Müzəffər Baxış: «Elman Rüstəmovun Azərbaycanda dindirilməsi Vyanadan məhkəmə tapşırığı göndərilə bilər»
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov adı Vyanadan keçirlən rüşvət məhkəməsindən yayınmaq üçün cəhdlərini davam etdirir. Söhbət Avstriya Mərkəzi Bankının “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) adlı törəmə şirkətinin Azərbaycan və Suriya üçün pul əskinaslarının çapına dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin dövlətlərin Mərkəzi bank rəhbərlərinə rüşvət verilməsi ilə bağlı cinayət işindən gedir.
Cinayət işinin materiallarına əsasən Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər. 2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri - Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.
Avstriyada bu qalmaqalla əlaqədar 9 nəfər məsuliyyətə cəlb olunub. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, bankın pul əskinaslarının çapı ilə məşğul olan bölməsinə rəhbərlik etmiş 63 yaşlı Volfqanq Duçazek də var.
Vyana məhkəməsi Elman Rüstəmovun da dindirilməsində israr edir. Hətta məhkəmə baş bankirin videokonfrans vasitəsilə ifadə verməsinə də razılaşıb. Avqustun 5-də keçirilən prosesdə Elman Rüstəmov videokonfrans vasitəsilə ifadə verməli idi. Lakin bu baş tutmadı. Bundan sonra Avstriya Xarici Işlər Naziri Azərbaycanın Xarici Işlər Nazirliyinə müraciət edib. Görünən budur ki, Vyana məhkəməsi istənilən halda Elman Rüstəmovun dindirilməsinə çalışır.
Bəs baş bankir ifadə verməkdən yayınmağa davam etsə də, Vyana məhkəməsi hansı qərarlar qəbul edə bilər?
Hüquqşünas Müzəffər Baxış məsələni “Azadlıq”a şərh edərkən bildirib ki, Vyana məhkəməsi Elman Rüstəmovun məcburi gətirilməsi qərar çıxara bilər: “Lakin bu qərarın icrası mümkün olmayacaq. Elman Rüstəmov Azərbaycan vətəndaşıdır vəAzərbaycan onu Avstriyaya verməyəcək. Digər tərəfdən Elman Rüstəmov sıravi vətəndaş deyil. Ona görə də onun məhkəməyə məcburi gətirilməsi haqqında çıxarılan qərar kağız üzərində qalacaq”.
Lakin hüquqşünas deyir ki, Elman Rüstəmovun Azərbaycanda dindirilməsi üçün ölkə məhkəmələrinə məhkəmə tapşırığı da verilə bilər: “Belə prosedur var. Əgər orada ağır cinayət araşdırılırsa, o zaman Ağır Cinayətlərə Dair Məhkəməyə məhkəmə tapşırığı göndərilir və buradakı adam dindirilir. Lakin bunun da təmin olunacağı inandırıcı görünmür”.