Serj Sərkisyan sovetdən qalma Zvartnots aeroportunda təyyarədən düşməyə macal tapmamış ermənilərin Bonapartyanının karikatur çöhrəsi erməni TV-lərində peyda oldu.
Sərkisyanın Soçidəki sülhsevər ritorikası öz yerini hədə-qorxuya verdi. Ağasının böyründə olanda üzünə qondurduğu müti təbəssüm də bir anda çəkilib getdi. Sifəti zəhər tuluğuna döndü...
Ermənistan prezidenti Soçidə danışıqlar masası arxasındakı vəziyyəti ilə müqayisədə bu gün çox cəsarətli görünürdü, səs-küyü aləmi bürümüşdü. Sülh barədə uzun-uzadı mühakimələr yürüdüb Azərbaycan prezidenti İlham Əliyevi atəşi tezliklə dayandırmağa çağıran Ermənistan prezidenti İrəvanda Ağdam xarabalıqları barədə danışır, Azərbaycanın digər yaşayış məskənlərini də böyük bir Ağdama döndərmək arzusundan üyüdüb-tökürdü.
Günaha batmayaq, Sərkisyan öz Nuh əyyamından qalma “TU” təyyarəsinin salonunda məşhur sovet portveyni “Ağdam”dan bəlkə normadan artıq içmişdi deyə belə danışırdı?!
Bu məqamda bir detalı yada salaq. İki il əvvəl Azərbaycan jurnalistlərindən biri Vladimir Putinə Rusiyanın Qarabağ məsələsundəki rolu barədə sual verəndə Rusiya prezidenti maraqlı cavab vermiş, Azərbaycanla Ermənistana məşhur sovet məhsulu olan “Ağdam” portveynini yenidən birgə istehsal etməyi məsləhət görmüşdü.
İndi söhbət yenə də Ağdamdan gedir. Sərkisyanın təbirincə desək, Ermənistanın xarabalığa çevirdiyi Ağdamdan...
Maraqlıdır, Putin Sərkisyana bu dəfə nəyi məsləhət görüb? Ağdamın taleyini azərbaycanlılara xatırlatmağımı?
Vladimir Putinin Soçi missiyası tam iflasa uğradı. Ermənistan prezidentinin bugünkü davakar bəyanatı buna əyani sübutdur. Özü də Sərkisyan bu gün Rusiya silahları ilə, Azərbaycanda istənilən hədəfi vurmağa qadir olduğunu dediyi “İsgəndər” raketləri ilə lovğalanırdı. Diqqət edin, bu hədələr danışıqlar başa çatandan dərhal sonra dilə gətirildi. Deməli, Soçi prosesi tam nəticəsiz olub?!
Elə təəssürat yaranır ki, Soçi görüşü hamıdan çox Putinin özünə lazım idi. Evlərin yandırıldığı, dinc insanların, qadın və uşaqların öldürüldüyü, bütöv məhəllələrin məhv edildiyi Ukraynadakı bu dəhşətli mənzərənin fonunda dünyanın gözü qabağına sülhyaradıcı cildində çıxmaq gərək idi. Bu halda nə olacaqdı? Bəli, sən demə, Rusiya heç də o qədər qorxulu və ağılsız deyilmiş, onu sadəcə olaraq belə təsvir və təsəvvür edirlər. Kim edir? Əlbəttə ki, hərbi müdaxilə və müharibə alovlarında yanan Ukrayna ilə bu yanğının tüstüsündə boğulan Avropa! Bəs necə?! Siz nə danışırsınız?! Rusiya bütün MDB məkanında sülhün və sabitliyin əsas qarantı imiş... Bəli, bəli, əgər Kreml olmasa, Sərkisyan Putin “İsgəndər”lərinin köməyi ilə Azərbaycanı çoxdan Ağdama döndərər, Azərbaycan artilleriyası isə İrəvanı yer üzündən silərdi. Nə yaxşı ki, Putin var, Rusiya var! Onlara eşq olsun!
Bu görüş İlham Əliyevdən daha çox Sərkisyanla Putinə lazım idi. Bir neçə günlük müharibə, daha dəqiq desək, müharibənin adicə qoxusu erməni cəmiyyətində panika və çaxnaşma yaradaraq onları qorxuya və qeyri-müəyyənliyə salmışdı.
Soçi görüşünün Putinə hansı səbəbdən lazım olduğunu artıq dedik. Bəs Sərkisyan Soçidə nəyə can atırdı? Əliyevdən fərqli olaraq Sərkisyan boğaza qədər daxili siyasi problemlər içindədir, üstəlik ölkəsinin iqtisadi vəziyyəti də çox ağırdır. Böyük müharibənin başlaması bu səfil ölkənin iqtisadiyyatını bir andaca tam iflic edər, üstəlik ölkədə demoqrafik çöküşə səbəb olardı. Qarabağ klanının monopoliyası və Ermənistandakı kriminal rejimin maraqları uğrunda heç bir erməninin döyüşməyəcəyi faktı elə Sərkisyanın özünə də aydındır.
Müharibənin başlaması bu mənada erməni cəmiyyətində partlayışa və permanent siyasi böhrana səbəb ola bilər. Ermənistan prezidenti də, ətrafı da bu təhlükəni görür, onun miqyasını anlayırlar. Müharibənin başlayacağı təqdirdə Ermənistan 90-cı illərin əvvəllərindəki Azərbaycanın vəziyyətinə düşə bilər. Və erməni ordusunun ilk hərbi uğursuzluğu Qarabağ klanının quldur hakimiyyətinə son qoya bilər. Azərbaycana baxmayın, Sərkisyanın ciddi müxalifəti var. Deməli, ona qarşı qiyam ehtimalı daha güclüdür. Ermənistan bu baxımdan II Qarabağ müharibəsinə sadəcə dözə bilməz, buna qadir deyil.
Azərbaycana gəlincə isə bu görüşdə ən az maraqlı olan tərəf məhz İ.Əliyev idi. Azərbaycan əvəz çıxmaq üçün münasib məqam axtarır. Bu məqam isə deyəsən, yetişib. Rusiyanın başı Ukrayna çaxnaşmalarına və Brejnev-Reyqan dövründən bəri Qərblə ilk böyük qarşıdurmaya qarışıb. Moskva necə deyərlər, qulağının dibində daha bir hərbi münaqişə ocağının yaranmasında əsla maraqlı deyil. Rusiyanın yeni müharibəyə müdaxilə etməyə nə gücü, nə ehtiyatı, nə də beynəlxalq nüfuzu yetməz. Bu ölkədə bütün dövləti və insani ehtiyatlar tükənib.
Sərkisyan Azərbaycana zərbə endirmək üçün Rusiya “İsgəndər”lərindən bəlkə də istifadə etmək istəyərdi. Amma bunu bacarsa... Çünki Sərkisyanın özünün də etiraf etdiyi kimi, Azərbaycanın Naxçıvanda yerləşdirilən raketləri İrəvanı bir andaca şumlayıb yer üzündən silməyə qadirdir. Naxçıvana endiriləcək istənilən zərbə isə Türkiyənin, qardaş ölkə ilə bərabər isə NATO-nun bu müharibəyə cəlb edilməsinə gətirib çıxaracaq...
İlham Əliyev müharibəyə hazırdır. Azərbaycan müstəqil dövlət kimi yaşadığı bu 23 il ərzində müharibəyə və qələbəyə heç vaxt indi olduğu qədər yaxın olmayıb. Əliyevin ölkənin daxilində də heç bir problemi yoxdur - “beşinci kolon” məhv olub, müxalifət dağınıq və zəifdir, xalqın isə əsas arzusu yalnız Qarabağın azadlığıdır.
Ermənistan da heç vaxt indiki qədər zəif olmayıb. Dünya erməniləri Qafqazın reallıqlarından heç vaxt indiki qədər uzaq düşməyib. Heç Qərb də Cənubi Qafqazda öz siyasi dominantlığını bərpa etməyə can atmır.
İ.Əliyev bunları çox gözəl anlayır. Bunu elə bu reallıqların qarşısında panikaya düşən Sərkisyan da anlayır.
İ.Əliyev söz savaşı aparmır. Onun əvəzinə Azərbaycan silahı danışır. Sərkisyan isə hələlik sözlə cavab verir. Ağdam, xarabalıqlar, müharibə haqda danışmaqla...
Müharibə heç də Murov dağının o üzündə deyil. Sərkisyanın çığırtıları və Putinin zarafatları Azərbaycana yeni Qarabağ müharibəsindən başqa heç bir yol qoymur.
Siyasətçilər Soçidə razılığa gələ bilmədilər. Siyasətçilər susanda silahlar danışmağa başlayır. Bizə isə yalnız bu sualı vermək qalır: nə vaxt?