Hakim nümayəndə olmadan qərar çıxardı; qəzet kassasiya şikayəti verəcək
Avqustun 18-də Bakı Apellyasiya Məhkəməsində Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla “Yeni Müsavat” arasındakı məhkəmə çəkişməsi davam etdirilib. Bu dəfə “Yeni Müsavat” qəzetinin Nizami rayon Məhkəməsinin 20 iyun tarixli qərardadından şikayətinə baxılıb. Hakim Azad İmanovun sədrliyi ilə keçən prosesdə “Yeni Müsavat”ın nümayəndəsinin iştirakı olmadan şikayət müzakirə edilib və təmin edilməyib.
Qeyd edək ki, əvvəlcədən “Yeni Müsavat”ın nümayəndəsi Vaqif Hüseyn üzrlü səbəbdən məhkəməyə gecikəcəyi ilə bağlı hakimə ərizə ilə müraciət edib. O, hakimdən xahiş edib ki, proses 1 günlüyə yaxud 1 saatlığa olsa belə, təxirə salınsın. Lakin vəkilin prosesə 10 dəqiqə gecikməsi, hakimin qanunsuz qərarına mane olmayıb. 11-12 dəqiqə çəkən məhkəmə əvvəlki qərarı qüvvədə saxlayıb.
“Yeni Müsavat”ın prosesi müşahidə edən müxbiri olaraq, iştirak etdiyimiz məhkəmədə əvvəlcədən sifarişli qərar olacağını gözləyirdik. Hakim Azad İmanov tələsik qərar çıxarmaq üçün əlindən gələni etdi. Nümayəndəmizin yolda olduğunu və prosesə yetişəcəyini hakimin nəzərinə çatdırsaq da, o, məhkəməni dərhal başladı. Şikayəti belə oxumadı. Tələbkarın nümayəndəsinin çıxışı da çox qısa çəkdi. Cəmi 10 dəqiqə davam edən prosesdən sonra hakim qərar vermək üçün müşavirə otağına yollandığını elan etdi. 1 dəqiqə keçməmiş müşavirə otağından qayıdan Azad İmanov “Yeni Müsavat”ın şikayətinin təmin edilmədiyini bildirdi.
Hüquqşünas Vaqif Hüseyn: “Məhkəmələrin milyarderlərin əlində oyuncaq olduğunu görmək Azərbaycan vətəndaşı kimi ürəyimizi ağrıdır”
Qəzetin hüquqşünası Vaqif Hüseyn məhkəmə qərarının qanunsuz və əsassız olduğunu bildirib: “Mən 3 gün əvvəl məhkəməyə yazılı şəkildə müraciət edərək xahiş etmişdim ki, şəxsi vacib işimlə bağlı iclası təxirə salsın. Habelə iclasa sədrlik edəcək hakim Azad İmanovla şəxsən telefonla əlaqə saxlayıb xahiş etdim ki, iclas heç olmasa bir saatlığa təxirə salınsın ki, mən yetişə bilim. Hakim demişdi ki, problem yoxdur. İclas saat 12- 30 -a təyin edilmişdi. Mən 12. 45- də iclas zalının qabağında olmuşam. İclas zalı bağlı idi. Məlum oldu ki, artıq iclas qurtarıb, müşavirə olub və qərardad da elan edilib. Hətta əks tərəfin nümayəndəsi Nihad Axundov hələ də iclas zalının qarşısında idi. Məhkəmənin şikayətçi tərəfin rəsmi müraciətinə baxmadan belə tələm-tələsik qərar verməsi bir çox mətləblərdən xəbər verir. Biz bundan sonra Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edəcəyik və hüquqlarımızın müdafiəsi uğrunda mübarizəmizi davam etdirəcəyik.
İşin mahiyyətinə gəldikdə isə bu günkü məhkəmə iclası üçün hazırladığım çıxış mətnini əlavə edirəm ki, Azərbaycanda məhkəmələrin qanunla yox, necə qanunun ziddinə işlədiklərinə şahid olsunlar. Məhkəmələrin bəzi milyarderlərin əlində oyuncaq olduğunu görmək Azərbaycan vətəndaşı kimi ürəyimizi ağrıdır. Bircə məqamı əvvəlcədən deyim ki, bizimlə çəkişmə aparan Anar Məmmədov istəmişdi, məhkəmə bizim mənafeyimizə uyğun qərar çıxarmışdı. Sonra Anar Məmmədov 5 ay sonra fikrini dəyişdi və yenə eyni hakim İmran Burcayev onun müraciətindən bir gün belə keçməmiş heç bir yeni hal olmadan, hətta tərəfləri məlumatlandırmadan özü – öz qərarını ləğv etdi. Hazırladığım çıxış mətnini də ona görə dərc edirik ki, məhkəmədə iştirakımızın işin ədalətli həlli üçün necə önəmli olduğunu və məhkəmələrin milyarderlərin əlində oyuncaq olduğunu hamı görsün. Hər kəs əmin olsun. ”