Süleyman Mikayılov Qaradağı “nokauta” salıb

18-08-2014, 16:25   
Süleyman Mikayılov Qaradağı “nokauta” salıbİdmançı icra başçısı necə hüquqşünasa çevrildi?

S. Mikayılovun 42 yaşında saxta bir ali məktəbdən BDU-ya necə köçürülməsinin şok təfərrüatı

Qaradağ rayonunda bütün sahibkarlar dad diləyir. Onların yalnız bir problemi var – icra başçısı Süleyman Mikayılov.
İlk öncə bazarlardan danışaq. Qaradağdakı bazarla bağlı yaratdığı qalmaqallı vəziyyət artıq yuxarıların da diqqət mərkəzinə düşüb. Rayon sahibkarları bildirirlər ki, onlar dəfələrlə icra başçısı Süleyman Mikayılovun zülmləri ilə bağlı müxtəlif dövlət instansiyalarına şikayət ediblər. Bir müddət onların şikayətlərinə baxan olmasa da, son günlər bir qədər tərpəniş yaranıb. Problemin yaranmasına səbəb isə Lökbatan qəsəbəsi ərazisindəki bazarın özəlləşdirilməsi zamanı yol verilən qanunsuzluqlardır.
Qeyd edək ki, bununla əlaqədar bir qrup sahibkar müxtəlif məhkəmə instansiyalarına müraciət ediblər. Amma hələ də bu barədə iş adamlarının haqqını təmin edəcək heç bir qərar verilməyib. Əksinə, bazar qarışıq ətrafdakı mağaza və dükanları da ələ keçirən icra başçısı Süleyman Mikayılovun yaxın adamları məhkəmə hakimlərini də ələ aldıqlarını etiraf edirlər.
Şikayətçi sahibkarlar bildirdi ki, onların son ümid yeri prezidentdir: «Əgər bazarın özəlləşdirilməsi məsələsi və eyni zamanda Qaradağ rayonunun içində tikilən «Berlin divarları» problemi həll olunmazsa, onlar bir zamanlar Qaradağ rayonundan deputat seçilmiş prezident İlham Əliyevlə görüşə can atıb, dərdlərini canlı olaraq dövlət başçısının diqqətinə çatdırmalı olacaqlar».
Gələn xəbərlərə görə, artıq bu məsələ də yuxarılar tərəfindən araşdırılmağa başlanılıb. Və məsələ ilə əlaqədar Qaradağın icra başçısı dəvət edilərək, dindiriləcək. Onunla rayonda süni narazılıq yaratdığı, büdcə vəsaitlərinin dağıdılması və digər məsələlər müzakirə olunacaq. Hər şeyin Mikayılovun verəcəyi və əsaslandıracağı cavablarından asılı olacağı gözlənilir.

İdmançı icra başçısı necə hüquqşünasa çevrildi?

Qaradağ rayon icra hakimiyyətinin başçısının həyat yolu ilə bağlı redaksiyamıza daxil olan informasiyalar kifayət qədər ilgincdir. İcra başçısının 1984-cü ildə Bədən Tərbiyəsi Akademiyasını bitirməsi bir sıra müəmmalara yol açır. Apardığımız araşdırmalar zamanı Süleyman Mikayılov bir neçə dəfə Akademiyadan kənarlaşdırılıb. Onun dərslərə dəvamiyyətində və bir neçə dəfə dava etdiyinə görə ali məktəbdən qovulduğu bildirilir. Nəhayət 22 yaşında (normal halda sovet dövründə 20 yaşında ali təhsili başa vurmaq mümkün idi red.) S.Mikayılov ali məktəbi bitirə bilib. Boksla məşğul olmasına baxmayaraq heç bir əmək fəaliyyəti olmayıb. Bundan sonra isə S.Mikayılov biznes fəaliyyəti ilə məşğul olub. Yalnız regional amillər baxımından o Yardımlı rayonunda icra başçısı təyin edilib. Maddi imkanlarını bir qədər də genişləndirdikdən sonra S.Mikayılov 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hər halda əlimizdə olan rəsmi tərcümeyi-halda belə yazılır. Apardığımız araşdırmalar zamanı bəlli olub ki, əslində bu icra başçısı Dərdənddə adı bəlli olmayan bir ali məktəbə pulla daxil olub. 2001-ci ildə həmin ali məktəbdə bir il adı tələbə kimi qeyd edilən S.Mikayılov icra başçısı olduğu dönəmdə «perevod» alaraq BDU-nun hüquq fakultəsinin tələbəsinə çevrilib. 42 yaşında BDU-nun məzunu olan icra başçısı tərcümeyi-halına hətta bir zamanlar elmlər namizədi adı da yazdırmaq istəyib. Laki onun bu arzusu hələ də gerçəkləşməyib. Bu mövzu ilə bağlı olaraq da araşdırmalarımız davam edir.
Bizə təqdim edilən tərcümeyi-halda Sülyman Mikayılov haqda yalnız aşağıdakıları əldə edə bildik:
- Qaradağın icra başçısı Süleyman Mikayılov da yerli mətbuata tanış məmurlardandır. 1962-ci il aprelin 27-də Naxçıvanda anadan olan icra başçısı bundan öncə Yardımlı və Lənkəran rayonlarında söz sahibi olub. S.Mikayılov 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
2010-cu ildən ölkə başçısının sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidentidir.

Hər kəs ondan üz çevirdi

Uzun illər Boks Federasiyasının vitse-prezidenti olan S.Mikayılov hər yerdə bu federasiyanın prezidenti olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından sui-istifadə edib. Bu federasiyada bütün icra işlərini həyata keçirən icra başçısı ilə bağlı çox əhəmiyyətli problem ötən il ortaya çıxıb. Məlum olub ki, Boks üzrə Azərbaycan yığmasının tərkibinin formalaşmasında ciddi yanlışlıqlara yol verilib. S.Mikayılov daha təcrübəli, lakin heç bir himayədarı olmayan boksçuları yığmaya daxil etməyib. Bu məsələ Kəmaləddin Heydərova şikayət edən boksçulardan birinin müraciətinin araşdırılması zamanı agah olub. Bundan sonra isə icra başçısı ilə bağlı olaraq problem yaranıb. Bir neçə dəfə tanınmış dövlət məmurlarının adından istifadə edən icra başçısı hətta YAP funksioneri, millət vəkili Siyavuş Novruzovdan siyasi dəstək istəyib. Hətta onun Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyevdən də dəstək istədiyi söylənilir. Məlumatlara əsasən hakimiyyətin yuxarı dairələrində ciddi nifuz problemi yaşayan Qaradağın icra başçısı hələ ki, Nərimanovun icra başçısı himayə etməyə çalışır. Lakin redaksiyamıza daxil olan kifayət qədər ilginc informasiyaya əsasən Səbayel rayon icra hakimiyyəti ilə ciddi problemləri olması üzündən S.Mikayılov ən qısa zamanda işi ilə vidalaşmaq zorunda qala bilər.

Karxanalar kralı olan icra başçısının sonu

Abşeron yarımadasında yerləşən daş karxanalarının hamısına haqq qoyulub. Bu barədə redaksiyamıza növbəti məlumatı, karxana sahiblərindən biri verib. Sahibkarın sözlərinə görə artıq Qaradağ rayonunun, Güzdək, Qızıldaş qəsəbələrində və Qızıl Qaya adlanan ərazidə yerləşən 250-dən artıq daş karxanasının elektrik enerjisi demək olar ki, hər gün kəsilir.
Sahibkarların sözlərinə görə bu barədə göstəriş Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov tərəfindən verilib. Sahibkarlardan bir neçəsi problemlə bağlı Qaradağ Rayon İcra Hakimiyyətində olub. Orada onları icra başçısının müavini qarşılayıb. Müavin daş karxanalarının yenidən işə düşməsi üçün şərtlərini sahibkarlara çatdırıb: “Hər karxanaya əlli min ədəd daş və hər daşkəsən kombayn üçün isə on min manat məbləğində pul tələb etdilər”. Sahibkarın sözlərinə görə icra hakimiyyətinin tələbi ilə razılaşmayıblar: “Biz tələb olunan məbləğin çox olduğunu bildirdik. Hər daş karxanası üçün 50 min ədəd daş olduqca çoxdur. Məsələ burasındadır ki, biz daşın emalına sərf edilən elektrik enerjisinin pulunu cibimizdən ödəməliyik. Bundan əlavə emal olunan daş bizim vəsaitimiz hesabına maşınlara yüklənməlidir. Yəni fəhlələrin pulunu da biz verməliyik. Bunlardan əlavə hər daş kəsən kombayn üçün on min manat haqq verilməlidir. Elə “ucastka” varki orada 3 kombayn işləyir. Həmin sahibkar duran yerdə 30 min manat pul verməlidir. Hazırda ölkədə tikinti getmədiyindən vəziyyətimiz ağırdır. Ona görə tələb olunan məbləği ödəyə bilmirik”. Sahibkarın sözlərinə görə məsələ ölkə mətbuatında işıqlandırıldıqdan sonra qoyulan haqq nisbətən azaldılıb: “Dünən bizə xəbər göndərdilər ki, hər karyer iyirmi min daş versə bəsdir. Amma kombaynlar üçün nəzərdə tutulan 10 min manatı güzəştə getmirlər”. Sahibkar eyni zamanda daş karxanalarının ciddi şəkildə qeydiyyata alındığını söylədi: “İki gündür vertolyotla Qaradağın üstündən uçub daş karxanalarının qeydiyyatı aparılır. Bir sıra yüksək rütbəli məmurların Qaradağda daş karxanaları var. Həmin karxanalar qeyri-leqal fəaliyyət göstərir. Bizdə olan məlumata görə karxanaların hamısı tələb olunan daşı və məbləği ödəməlidir. Yardımlının icra başçısı Sevindik Hətəmovun da bu ərazidə daş karxanası var. İçra başcısı Suleyman Mikayılovla həmkarı Yardımlının icra başcısı Sevindik Hətəmovla nüfuz savaşına girib. Xatırladaq ki, Suleyman Mikayılov sabiq deputatın karxanalarının elektrik enerjisini kəsmişdi. Lakin hansısa fövqəl qüvvə Sevindik Hətəmova bu işdə də yardımçı olmuşdu.”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.