Soçidə Qarabağ danışıqları - gizlində nə var?- VİDEO
11-08-2014, 13:15
Münaqişənin nizamlanmasına yönəlik Rusiya təşəbbüsü baş tutdu; Azərbaycan və Ermənistan prezidentləri 9 aylıq fasilədən sonra Putinin vasitəçiliyi ilə bir araya gəldilər; görüşdə hər hansı sənəd, birgə bəyanat qəbul edilmədi; İlham Əliyev Kreml başçısının hüzurunda Sərkisyana “İşğalçı qoşunlar ərazimizdən çıxmalıdır” dedi; ekspert: “Savaş ehtimalı əvvəlki tək qalır...” Avqustun 10-da Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli Qarabağ danışıqları aparılıb. President.az saytında gedən qısa məlumatda danışıqlar Rusiya prezidentinin Soçidəki “Boçarov ruçey” iqamətgahında baş tutduğu qeyd olunub. Görüşlə bağlı yayılan xəbərlərə görə, Rusiya prezidenti bildirib ki, Qarabağ probleminin həllini tapılması üçün səbir, müdriklik və bir-birinə qarşılıqlı hörmət lazımdır. Hər iki prezidentin problemin sülh yolu ilə həll eləmək istəyinə müsbət yanaşdığını vurğulayan Pitin daha sonra bildirib: “Mən böyük məmnuniyyətlə bəyan edirəm ki, Azərbaycan prezidenti problemi dinc yolla həll etməyin vacibliyinə diqqət yetirdi. İndi isə siz (Ermənistan prezidenti Serj Sərkisyanı nəzrədə tutaraq-red.) bu haqda öz fikrinizi dediniz. Bu, əslində ən başlıca məsələdir. Çünki insanların ölümündən böyük faciə ola bilməz. Xoş niyyət varsa, istənilən mürəkkəb məsələni həll etmək olar. Mənə elə gəlir ki, belə bir xoş məram həm Azərbaycan, həm də erməni xalqlarında var”. Kreml başçısının sözlərinə görə, Qarabağ problemi keçmişdən, Sovet İttifaqından miras qalıb və onun həll yolunu tapmaq üçün təmkin və müdriklik göstərilməli, bir-birinə hörmətlə yanaşılmalıdır. V.Putin onu da xatırladıb ki, üç dövlət başçısı srağagün axşam sambo yarışlarına baxmağa gedəndə üçlükdə qeyri-rəsmi şəkildə də danışıblar. Onun dediyinə görə, bu da ən ağır mövzularda açıq, səmimi söhbət etmək üçün müəyyən pozitiv atmosfer yaradır. Rusiya lideri eyni zamanda münaqişənin həlli ilə bağlı beynəlxalq formata üstünlük verdiklərini söyləyib. Sitat: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq formatlarına hörmətlə yanaşır və həmin danışıqlarda bundan sonra da iştirak edəcək. Amma Rusiya Azərbaycan və Ermənistanla ikitərəfli münasibətlərinin xüsusi xarakterindən münaqişəni həll etmək üçün yararlanmağı da planlaşdırır”. Rusiya dövlət başçısı münaqişənin həli istiqamətində danışıqların davam edəcəyini deyib: “Biz bütün beynəlxalq formatlara ehtiramla yanaşırıq və bütün həmkarlarımızla birgə Qarabağ məsələsinin həlli üzərində işləməkdə davam edəcəyik. Bizim xüsusi və yaxın münasibətlərimiz var, keçmiş münasibətlərimizin tarixi uzağa gedir. Bu da bizə hazırda harada olmağımız və irəli getmək, keçmişdən miras qalan problemləri həll etmək üçün nə etmək lazım olması barədə açıq və səmimi fikir mübadiləsi aparmağa imkan yaradır”. Görüşdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, münaqişə çox uzanıb və həlini tapmalıdır: “Bu münaqişə çox uzandı, inanıram ki, Vladimir Putinin iştirakı ilə danışıqlar prosesinə yeni təkan veriləcək. Rusiya prezidentinin dediyi kimi, münaqişənin həll edilməsi üçün hüquqi bazaya əsaslanan format mövcuddur. BMT Təhlükəsizlik Şurası bu münaqişənin həll edilməsi üçün 4 qətnamə qəbul edib. Orada dəqiq yazılıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal etdiyi torpaqlarından çıxarılmalıdır. Təəssüf olsun ki, artıq 20 il keçib, ancaq qətnamələr kağız üzərində qalıb”. “Putin onu da xatırladıb ki, üç dövlət başçısı srağagün axşam sambo yarışlarına baxmağa gedəndə üçlükdə qeyri-rəsmi şəkildə də danışıblar” Ermənistan prezidenti isə növbəti dəfə təxribatçı mövqedən çıxış edərək Azərbaycanı ittiham edib. O, münaqişənin ATƏT prinsiplərinə əsasən həll olunmalı olduğunu söyləyib: “Mən hesab edirəm ki, münaqişə həll edilməlidir. Münaqişənin isə ATƏT-in irəli sürdüyü prinsiplər əsasında həlli mümkündür. Azərbaycan tərəfi həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrindən söz açır. Azərbaycanın özü o qətnamələrin hansı maddələrini həyata keçirib? Ermənistan isə o qətnaməyə uyğun olaraq döyüş əməliyyatlarını dayandırıb. Biz əgər 1990-cı illərə qayıtsaq, deyə bilərik ki, o vaxtlar kiməsə yaxşı olub, kiməsə pis, bunları deməyin yeri yoxdur. Əgər yenidən bir-birimizi ittiham etsək, bu münaqişə öz həllini tapmayacaq”. Ermənistan prezidenti sonda görüşün təşkil edilməsi üçün Rusiya prezidenti Vladimir Putinə minnətdarlığını bildirib. Danışıqlar 3 prezident arasında aparılsa da, sonradan heyətlərin də qatıldığı bildirilirdi. Təxminən 2 saata yaxın davam edən görüşdən sonra müzakirələr hər hansı sənəd və ya birgə bəyanat qəbul edilmədən yekunlaşıb. Virtualaz.org saytı BBC-nin rus xidmətinə istinadən xəbər verib ki, prezidentlər Vladimir Putin, İlham Əliyev və Serj Sərkisyan sonda belə ümumi qənaətə gəliblər ki, Qarabağ problemi yalnız dinc danışıqlar yolu ilə həll edilməlidir. Soçi görüşünün yekunlarını “Yeni Müsavat”a şərh edən Atlas Araşdırmaları Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu görüşün proqnozlaşdırıldığı kimi bitdiyini bildirdi. Onun sözlərinə görə, Putin Ermənistanın maraqlarının ziddinə addım atmadı: “Yəni nə münaqişənin həllinə yönəlik ciddi addımlar atıldı, nə də ki, bəzilərinin ehtimal etdiyi kimi Putin erməni həmkarı Sərkisyana təzyiq etdi. Hətta belə deyənlər var idi ki, guya Kreml sahibi Sərkisyanı Dağlıq Qarabağ ətrafındakı 2 və ya 5 rayonu azad etməyə müvəffəq olacaq. Bunların heç biri baş vermədi. Putinin Ermənistan hakimiyyətinin maraqlarına zidd addım atmayacağı bəlli idi. Çünki o, Qarabağ münaqişəsinin ədalətli həllinə təkan verməklə Sərkisyanın mövqelərinin zəifləməsini istəmir”. E.Şahinoğlunun qənaətincə, Sarkisyanın Putinin Azərbaycanı qazanmaq məqsədilə qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılıq verməsi onun siyasi sonunu gətirə bilər: “Ona görə də Soçi görüşünün nəticəsiz qalması Sarkisyanın maraqlarına uyğun idi. O ki qaldı Azərbaycana, Soçi görüşünü növbəti nəticəsiz görüşlərdən biri kimi unudacağıq. Putinin məqsədi sadəcə prezidentlərdən atəşkəsə riayət edəcəklərinə dair təminat almaq idi ki, Ukraynadan sonra Cənubi Qafqazda da özünə problem yaratmasın. Atəşkəs təminatı Sarkisyanın maraqlarına uyğun idi. Atəşkəsin davamı status-kvonun davamı deməkdir. Azərbaycan isə bununla barışmır. Deməli, cəbhə bölgəsində atəşkəsin pozulması halları davam edəcək. Bu, elə Soçidə görüş keçirilərkən də davam edirdi. Demək, savaş ehtimalı əvvəlki tək qüvvədə qalır”. Qeyd edək ki, Soçi təması ötən ayın sonunda Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin artması fonunda gündəmə gəlib. Cəbhədə baş verən toqquşmalar zamanı 14 Azərbaycan əsgəri şəhid olub. Erməni tərəfi itkilərinin sayını gizlətdiyi iddia olunsa da, ən azı 5 hərbçisini itirdiyini bəyan edib. Ötən 10 gün ərzində cəbhədə atəşkəs hər gün pozulub. Son olaraq avqustun 9-da - məhz Soçi görüşlərinin başlandığı gün ermənilərin atəşkəsi pozması nəticəsində Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, 1995-ci il təvəllüdlü, Ağsu rayonundan hərbi xidmətə çağırılmış əsgər Fətəlizadə Rüfət Nazim oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Yekunda bir xüsusi məqamı vurğulayaq ki, danışıqların rəsmi hissəsindən əvvəl onun qeyri-rəsmi fraqmenti də olub! Bu barədə kiçik ipucunu V. Putin çıxışında deyib. 3-lü format masa arxasına oturub, qəzet və televiziyalara poz vermədən öncə öz aralarında bu mövzuda müzakirələr aparıblar. Bizə görə bütün detallar və (əgər varsa) gizli gündəm həmin gün və həmin danışıqlarda yer alıb. Rusiya da problemin həllinə dair planının startını orada başladıb. Danışıqların rəsmi hissəsindən, prezidentlərin bəyanatlarından bəlli olur ki, onlar Rusiya planından narazı deyillər və gedişatdan məmnundurlar. "Yeni Müsavat"a bəzi ayrıntılar da məlumdur; lakin onun yazılması üçün daha ciddi dəqiqləşdirmələrə ehtiyac var. Yalnız onu deyə bilərik ki, işğal altındakı torpaqlarımızın bir qisminin qaytarılması ilə barışmaq zərurəti yönündə Ermənistan cəmiyyətinə kompromis aşılamaq üçün müəyyən fəaliyyətlər dərhal başlayacaq...