“Bir neçə gün bundan əvvəl mətbuatda belə bir xəbər oxudum. Başlıq belə idi: ”Siyasi həbslər avqustun axırınadək davam edəcək". Sivil dünyada oxşar başlıqla xəbərlər başqa mövzuda olur, məsələn, hava haqqında, hansısa alış-veriş mərkəzində endirimlər haqqında və s.
Qəribədir ki, eyni sərlövhəni bir neçə yerdə gördüm. Yazıların məzmunu da həbsxana divarları kimi soyuq və laqeyd idi. Halbuki söhbət insan taleyindən , onun səbəbsiz yerə həbsdə çürüməsindən gedir. Bəli, əziz oxucu, Azərbaycanda fərqli düşünənlər cinayətkarlardan da təhlükəlidir. Ikinciləri heç olmasa cinayəti törətdikdən sonra tuturlar...
Razılaşın ki, bu başlıq qədər Azərbaycandakı siyasi vəziyyəti əks etdirən ikinci bir tablonu canlandırmaq mümkün deyil. Yəni Intiqam Əliyev kimi hüquqşünas, Leyla Yunus kimi hüquq müdafiəçisi həbs olunursa, niyə də başqaları azadlıqda qalsın? Odur ki, həbslər davam edir. Bəli, əziz oxucu, bəlli kəsimin hakimiyyətlə işbirliyindən imtina edən bütün nümayəndələrinə qarşı hücum davam edir.
Həmişə olduğu kimi budəfəki aqressiya müxalifətdən də yan keçmədi. Rejim hüquq müdafiəçiləri ilə yanaşı, təbii ki, AXCP də “nəsibini” aldı. Yəni ənənə pozulmadı. Partiyanın mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin yazarı Natiq Ədilovun qardaşı Murad Ədilovu da ənənəvi metodla həbs etdilər. Onun evindən 3 qram narkotik “tapıldı”. Hərdən mənə elə gəlir ki, bizim hüquq mühafizə işçilərinə tapança, paqonla yanaşı... narkotik maddə də verirlər. Oxşar motivdə saysız-hesabsız həbslər bu anormal məntiqə haqq qazandırır. Hətta mən deyərdim ki, narkotik maddə tapılması ilə müşayiət olunan siyasi həbslər, oxşar ssenarili mülki həbslərlə müqayisədə ağlasığmaz dərəcədə azdır. Ölkə vətəndaşlarının bir kəsimi bu maddə (sözün hər iki mənasında - X.Ə.) ucbatından var-yoxlarını itiriblər. Nə isə, keçək mətləbə, yəni cib müxalifətinə...
Hər dəfə rejimin repressiyasının ardından cib müxalifətinin də hərəkətə keçməsinə bir növ adət etmişik. Oxucu haqlı olaraq iradını bildirə bilər ki, onsuz da buna öyrəşmişik, bunun harası mətləb oldu? Şəxsən mən də o fikirdəydim, amma ilk dəfə olaraq, cib müxalifəti bir az fərqli mövqe sərgilədi. Milli Şura və AXCP-ni, eləcə də onların liderlərinə böhtan atmaqla yanaşı, ilk dəfə olaraq, həbsdəkiləri “müdafiə” etdilər...
Səhifələrində bu günə qədər buraxın, Intiqam Əliyevə, Leyla Yunusa və digər həbs edilənlərə yer ayırmağı, siyasi məhbus termini belə işlətməyən qəzet, onları müdafiə edən cib müxalifətinin ruporuna çevrilib. Mən bu günlərdə iki belə “müdafiə” ilə tanış oldum. Konkret desək, “Yeni Müsavat” qəzetində Iqbal Ağazadə və Sərdar Cəlaloğlunun son həbslər haqqında mövqeyini oxudum. “Müdafiə”ni danmaq fikrində deyiləm, hər ikisi həbsləri qınayırdı. Amma anlamadığım (əslində anlaşılan - X.Ə.) bir şey... AXCP və Milli Şuranı siyasi məhbusları... müdafiə etməməkdə ittiham idi. Işin ən maraqlı tərəfi onda idi ki, hər iki “müdafiə”də nə siyasi, nə də ki, vicdan məhbusu ifadəsi var idi. Özlərini müxalifət adlandıran siyasilər və “müstəqil” qəzet, qırmızı xətti keçməməklə həbs olunanlara ən yaxın siyasi təşkilatlar və onların liderlərini “nədəsə” ittiham etməyə çalışırdılar. Inanın ki, mən o ittihamın nədən ibarət olduğunu ayırd edə bilmədim. Sərdar Cəlaloğlunu siyasi məhbusların taleyindən çox onların müdafiəsinə ayrılacaq məchul vəsaitin(!) taleyi haqda narahatçılığını bildirirdi. Iqbal Ağazadə isə, yenə də Milli Şuradan şikayətlənirdi, deyirdi ki, bizim demokrat olmağımıza imkan vermirlər...
Bu cameənin, yəni psevdomüxalifətin bu həbslərdə marağı heç şəksiz, iqtidardan nələrsə qoparmaqdır. Hər iki yanaşmada bəlli ritorika açıq-aydın hiss olunur, həbslər haqda “narahatçılıq”dan çox, hakimiyyətə mesaj özünü büruzə verir. Iki sitatla yazımı yekunlaşdırıam.
Iqbal Ağazadə: “Hər kəs bilir ki, bu gün Azərbaycana Avropa dəyərlərini, Avropada hakim olan demokratik dəyərləri birbaşa əxz etdirmək də mümkün deyil” (fikir Ramiz Mehdiyevə aiddir - X.Ə.).
Sərdar Cəlaloğlu: “Çünki bu adamlar (Intiqam Əliyev, Leyla Yunus və digər həbs olunanlar - X.Ə.) bizim qohum-qardaşımız deyil, bəziləri ilə heç üz-üzə də gəlməmişəm”.
Gerisini siz düşünün... Zəhmət olmasa...