Dövlət Baytarlıq Xidməti bunları niyə görməməzliyə vurur

13-08-2014, 12:49   
Dövlət Baytarlıq Xidməti bunları niyə görməməzliyə vururUşaqların gözləri önündə qanlar axıdılır

Şəhərdə hər addımbaşı qanunsuz sallaqxanalara rast gəlmək mümkündür. O sallaqxanalara ki, baxanda bir də baxmaq istəmirsən. Namünasib yerlərdə quraşdırılan sallaqxanaların ətrafında qoyunu, inəyi elə kəsirlər ki, yolun ortasına qədər qan axır, kəsilmiş heyvanın cəmdəyi göydən asılı vəziyyətə sallanır. Bu da antisanitariyaya səbəb olur və küçədə olan toz-torpağın həmin cəmdəyin üzərinə hopmasını deməyə əsas verir.

Nəticədə isə müxtəlif xəstəliklərin meydana gəlməsinə şərait yaradır. Bundan başqa, bir çox sallaqxananın xüsusi su-kanalizasiya sistemi yoxdur. Sallaqxanaların əksəriyyətini heyvan kəsimindən başı çıxmayan adamlar işlədir. Qəssab tibbi müayinədən keçməli və sanitar geyim geyinməli olduğu təqdirdə, bunların heç birini görmək mümkün deyil. Bundan əlavə, sallaqxanalarda ölmüş və mənşəyi bəlli olmayan heyvanlar kəsilir. Həmin ətin hansı heyvana məxsus olduğunu bilməyən istehlakçılar isə onu alır və nəticədə infeksion xəstəliklərə tutulur.

Dünya praktikasına nəzər saldıqda isə görə bilərik ki, dünyada ət və ət məhsullarının satışı açıq havada insanların, xüsusilə də uşaqların gözü önündə deyil, xüsusi yerlərdə həyata keçirilir. Ümumiyyətlə, insanların gözü qarşısında heyvan kəsimini həyata keçirmək həm mədəniyyətsizlik, həm də insanlara qarşı hörmətsizlikdir. Uşaqların gözü qabağında heyvanların kəsilməsi onların psixoloji durumuna olduqca mənfi təsir göstərir. Bundan başqa heyvanı kəsən şəxsin müsəlman olduğunu bilmək vacibdir. Çünki heyvanın halallıqla kəsilməsi əsas şərtlərdən biridir. Qonşu dövlət olan Türkiyədə yol kənarında heyvan kəsimi qadağan olunub. Xüsusi sallaqxanalar var ki, orada heyvan kəsilir, əti bölünür, laboratoriyadan keçir və mağazalara paylanılır. Lakin Azərbaycanda isə bu belə deyil.

Bu gün demək olar ki, ölkədə sallaqxanalara nəzarət yox səviyyəsindədir. Sallaqxanalara nəzarət Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti həyata keçirməlidir. Ölkəyə daxil olan və ölkədən çıxan heyvan və heyvan mənşəli bütün məhsullara həmin qurum nəzarət etməlidir. Heyvan baytarlıq nəzarəti altında kəsilibsə, həm sənədlərə, həm də heyvan cəmdəklərinə, budlarına möhür vurulmalıdır. Adıçəkilən qurumun ölkənin bir sıra bölgələrində şöbələri, laboratoriyalarının və təchizat bazalarının fəaliyyət göstərməsinə baxmayaraq, heç bir işlə məşğul olmur.

Məlumdur ki, Baytarlıq Xidmətinə hər il küllü miqdarda maliyyə vəsaiti ayrılır. Lakin burada belə bir sual çıxır ki, görəsən, həmin qurum ona ayrılan maliyyəni hara xərcləyir. Heç bir fəaliyyəti nəzərə çarpmayan Dövlət Baytarlıq Xidmətinin nümayəndələri sallaqxanalarda heyvan kəsiminə nəzarət etməli, laboratoriyadan keçirməlidir. Ətin satışına icazə verildikdən sonra həmin ət satıla bilər. Lakin Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova başda olmaqla, heç bir nümayəndəsi öz işinin öhdəsindən layiqincə gələ bilmir. Bu da onların fəaliyyətsiz bir qurum olduğunu göstərir. Bu qurumun dövlətin pulunu yeyib dövlətə qulluq edirəm deməyə haqqı yoxdur.

2008 - 2015-ci illəri əhatələyəcək dövlət proqramına əsasən, ərzaq məhsulları ilə təminatın tənzimlənməsi məqsədilə qanunsuz ət sallaqxanalarının ləğvi mümkünləşəcəkdi. Lakin hələ də bu istiqamətdə heç bir iş görülməyib. Nə qədər ki, qanunsuz sallaqxanaların fəaliyyəti zərərsizləşdirilməyib, insanlar daim təhlükədə olacaqlar. Ona görə də insanları bu işdə diqqətli olmağa səsləyirəm.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.