İcra başçısı rayonu dövlət qanunları ilə yox, yaxın
qohumu Fazil Məmmədovun qanunları ilə idarə edir
Paytaxtın ən böyük rayonlarından olan Binəqədi rayonu ölkənin bəlkə də ən çox problemlər müşahidə olunan ərazisidir. Gen-bol “təmiz Binəqədi” reklamlarına hər yerdə rast gəlinsə də, əslində bu təmizlik quru sözdən o yana keçmir. Binəqədi məmur özbaşınalıqlarının pik həddə çatdığı, vətəndaşların qanunsuzluqlara, haqsızlıqlara məruz qaldığı bir rayon “imicini formalaşdırıb”. 2012-ci ildən rayona rəhbərlik edən Xaləddin İsgəndərov Binəqədidə “xüsusi idarəetmə institutu” formalaşdırıb. İcra başçısı ətrafına topladığı yaxın çevrəsi vasitəsilə qanunsuzluqlara rəvac verərək rayonu sosial-iqtisadi problemlər girdabında boğur. Özünü daha çox “qurucu başçı” kimi təqdim etməyə çalışan X. İsgəndərovun abadlıq “siyasəti” rayon sakinlərinə heç də “ucuza” başa gəlmir.
Xaləddin İsgəndərovun Binəqədidə “abadlıq modeli”
Binəqədinin özünəməxsus “abadlıq modeli” mövcuddur. İcra hakimiyyətinə vergi sistemindən transfer olunan Xaləddin İsgəndərov rayonda “xüsusi vergi sistemi” formalaşdırıb. Vergilər naziri Fazil Məmmədovun yaxın qohumu olan, onun xeyir-duası ilə təyinat alan Xaləddin İsgəndərov və onun komandası tərəfindən Binəqədi əməlli-başlı özəlləşdirilərək yaxşı gəlir verən bir “toçkaya” çevrilib. Əvvəllər vergi sistemində çalışdığı üçün (İB təyinatına qədər Bakı şəhəri Vergilər Departamentinin rəis müavini olmuşdur) X.İsgəndərov rayonda özünəməxsus “vergi şəbəkəsi” formalaşdırmaqla istər dövlət müəssisələrində, istərsə də özəl sektorda şəxsi qanunlarını tətbiq etməyi bacarıb. Rayonda abadlıq-quruculuq işlərinin aparılması üçün büdcədən külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq, görülmüş kosmetik xarakterli işlər yerli sahibkarlardan, idarə və müəssisələrdən qanunsuz olaraq toplanmış vəsait hesabına aparılır. Rayon ərazisində fəaliyyət göstərən sahibkarların fəaliyyəti dözülməz dərəcədə pisləşib. Vaxtaşırı müxtəlif adlarla onlardan toplanan qanunsuz vəsaitlər iş adamlarının fəaliyyətini iflic edib. Əsasən təmir işlərinin görülməsi adı ilə sahibkarlar “aylığa” oturdulublar. Əslində isə rayon ərazisində ciddi bir iş görülmür, yalnız daha çox maxinasiya aparmaq mümkün olan başdansovdu kosmetik işlər aparılır. X.İsgəndərov yolların kənarlarında süni torpaq təpəciklər ucaltmaqla əslində problemlər girdabında boğulan Binəqədi ərazisini sanki “gizlətmək” istəyir. Binəqədinin yaşayış massivlərini “yaşıl təpəciklərin” arxasında “gizlədən” icra başçısı rayonda baş alıb gedən qanunsuzluqlardan, sakinləri cana doyduran problemlərdən sanki xəbərsizdir. Əslində isə bu təpəciklərin arxasında illərlə toplanan problemlər dağ kimi ucalır. Rayonun kənd və qəsəbələrində ən adi məişət problemləri vətəndaşların həyatını cəhənnəmə döndərir. Yayda toz-torpaqdan, qışda palçıqdan keçilməz olan küçələr, evlərə dolan kanalizasiya suları, ifunət, antisanitariya Binəqədinin dəyişməz simvoludur. Lakin, nədənsə Xaləddin İsgəndərovun “quruculuq işlərinin” heç izi-tozu da bu ərazilərdə hiss olunmur.
Tikinti və söküntü “biznesi”
Lakin hamıya məlumdur ki, gözdən-könüldən iraq düşmüş, unudulmuş bu qəsəbələrdə heç kimin illərlə yaşadığı həyət-bacasında daşı daş üstünə qoymağa ixtiyarı yoxdur. Dərhal X.İsgəndərovun qolu zorlu adamları dəstəylə həmin binəvanın başının üstünü kəsdirib hədə-qorxuyla, zorla pul tələb etməyə başlayırlar. Sakinlərin dərdini demək üçün axtardıqlarında tapılmaz olan yerli bələdiyyə, icra,polis əməkdaşları tikinti aparılacaq ərazini mühasirəyə alır, tələb olunan vəsaiti almayana qədər tikintiyə imkan vermirlər. Binəqədi rayon ərazisində, qəsəbələrdə yerindən asılı olaraq tikinti tikmək üçün 5 min manatdan 10 min manata qədər, bəzən isə daha artıq vəsait tələb olunur. Tikilən evin bir və ya iki mərtəbəli olmasının da qiymətə böyük təsiri vardır. Bu gün Binəqədi rayonunda ən gəlirli sahələrdən biri məhz bu “tikinti sektorudur”. Bu yolla hər il milyonlarla vəsaitin mənimsənilməsinə baxmayaraq qəsəbələrdə ən adi məişət problemlərinin həlli istiqamətində heç bir addım atılmır. Görəsən, toyuq hini tikmək istəyən vətəndaşdan bir göz qırpımında xəbər tutan vəzifə sahibləri qəsəbələrin dəhşətli vəziyyətini görmürlərmi? Heç olmazsa əhalidən qanunsuz olaraq zorla toplanan vəsaitin cüzi bir hissəsi qəsəbələrin sosial-iqtisadi inkişafına sərf olunsaydı, indi buralar əməlli-başlı göz oxşayardı. Lakin tikinti qiymətləri gündən-günə artsa da, qəsəbələrin acınacaqlı vəziyyəti dəyişmir ki,dəyişmir.Özü də sabiq icra başçısının vaxtında bu qiymətlər dəfələrlə ucuz olsa da X.İsgəndərovun “qayğısı” nəticəsində indi kasıb təbəqə üçün əlçatmaz həddə çatmışdır. X.İsgəndərovun “Vergi sistemi” təkcə tikinti sahəsində yox, həm də söküntü sahəsində də vətəndaşların başı üzərindən demokl qılıncı kimi asılmışdır. Məlumatlara görə, icra hakimiyyəti tərəfindən himayə olunan xüsusi qrup insanlar vətəndaşlara hədə-qorxu gələrək evlərinin qanunsuz tikildiyini iddia edərək söküləcəyi ilə hədələyir, əvəzində isə bir mərtəbəli evlər üçün 5 min manat, iki mərtəbəli evlər üçünsə 10 min manat vəsait tələb edirlər. Tələb olunan pulu verməyən sakinlər isə incidilərək təhqir olunur, evləri başlarına uçurulur. Bu məsələ bir müddət öncə böyük səs-küyə səbəb olduğu üçün İcra başçısı özünü qorumaq üçün müavinlərindən birini qurban verərək zərbədən yan keçmişdi. Rayonun bütün qəsəbə və kəndlərində vəziyyət demək olar ki, eynidir. Hər yerdə eyni qanunsuzluqlar, sosial-iqtisadi problemlər hökm sürür. Fəaliyyətində yalnız daha çox sərvət sahibi olmağı əsas prinsip hesab edən məmurların əməlləri nəticəsində bu gün Binəqədi problemlərin məngənəsində çırpınır. Su, işıq, qaz, gündəlik məişət problemləri əhalini çətin duruma salmışdır.
İcra başçısının “gizli kassaları” - Ədalətin ədalətsizlikləri
Lakin, bütün bunları görməzdən gələn icra hakimiyyəti daha çox qazanmaq üçün fəaliiyət göstərir. İcra başçısının yerli nümayəndələri bir növ “gizli kassa”, pulyığan rolunu oynayırlar. Qeyd etdiyimiz kimi, Binəqədidə tikinti və söküntü biznesi eyni dinamik inkişafdadır. İcra nümayəndələri tikinti tikmək istəyən vətəndaşların “dərisini soyurlar”. Binəqədi rayon İcra Hakimiyyətinin Təsərrüfat işləri üzrə şöbə müdiri Ədalət daha çox rayonda pul toplanması işləri ilə məşğul olur. “Təsərrüfat işlərini” başlı-başına buraxan Ədalət müəllimi rayonda məhşurlaşdıran daha çox onun ədalətsizlikləridir. İcra başçısının “təmiz imicini” qorumaq üçün bütün pul toplama əməliyyatları bilavasitə onun rəhbərliyi altında formalaşdırdığı “komandasının” tərəfindən həyata keçirilir. Bu komandaya isə Nicat, Orxan və başqa şəxslər daxildir. Onların tələb etdikləri “dinməver” pulunu isə verməməyə kimsənin cəsarəti çatmaz. Ümumiyyətlə, Xaləddin İsgəndərovun belə “kadrları” hər zaman olub və lazım olan məqamda başçı onları qurban verməklə özünü xilas edə bilir. Hər halda indiyə qədər belə faktlar kifayət qədər olub.
Plana düşən evlərin “bəxti necə açılır”?
Bu günlərdə isə X. İsgəndərovun daha bir “əməliyyatı” haqqında məlumat almışıq. Bildirilir ki, Binəqədinin icra başçısı plana düşən sənədsiz evləri sənədləşdirir. Binəqədi rayon İcra Hakimiyyətindən daxil olan məlumata görə, rayon icra başçısı Xaləddin İsgəndərov avtovağzalın ətrafının plana düşməsinə görə ərazidəki bəzi evlərin sökülməsi üçün göstəriş verib. Bildirilir ki, yeni avtovağzalın arxa hissəsində dairəvi yol çəkiləcək və buna görə də ərazinin bir hissəsi plana düşür. Həmin ərazidə isə yüzlərlə ev və obyektlər var. Həmin evlərin və obyektlərin heç birisinin hər hansı bir sənədi yoxdur. Məhz buna görə də ərazinin plana düşməsini göydəndüşmə fürsət kimi dəyərləndirən Binəqədi icra başçısı Xaləddin İsgəndərov evlərə sənəd vermək niyyətinə düşüb. Artıq ərazidə evi olan şəxslərə sifariş edilib ki, sentyabr ayında evlərə və obyektlərə sənəd veriləcək. Bununla da Xaləddin İsgəndərov bir güllə ilə iki dovşan vurmağı planlaşdırır. Belə ki, Xaləddin İsgəndərov artıq evlərə sənəd verilməsinə üçün evlərin sahəsinə görə 7 min manatla 15 min manat arasında qiymət tətbiq edib. Artıq sakinlərə bu barədə məlumat verilib və onlardan pul yığımına start verilib. Ərazidəki sənədsiz obyektlərə isə icra başçısının daha yüksək qiymət qoyduğu bildirilir. Bundan başqa ərazi sökülən zaman vətəndaşlarla bazarlığı məhz icra hakimiyyəti həyata keçirəcək. Məhz bu bazarlıqda da Xaləddin İsgəndərov milyonlarla manat gəlir gözləyir.
Xaləddin İsgəndərov hakimiyyət daxilindəki dayaqlarından istifadə edərək vəzifə kürsüsünü bir qədər də böyütmək fikrindədir. Onun Bakı şəhər İcra Hakimiyyətinin başçısı postuna iddia etməsi haqqında mətbuatda kifayət qədər məlumat verilib. Bu məqsədlə xüsusi çaba sərf edən X. İsgəndərov hələ də “Bakı planını” reallaşdırmaq üçün çalışır. Bunun isə ağrısını daha çox Binəqədi sakinləri çəkirlər. Zaman-zaman bu məqsədlə rayonda “xüsusi kompaniyalar” da təşkil edildiyi məlumdur.
Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik...