II qrup əlil olan Kərimov Vaqif Yaşar oğlu min bir əzabla müalicəsinə pul yığdığını deyir.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, o, həkim müayinəsi üçün günlərini saydığı bir vaxtda, həmişəki qaydada işdən yaşadığı Xırdalan şəhəri, Əzizbəyov küçəsi, 31b ünvanına qayıdıb.
Evin həyətinə girəndə bir az şübhəli məqamlara rast gəldiyini deyən zərərçəkən, mənzilə daxil olarkən otaqların dağınıq olduğunu görüb. İlk ağlına gələn isə, pullara baxmaq olub. Amma onları tapa bilməyib.
Ev sahibinin sözlərinə görə, həyətində xüsusi təlim görmüş it saxlasa da oğurluğa gələn şəxs və şəxslər onu zərərsizləşdiriblər. Evə baxış keçirən Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq əl-barmaq izləri götürüb, zərərçəkənin izahatını da alıblar.
Vaqif Kərimovun sözlərinə görə, qonşulardan biri onun evinə soxulan şəxslərdən birini görüb.
Məlum oğurluq faktının istintaqının nə yerdə olduğunu öyrənmək üçün Abşeron Rayon Polis Şöbəsilə əlaqə saxladıq. Şöbədən bildirdilər ki, hazırda Vaqif Kərimovun mənzilindən edilən oğurluqla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Şübhəli şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində iş aparılır. İndi zərəçəkən Vaqif Kərimova sadəcə gözləmək qalır.