“Bütün gün qan-tər içindədir, nəfəs ala və yata bilmir”
Hazırda həbsdə olan, Kürdəxanı təcridxanasında saxlanılan hüquqşünas İntiqam Əliyev barədə son xəbəri jurnalist Xədicə İsmayıl sosial şəbəkədəki statusunda paylaşıb.
X.İsmayıl yazıb ki, hüquqşünas hələ də karantində saxlanır: “Karantin dedikləri yer cərimə təcridxanasında bir balaca otaqdır. Səkkiz nəfər bapbalaca otaqda. Hamı siqaret çəkir, amma siqaret çəkmək üçün balkon, pəncərə nəzərdə tutulmayıb. Kameranın qapısındakı pəncərə gün ərzində açıq qalmalıdır, amma bağlanır. Temperatur çox yüksəkdir və bütün gün hamısı qan-tər içindədirlər. Hamam yoxdur, normal tualet də yoxdur. Gündə 2 dəfə 1 saat ərzində su verilir. Günün qalan hissəsi 8 nəfər bir baçok suyun ümidinə qalır. Otaq havalanmır. İki balaca nəfəskeş (fortoçka) var, onlar açıqdır, amma onlara da tor salınmayıb deyə kamera ağcaqanadla doludur, buna görə də yata bilmirlər. İntiqam müəllim bu müddət ərzində bir dəfə də açıq havaya çıxarılmayıb”.