Bayılda bir erməni vardı: Mişa – Məhbəs xatirələri
Bayılda kəlbəcərli dustaq, boz qurd olmuş, avtoritet kimi tanınan Xaqani Həşimovun bir dəfə söhbət zamanı dediyi sözlər heç yadımdan çıxmadı. O, məhkəməm yekunlaşdıqdan sonra kameradakı dustaqlarla vida mərasimi keçirərkən mənə: “Zon”da xəyalına gətirmədiyin adamlara, tanışlara, millətlərə rast olacaqsan. “Zon”, elə bil, bir dövlətdir. Bütün millətlərin nümayəndələri var orada, – demişdi.
Dediyi kimi də oldu. CÇM-ə gəldikdə köhnədən tanıdığım insanlarla - kəndçilərimlə, jurnalist fəaliyyəti ilə məşğul olanlarla görüşdüm.
Beynəlmiləl Cəza evi
İçəridə müxtəlif ölkələrin vətəndaşları vardı. Türkiyə, İran, Rusiya, Pakistan, Əfqanıstan, Ukrayna, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Gürcüstan... Hələ Rusiyanın tərkibində əriyib yoxa çıxan ölkələri – muxtar respublikaları demirəm. Afrikadan, Ərəbistan və bir çox ölkələrdən olan dustaqlar da vardı ki, əməllərinin sonucu olaraq burada “məskunlaşmışdılar”.
Bura Beynəlmiləl Cəza evi idi sanki. Əcnəbilərdən diqqətimi daha çox tibb məntəqəsində olan iki dustaq - Nigeriyadan olan Samsun və erməni Mişa çəkmişdi. Samsunun adı ötən yazılarda bir neçə dəfə ötəri də olsa çəkilib. Onun haqqında da ətraflı yazmaq istəyim var. Bu yazımın qəhrəmanı isə erməni Mişadır.
Bakı ermənisi
Mişa Bakı ermənisi idi. 2005-ci ilə qədər Bakıda azadlıqda yaşamışdı. Onun həbsinə səbəb azərbaycanlıya ərə gedən və adını-soyadını dəyişən qızı olmuşdu. Mənə bu haqda demişdilər. Özündən də soruşmuşdum. Nə isə mızıldanmışdı, amma qaneedici bir şey deməmişdi. Yazıq bir adam idi. Adamın ona ürəyi yanardı. Yalançı millətsevərlərin xətrinə dəyməsin, amma o, doğurdan da rəhm olunası adam idi. Xəstə olduğundan hərəkət edə bilmir, çarpayıda uzanılı qalırdı. Yeməyini dustaqlardan kimsə gətirib verirdi. Dişsiz çənəsi ilə yeyir və dualar edirdi. Bəzən bu dualar erməni dilində olurdu.
Bir dəfə erməni dilini yaxşı bilən bir zabitdən onun dediklərini olduğu kimi təkrar edib nə dediyini soruşdum. Qulaq asdı:
“Dua edir, - dedi. - Sağ olsunlar deyir”.
Onun erməniliyi qalmayıb
Mişanın vəziyyəti ağır idi. Osman adlı bir çeçen ona xüsusi diqqət kəsilirdi. Yeməyinə, suyuna baxırdı. Ona qulluq edən üzdəniraq dustağa ərzaq verirdi ki, yedizdirsin. Bir dəfə ondan niyə erməniyə belə xüsusi diqqət ayırdığını soruşdum. O:
- Onun erməniliyi qalmayıb. O, artıq o dünyasını gözləyir. Xəstədir. Yanına gələni də yoxdur. Məni də azərbaycanlı bilir. Mən heç ona demədim ki, çeçenəm. Bunun nə fərqi var ki? Allah görür. Hər kəsin əməli yazılır. Bilirsən, mənim etdiklərimi o, sizlərin adına yazır.
Mişa bir dəfə mənə dedi ki, siz azərbaycanlılar yaxşı adamlarsız... Sonra soruşdu ki, niyə Azərbaycan dilində danışmırsan? Dedim, rus dilində özümü yaxşı ifadə edirəm.
Daş bizim başımıza
Mişa ilə kobud rəftar edilmirdi. Bəzi dustaqlar ilk dəfə sirkə gəlirmiş kimi tibb məntəqəsinin həyətinə gəlir, çarpayısı həyətdəki böyük tut ağacının kölgəsinə qoyulmuş Mişaya baxıb: - Alə, daş bizim başımıza, gör müharibəni kimə uduzmuşuq, - deyib bambılılıq edirdilər. Bəziləri Mişaya tum təklif edirdi. Mişanınsa ağzında dişi yox idi. Qoca və heysizdi.
Mən otaq yoldaşlarımla - indi Allahın rəhmətinə qovuşmuş əslən Yevlaxdan olan Ramin Məmmədli və ağdamlı dostum Aqil Əliyevlə bir neçə dəfə erməni Mişanın “ziyarətində” olmuşduq.
Araq içmək istəyirəm
Bir dəfə ondan nə üçün tutulduğunu soruşdum. Demək istəmədi. İsrar etdiyimi görüb, “bir şərtlə deyərəm”, - dedi.
- Şərtini de.
- Araq içmək istəyirəm, tapsan, danışaram.
Bu, əslində nağıllarda olduğu kimi, səni gedər-gəlməzə yola salmaq idi. Türmədə araq? Bu, müşkül məsələdir. Amma daha Aqillə mənə yox da...
Sabahı onu su ilə qarışdırılmış təmiz tibbi spirtə qonaq etdik. İnanmadı. İylədikdən sonra içdi. Heysiz əli ilə ağzının qıraqlarını silib,“sonra danışaram”, - dedi.
- Mişa, bura “zon”dur. Baxmazlar qocasan, söz ağızdan çıxıb, biz riskə gedib sənə spirt gətizdirmişik. Sən isə tutulmağının səbəbini danışmırsan. Buranın qanunları qocaya, cavana, xəstəyə baxmır ha! - Ramin dedi.
Qızım məni tutdurdu
Onu qızı tutdurubmuş. Mişanın dediklərindən belə başa düşdük.
- Qızım azərbaycanlıya ərə gedib, ad-soyadını dəyişdirdi. Anası bacıları ilə çıxıb getmişdi. Yeznəm mənim də adımı dəyişdi. Adımı Mikayıl yazdırdı, familiyamın arxasındakı “yan”ı, “yev”lə əvəzlədi. Oldum Mikayıl Allahverdiyev. Ölümümə az qalıb. Qızıma dedim ki, evi satım, iki bacın da var Rusiyada, pulunu 3 yerə bölüm, onların da payını verim, sənin də.
“Zavağzalnı”da iki mərtəbəli 8 otaqlı evim vardı. Həyətimdə də 3 xırda ev tikmişdim, kirayədə qalanlar vardı. Pullarını qızım alırdı.
O, razı olmadı. Mən də dedim ki, gedib vəsiyyətnamə yazacağam, notariusda təsdiq etdirəcəm ki, evim 3 övladım arasında bərabər bölünsün. Bu sözü deyəndən sonra qızım məni tutdurdu.
- Necə tutdurdu? - maraq məni aparmışdı.
- Polisə xəbər vermişdi ki, guya mən priton açmışam evimdə. Narkotik alveri ilə məşğulam. Polislər axtarış apardı. Evimdən tiryək və bir bağlama nəşə tapıldı. Bir neçə kibrit qutusu da hazır satış üçün olan marixuana. 6 il iş verdilər. 2 ilə yaxındır burdayam. Çölə sağ çıxa bilmərəm. Məhkəmədə isə JEK-dən arayış alınanda məlum oldu ki, mən erməniyəm - Mişa Allaxverdiyan. Qızım isə azərbaycanlı gəlinidir. Mən ölsəm, evimin yeganə varisi qızım olacaq...
Mişa başqalarına həbs olunmasının səbəbini bir qədər fərqli danışmışdı. Məsələn, hərbidə kəşfiyyatçı mayor olmuş dustaq Nizar deyirdi ki, onun erməni olduğunu bilən JEK müdiri guya ona deyibmiş ki, gəl, evini sataq, pulunu yarı bölək, sənə başqa yerdən ev alaq, bununla da erməni olmanın izini itirək. Guya bu razılaşmayıb və MİS müdiri onu tutdurub.
“Çapıq” ləqəbli dustaq isə (adını unutmuşam) söyləyirdi ki, guya MİS müdiri onun qızının sevgilisi imiş və iki sevgili onu aradan götürmək üçün planlar cızırmış. Hər halda, bütün versiyalarda qızının onun həbs olunmasında adı keçirdi.
Yeznəm pis adam deyil
Azərbaycanlı olan yeznəsi ilə maraqlandım:
- Bəs sənin yeznən nə deyir? O haradadır?
- O, yaxşı vəzifədə çalışır. Vəzifəyə qalxmasında elə mənimlə qohum olması mühüm rol oynamışdı. Bu SSRİ vaxtından başlamışdı. İndi nəvələrim də var. Amma məni yoluxmurlar. Axı mən onların nəyinə lazımam? – sonra da dilini dişsiz ağzından çölə çıxararaq alt-üst çənəsini “təmizləyib” batıq səsi ilə, - Yeznəm pis adam deyil. Erməni qızını hələ də saxlayırsa... – dedi.
Elə edin ki, ölüm
Qışda Mişanın vəziyyəti daha da ağırlaşdı. Ona Tibb məntəqəsindəki otaqlardan birində yer düzəltmişdilər. Qaz sobası otağı daima isti saxlayırdı. Hərəkətsiz olduğundan yerini batırırdı və üzdəniraq dustaqlar onun altını təmizləyir, paltarını dəyişirdilər. O, dəfələrlə:- Elə edin ki, ölüm, - deyərək yalvarırmış. Lakin onun ölümünün qarşısını həkimlər kəsirdi. Müalicə edir, dava-dərmanın köməyi ilə bu dünyada çəkdiyi əzabının zamanını uzadırdılar. Onun ölümü həm də siyasi söz-söhbət ola bilərdi. Cəza evinə gələn beynəlxalq komissiyalar onunla maraqlanır, söhbətə tutur, ona yaradılan şəraitdən daima razı qalırdılar. Ona müraciət olunmuşdu ki, cəzanın qalan vaxtını Ermənistanda çəkmək istəyirsənsə, müraciət etsin. Lakin o, qəti şəkildə etiraz etmişdi:
- Mən Bakıda doğulmuşam...
Mişanın ölümgünüylə bağlı mərc
Mişanı bir qış günü dustaqların Mərkəzi xəstəxanasına apardılar. Bunu mənə Ramin dedi:
- Şair, Mişanı aparırlar. 3 günə öləcək.
Mən beyləqanlı Namiq Namazəliyevlə şahmat oynayırdım. Oyundan fikrimi ayırmadan:
- O, çox yaşayacaq, təxminən 2 həftə, - dedim.
Ramin aman vermədən əlini uzatdı:
- Gəl mərcləşək, bir blok “Vest”dən. Mərcləşdik.
Mərci uddum. Mişanın ölüm xəbəri 3 həftədən sonra gəldi.