Avropa Məhkəməsinə dair qeydlər türmə rəhbərliyini təşvişə salıb
Prokurorluq suvenir xəncərdən hüquq müdafiəçisinə qarşı yeni ittiham üçün istifadə etmək niyyətindədir
«Gərək həyətimizdəki toyuq-cücə, qaz-ördəklə bağlı da ekspertiza təyin edəsiniz, bəlkə iş üçün əhəmiyyətli nəsə oldu»
Hazırda Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Intiqam Əliyevin vəkilinə vermək istədiyi yazılı qeydlər əlindən alınıb. Hələ bu azmış kimi, üstəlik, hüquq müdafiəçisinə töhmət də verilib. Bu səbəbdən hüquq müdafiəçisi təcridxana rəhbərliyini məhkəməyə vermək niyyətindədir. Bu barədə “Azadlıq”a Intiqam Əliyevin vəkili Anar Qasımlı məlumat verib.
Vəkil bildirib ki, əvvəlcə məsələ ilə əlaqədar təcridxana rəhbərliyinə sorğu göndərib onlardan rəsmi cavab alacaqlar: “Intiqam müəllimlə bu mövzuda müzakirə aparmışıq, sabah (bu gün-red.) yenidən görüşüb, bir daha müəyyən məsələləri dəqiqləşdirəcəyik. Intiqam müəllim təcridxanada mənimlə görüşməyə gələndə, sonradan tərcüməyə vaxt getməsin deyə, rus dilində yazdığı qeydləri olub. Qeydləri götürən nəzarətçilər rus dilində bilmədiklərindən, orada nə yazıldığını başa düşməyiblər. Elə həyəcanlanıblar ki, sanki bomba tapıblar. Biz bildirdik ki, bu addım qanunsuzdur. Qeydlər Intiqam müəllimin özünə qaytarılmalı, ən pis halda, cırılıb atılmalıdır. Nəzarətçilər bildirdi ki, rəhbərliyin göstərişi belədir. Tələb elədik ki, rəhbərlik məsələyə aydınlıq gətirsin. Bir nəfəri çağırdılar, o da heç özünü təqdim eləmədi. Sonradan akt tərtib ediblər ki, guya, Intiqam müəllim sənədi gizli keçirmək istəyirmiş. Əlbəttə ki, həqiqətə uyğun deyil. Üstəlik, nəzarətçilər iddia ediblər ki, guya, Intiqam müəllim kobudluq edib. Məlum məsələdir ki, bu da yalandır. Məsələ ilə bağlı təcridxana rəhbərliyindən sorğumuza cavab alandan sonra məhkəməyə müraciət edəcəyik”.
Müsadirə olunmuş qeydlərin məzmununa gəlincə, Anar Qasımlı bildirib ki, Intiqam Əliyevin vəkil kimi Avropa Məhkəməsinə ünvanladığı və hazırda kommunikasiya mərhələsində olan şikayətlərlə bağlı olub: “Intiqam müəllim Avropa Məhkəməsindəki işlərinin taleyindən çox narahatdır. Qeydlərin məzmunu da Avropa Məhkəməsinin ekspertlərilə məsləhətləşmələrdən ibarət idi ki, həmin işlərin taleyilə bağlı indiki halda neyləmək olar? Elə təəccüb doğuran da budur ki, niyə bu qeydlər müsadirə olunmalıdır? Siyasi bəyanat deyil, hansısa təhlükəli haldan söhbət getmir. Sadəcə, Intiqam müəllim vəkilinə görməli olduğu iş barədə tapşırıq verir. Əgər şəxsin vəkililə bu cür ünsiyyətinin qarşısı alınırsa, bu, çox kobud qanun pozuntusudur”.
Intiqam Əliyevin işi üzrə istintaqda başqa bir maraqlı yenilik də var. Hüquq müdafiəçisinin evində axtarış aparılan zaman suvenir xəncərin götürülməsi bir yana, indi həmin əşyanın soyuq silah olub-olmadığının müəyyənləşdirilməsi üçün müstəntiq ekspertiza təyin edib. Müstəntiq Elviz Salayev xəncərə dair ekspertiza təyin edilməsi barədə qərarı Intiqam Əliyev və vəkilinə təqdim edərkən hüquq müdafiəçisi buna orijinal şəkildə cavab verib. Intiqam Əliyevin qərar barədə protokola maraqlı bir qeydi olub. Yazıb ki, “bu məntiqlə, gərək həyətimizdəki toyuq-cücə, qaz-ördəklə bağlı da ekspertiza təyin edəsiniz, bəlkə iş üçün əhəmiyyətli nəsə oldu”.
“Ümumiyyətlə, hələ axtarış zamanı evdən suvenir xəncərin götürülməsi absurd idi. Əgər axtarış zamanı qadağan olunmuş hər hansı əşya, sənədsiz silah və s. tapılsaydı, bu başqa məsələ. Mən əminəm ki, istintaqçıların bir çoxunun evində o suvenir xəncərdən var”, - deyə Anar Qasımlı bildirib.
Vəkil bütün suvenir mağazalarında satlan dekorativ əşyalar üzrə ekspertizanı qeyri-ciddi hesab edir.
Xatırladaq ki, avqustun 8-də həbs olunan Intiqam Əliyevə qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və qanunsuz sahibkarlıq kimi ittihamlar irəli sürülüb. Lakin yerli və beynəlxalq ictimaiyyət bu ittihamları əsassız hesab edir, həbsini isə sırf Intiqam Əliyevin hüquq-müdafiə sahəsindəki fəaliyyəti, o cümlədən Avropa Məhkəməsinə göndərdiyi çoxsaylı şikayətlərlə əlaqələndirir. Məhz bu səbəbdən “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Intiqam Əliyevi “vicdan məhbusu” elan edib.