İntiqam Əliyevlə bağlı daha bir bəyanat
18-08-2014, 10:11
Bu il fevralın 14-də təsis edilən “125-lər klubu” Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Intiqam Əliyevin həbsiylə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Bildiyiniz kimi, avqustun 8-də Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Intiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və qanunsuz sahibkarlıqda ittiham edilərək həbs edilib. Həmin gün onun evi və ofisində axtarış aparılıb.
Hazırda o, 1 saylı Bakı Istintaq Təcridxanasında saxlanılır. Bir sıra beynəlxalq və yerli qurumlar, ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslər, həmçinin Intiqam Əliyevin özü, həbsin və ittihamların arxasında hüquqi motivlərin yox, siyasi motivlərin dayandığını, bu həbsin siyasi sifariş əsasında həyata keçirildiyini hesab edirlər. Intiqam Əliyevin hüquq müdafiəçiliyi ilə uzun müddətdir məşğul olduğunu, Azərbaycanda insan haqlarının pozuntusu ilə bağlı Avropa Insan Hüquqları Məhkəməsinə çoxsaylı şikayətlər göndərdiyini nəzərə alsaq, həbsin motivləri səbəblərindən daha qabarıq şəkildə önə çıxmaqdadır.
Uzun müddətdir ölkədə hüquqi dövlətin yaradılmasına, qanunun aliliyinin təmin edilməsinə xidmət edən, cəmiyyətdə böyük nüfuza sahib olan bir şəxsin həbsi, bu həbs ətrafında cəmiyyətdə çoxsaylı sualların yaranması bizi də son dərəcə narahat etdiyindən 125-lər siyasi klubu olaraq, toplantı keçirib durumu təhlil etdik. Hadisəyə münasibətimizi mövcud rəylər əsasında deyil, faktlar, dəlillər əsasında formalaşdırmağa çalışdıq.
Intiqam Əliyevin müdafiəsi ilə məşğul olan vəkil ittihamın detalları ilə iştirakçıları ətraflı tanış etdi. Mətbuatdan və daha öncəki bəyanatlardan da bildiyimiz kimi, Intiqam Əliyev, 2010-cu il parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsinə 40-dan çox şikayət göndərib, hazırda həmin şikayətlər üzrə hökumətlə kommunikasiya gedir. Intiqam Əliyevin cəmiyyətdən təcrid olunması həmçinin onun hüquqi xidmət göstərdiyi onlarla şikayət işlərinin taleyinin sual altına qoyulmasıdır, onun Avropa Məhkəməsi qarşısında seçki işlərinin kommunikasiyasını davam etdirməsinə maneçilik törədilməsidir.
Təəssüflə qeyd edirik ki, son bir neçə ay ərzində xeyli sayda hüquq müdafiəçisi analoji ittihamlarla tutulub, müstəqil QHT-lərin və onların rəhbərlərinin, o sıradan Hüquq Maarifçiliyi Cəmiyyətinin və Intiqam Əliyevin bank hesablarına həbslər qoyulub, qrant layihələrinin qeydiyyatına maneələr yaradılıb. Bütün bunlar ictimai fəaliyyətlə məşğul olan insanlara qarşı hansısa bir kampaniyanın aparılması təsəvvürü yaratmaqdadır. Intiqam Əliyevin cinayət işinin detalları mətbuatda açıqlanıb və ittiham edilən şəxsə qarşı baş vermiş qanunsuzluqlar bu işin həqiqətən də sifarişli həbs olduğundan xəbər verir.
Biz, insan haqları və demokratik dəyərləri hüquqi dövlət quruculuğunun təməl sütunları hesab edirik. Bu sütunları zəiflədən neqativ halları qətiyyətlə pisləyərək, Intiqam Əliyevin dərhal azad edilməsini arzulayırıq".
Digər xəbərlər