Nemət Əliyev: «Hökumətin dayanacaqlarla bağlı gördüyü iş öz çevrəsinin vəziyyətini yaxşılaşdırmağa xidmət edir»
Ölkənin taleyüklü problemləri fonunda əhali indi başqa bir çətinliklə üz-üzədir. Əvvəllər dayanacaqlarda avtomobillərin təhlükəsizliyinə nəzarət edən və bunun müqabilində cəmi 20-30 qəpik alan vətəndaşlar Ilham Əliyevin məlum çıxışından sonra həmin gəlirdən də məhrum edildilər. Parkinqlərdə xüsusi aparatlar vasitəsilə bu məsələni həll edən hökumət görüntüdə tıxac problemini həll etdiyini qabardıb.
Əslində isə vəziyyət tamam başqa cürdür. Parkinqlərə daxil olan külli miqdardakı vəsaitlərin hara, kimin cibinə getdiyi açıq qalan suallardandır.
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, paytaxtda dayanacaqların vəziyyəti və idarə olunması sahəsindəki durum çox bərbad haldadır. Ekspertin sözlərinə görə, insanlar iş yeri tapa bilmədikləri üçün ümidini gündəlik 20 qəpiklərdən yığılan pula dikmişdilər. Hökumət isə bunu həmin insanlara da çox gördü: “Indi müəyyən yerlərdə aparatlar quraşdırılaraq vəsaitlər yığılır. Yəqin ki, ora gələn vəsait Bakı Şəhər Icra Hakimiyyətinin xəzinəsinə daxil olur. Pərakəndə halda olan dayanacaqlarda işləyənlər az gəlirlə dolana bilirdi və bu, daha çox insanı əhatə edirdi. Hazırda isə bu dayanacaqlar ləğv edilərək müəyyən yerlərdə avtoparklar şəklində yaradılıb. Məqsəd tıxac problemini həll etmək idisə, bu məsələ hələ də həllini tapmayıb. Eləcə də, məsələni hökumət səviyyəsinə qaldırmağın heç bir əhəmiyyəti yoxdur. Diqqət edəndə, hökumətin nə qədər xırda məsələlərlə məşğul olduğu üzə çıxır. Köklü problemlərdən yayınıb xırda məsələlərlə manipulyasiya etmək kimsəyə başucalığı gətirməz”.
Ekspert binaların altında yaradılmış avtodayanacaqların xüsusi təyinatlı olduğunu deyərək məsələnin digər tərəfindən bəhs edir. Belə ki, kütləvi dayanacaqları ləğv etməklə sürücüləri xüsusi daynacaqlara yönləndirmək ora pul ödəmək məqsədinin aydın olduğunu göstərir: “Nəticə etibarilə, ora axan pullar da yenə xüsusi ciblərə gedir. Azərbaycanda bu sahədə böyük problem var. Gəlirlərin böyük bir hissəsi gizlədildiyi üçün vergidən yayınmalar da külli şəkildə olur. Hökumətin dayanacaqlarla bağlı həyata keçirdiyi bu məsələ yenə də özünə bağlanan çevrənin vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Avtoparkların yaradılması sadə xalqa xeyir gətirmir. Çünki hər bir insan maşınını bir saatlıq avtoparka qoymaq üçün xeyli vəsait ödəməlidir. Bu isə az bir qismin maraqlarına xidmət edir. Avtodayanacaqlardan gələn gəlirin kimin cibinə getməsi isə hamıya bəllidir. Vəsaitlərin xüsusi ciblərə axması üçün sadə vətəndaşlara çətinlik yaradan bu məsələ hökumətin səhv addımıdır”.