Məhkəmə Elman Rüstəmovun dindirilməsində israr edir
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Avstriya ilə Azərbaycan arasında diplomatik qalmaqala səbəb ola bilər. Avstriya Mərkəzi Bankının “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) adlı törəmə şirkətinin Azərbaycan və Suriya üçün pul əskinaslarının çapına dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin dövlətlərin Mərkəzi bank rəhbərlərinə rüşvət verilməsi ilə bağlı cinayət işində Elman Rüstəmovun da adı keçir. Hazırda bu cinayət işi ilə məhkəmədə araşdırılır. Məhkəmədə Elman Rüstəmovun dindirilməsi zərurətə çevrilib. Avqustun 5-də keçirilən prosesdə baş bankirin videokonfrans vasitəsilə dindirilməsi nəzərdə tutulmuşdu. Lakin bu baş tutmadı. Azərbaycan hökuməti vəchlə Elman Rüstəmovu bu prosesdən təmiz çıxarmaq istəyir. Lakin məhkəmə baş bankirin dindirilməsində israrlıdır. Və bu məsələ ilə bağlı Azərbaycan Xarici Işlər Nazirliyinə müraciət olunacaq. Azərbaycan XIN-nin bu müraciətə müsbət cavab verəcəyi inandırıcı görünmür. Bu isə ilk ölkə arasında diplomatik qalmaqala səbəbə ola bilər.
Qeyd edək ki, cinayət işinin materiallarına əsasən Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər. 2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri - Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.
Avstriyada bu qalmaqalla əlaqədar 9 nəfər məsuliyyətə cəlb olunub. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, bankın pul əskinaslarının çapı ilə məşğul olan bölməsinə rəhbərlik etmiş 63 yaşlı Volfqanq Duçazek də var.