Dövlətin və vətəndaşın “cibinə” necə girirlər?
Azərbaycanda iqtisadiyyatın demək olar ki, bütün sahələrində güclü inhisarçılığın hökm sürdüyü heç kimə sirr deyil. İri ranqlı məmurlar nəzarət etdikləri sahələrdə xüsusi monopoliya yaradaraq tam nəzarəti ələ keçiriblər. İnhisarçının nəzarətində olan şirkətlərdən başqa kimsənin bazara çıxış imkanları yoxdur. Məhz ciddi monopoliyanın nəticəsidir ki, bazar iqtisadiyyatının təməl prinsipi olan azad rəqabət mühiti boğulur, qiymətlər inhisarçılar tərəfindən istənilən şəkildə diktə olunur. Təsadüfi deyil ki, Azərbaycan qiymətlərin bahalığına görə nəinki regionda, bütün dünyada ən ön sıralarda qərarlaşıb. Ərzaq məhsullarının qiymətləri qonşu ölkələrə nisbətən dəfələrlə bahadır. Nəinki ölkəyə xaricdən gətirilən məhsullar üzərində, həmçinin daxili istehsal üzərində də ciddi nəzarət mövcuddur. Nəticədə kəndli çox zaman istehsal etdiyi məhsulu bazara çıxara bilmir, ya da məcburən maya dəyərindən çox ucuz qiymətə satmağa məcbur olur.
Bu gün gömrük məntəqələrində hökm sürən vəziyyət hamıya bəllidir. Xaricdən Azərbaycana vətəndaşların mal gətirməsi faktiki olaraq mümkünsüz hala gətirilib. Qonşu ölkələrə səfər edən həmvətənlərimiz ucuz qiymətə olan məhsullardan alaraq özləri ilə gətirmək istəyəndə buna imkan verilmir. Lakin, araşdırmalar nəticəsində məlum olub ki, məmur oliqarxlar üçün gömrükdə həmişə yaşıl işıq yandırılır. Bu zaman isə aparılan əməliyyatlar nəticəsində dövlət büdcəsi milyonlarla manat vəsait itirir. Sadə vətəndaşlar isə bahalıqdan şikayət etməkdən və qazandıqları cüzi məbləği də xərcləməkdən başqa yol tapmırlar. Təsadüfi deyil ki, dünyada ərzağa ən çox pul xərcləyən ölkələr arasında Azərbaycan öndə gedir. Od qiymətinə aldığımız məhsullar isə gömrükdə su qiymətinə sənədləşdirilir. Gəlin faktlara nəzər salaq. Hamı xatırlayır ki, ötən il ərzində ölkə bazarlarında kartofun qiymətləri 1 manat-1, 5 manat arasında dəyişirdi. Lakin, Dövlət Statistika Komitəsinin hazırladığı “Azərbaycanın xarici ticarəti-2013” məcbuəsində göstərilən rəqəmlərə əsasən ötən il idxal olunan 1 kiloqram kartof 4-15 sentə, yəni cəmisi 3-12 qəpiyə sənədləşdirilib. Yəni göründüyü kimi, vətəndaşlarımız cəmisi 10 qəpiyə sənədləşdirilən kartofu 1 manatdan ucuz almayıblar. DSK-nın hesabatına əsasən, 2013-cü ildə İrandan Azərbaycana 32 625,9 min ton kartof gətirilib. Məhsul gömrükdə 4 milyon 585 min dollar və ya 1 kiloqramı 0,14 dollara, 15,8 min ton Rusiya kartofunun 1 kiloqramı isə 0,04 dollara bəyan edilib.
Lakin, Azərbaycan gömrüyündə sənədləşdirilən bu “ürəkaçan” qiymətləri ekspertlər heç də təbii saymırlar. Hədsiz ucuz qiymətlərə nəzər saldıqda görmək olar ki, burada reallıqdan əsər əlamət yoxdur. Sənədləşdirilən məhsulların topdansatış qiymətləri idxal olunan ölkələrdə sənədləşdiriləndən bahadır. Ancaq, “möcüzə” nəticəsində həmin qiymətlər Azərbaycan gömrüyündə qəflətən ucuzlaşır.
Digər rəqəmlərə nəzər salsaq, yenə də eyni mənzərə ilə üzləşərik. Statistik rəqəmlərə əsasən ötən il 18 min ton düyünün kiloqramı gömrükdə 36,8 sentə bəyan edilib. Pərakəndə satışda 1 kiloqram düyü 1-3 manatdır. Düyü daha çox Hindistandan idxal edilir - 8 173,9 ton. Gömrük 1 kiloqram düyünü 35,1 sentdən sənədləşdirib. Pakistan düyüsü (ötən il 743 ton) gömrükdə kiloqramı 0,62 dollara sənədləşib. Pərakəndə satışda Pakistan düyüsü 4 dəfə bahadır.
Azərbaycana idxal olunan ət məhsulları sahəsində də vəziyyət heç də fərqli deyil. Məlumatlara əsasən, təkcə keçən il Azərbaycana Gürcüstandan 109 min 435 baş diri iribuynuzlu mal-qara idxal olunub. Bu iribuynuzlu heyvanın hər biri orta hesabla 29 dollar 91 sent dəyərində sənədləşdirilib. Təsəvvür edin ki, 100 kiloqramdan da artıq çəkisi olan iribuynuzlu heyvanlar gömrük məntəqələrində birdən-birə 100 kiloqramdan 3 kiloqrama qədər “arıqlayır”.
Digər kənd təsərrüfatı məhsullarının qiymətlərinə nəzər salsaq heyrətlənməmək mümkün deyil. Məsələn, Yeni Zellandiyadan idxal olunan kərə yağının hər kiloqramını 2 dollar 62 sentə, Rusiyadan və Vyetnamdan idxal olunan balığın kilosu 50 sentə (bizim manatla 40 qəpiyə), Hindistandan gələn düyünü 35 sentə, (təxminən 28 qəpiyə), Danimarkadan gətirilən pendir isə 69 sentə (təxminən 55-56 qəpiyə) sənədləşdirilib”. İqtisadiyyatdan xəbərsiz olan hər kəs bilir ki, bazarlarda bu məhsulların qiymətləri göstərilənlərdən dəfələrlə bahadır. Azərbaycan gömrüyündə olan qiymətlərlə bazarlarda olan qiymətləri heç vəchlə müqayisə etmək olmaz. Deməli, inhisarçı qüvvələr həm dövlətin, həm də vətəndaşın cibinə girməklə “ikiqat qazanırlar”. Beləcə, iqtisadiyyatımızın “Demokl qılıncına” çevrilmiş inhisarçılıq bütün sahələrdə hegomonluq edir. Nəticədə isə hər il dövlət büdcəsi yüklü miqdarda vəsait itirir, oliqarxlar isə milyonlar sahibi olurlar.
Gömrükdə qiymətlərin “ucuzlaşmasının” başqa bir yolu isə məhsulun adının dəyişdirilərək daha keyfiyyətsiz məhsulla əvəzlənməsidir. Ekspertlər hesab edirlər ki, az rüsumun ödənilməsi üçün eyni zamanda məhsulun dəyəri həqiqi olduğundan qat-qat aşağı göstərilir. Bütün bunlar isə heç şübhəsiz, rüşvətin sayəsində mümkün olur. Bütün hallarda isə gömrükdəki korrupsiyadan itirən dövlət və sadə vətəndaş olur. Rüşvətin və korrupsiyanın hökmran olduğu gömrük sistemi iqtisadiyyatımızın inkişafına buxov olmaqda davam edir. Bu sahədə tezliklə əsaslı islahatlar aparılması xüsusilə vacibdir. Əks təqdirdə bir qrupun mənafeləri naminə dövlət mənafeləri qurban verilməkdə davam edəcək.