəxsləri ən yüksək səviyyədə müdafiə edirlər və buna görə də onlar öz qanunsuz hərəkətlərini davam etdirirlər".
M.Baxışov qeyd edir ki, hakimiyyət orqanlarının burada çox böyük məsuliyyəti var. Çünki, həmin yolu bağlamışdılarsa, orada hərəkət üçün alternativ yol müəyyən etməliydilər. Lakin alternativ yol düşünülmədiyindən “Sədərək” firmasının rəhbərliyi də bu imkandan istifadə edərək etibardan sui-istifadə ilə, insanların cibinə girməklə dələduzluq yoluyla onların əmlakına qəsd edir. Bunun üçün isə firma heç bir vergi ödəmir və əsassız varlanmaya yol verir: “Düşünürəm ki, bütün bunlar barəsində mütləq tədbirlər görülməlidir”.