41-42 dərəcə isti, qovrulan fəhlələr və dövlət qurumlarının bəhanəsi...

18-08-2014, 17:43   
41-42 dərəcə isti, qovrulan fəhlələr və dövlət qurumlarının bəhanəsi...Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəskin istilərlə bağlı xəbərdarlıq etdi. Avqustun 18-dən 20-dək havanın hərarəti 39 dərəcədən 41, bəzi aran bölgələrində isə 43 dərəcəyədək qalxacaq. Ən yüksək temperatur isə ayın 20-də qeydə alınacaq.

Nəzərə alaq ki, hava şəraiti asfalt olmayan ərazilərdə ölçülür. Buna görə Bakıda temperatur rəsmi proqnozdan bir qədər də yüksək olur.

Avqustun 16-dan müşahidə edilən isti hava şəraiti günvurmalara səbəb olub. Son iki gündə təcili tibbi yardıma 10-dan çox müraciət edilib. İsti havalar ürək-damar xəstələrinin, yüksək təzyiqdən əziyyət çəkənlərin də səhhətinin pisləşməsinə səbəb olub.

Həkimlər isti havada zərurət yaranmadığı təqdirdə saat 11:00-dan 17:00-dək açıq havada olmamağı məsləhət görürlər. Bu məsləhətə daha çox bir çox spesifik sahələrdə, xüsusilə də neft və qaz sənayesində, tikinti sektorunda çalışanlar əməl etməlidir. Belə ki, Əmək Məcəlləsində 41 dərəcə istidə açıq havada işin dayandırılması nəzərdə tutulub.

“Havanın temperaturu 41 dərəcəyə yüksəldiyi halda işin dayandırılması məcburidir”.

Bunu virtualaz.org saytına açıqlamasında hüquqşünas Azər Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, Əmək Məcəlləsinin 233-cü maddəsində göstərilir ki, 41 dərəcə isti olduğu halda açıq havada və sərinlədici qurğular olmayan qapalı yerlərdə iş dayandırılmalıdır: “Bəzən yalnız açıq hava şəraitində işin dayandırılmasından söhbət gedir. Amma qanunda sərinləşdirici qurğular olmayan qapalı yerlərdə də işin dayandırılması tələb edilir. Buna birinci növbədə müəssisə rəhbəri və əməyin mühafizəsi üzrə məsul şəxs nəzarət etməlidir”.

A.Quliyev dedi ki, Dövlət Əmək Müfəttişliyi və həmkarlar təşkilatı qanunun tələblərinin yerinə yetirilib-yetirilmədiyinə nəzarət etməlidir: “Açıq hava şəraitində işi dayandırmayanlara qarşı cəza tədbirləri həyata keçirilməlidir. Hava şəraiti ilə bağlı fasilə yaranacağı halda işçiyə tarif maaşının üçdə ikisi ödənilməlidir”.

Bəs bizdə idarələr, dövlət və özəl müəssisələr zəhmət çəkib Əmək Məcəlləsinin bu tələbinə baxır və ona əməl edirlərmi?

Dövlət Neft Şirkəti hava şəraiti ilə əlaqədar açıq havada işlərin dayandırılıb-dayandırılmadığına münasibət bildirmək istəmədi.

“Bibiheybət” NQÇİ-dən virtualaz.org saytına hava şəraiti ilə əlaqədar olaraq işlərin dayandırılmadığını dedilər.

“Bahar energi” şirkətindən də hazırda iş getdiyini söylədilər.

“Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Afaq Quliyeva bildirdi ki, Ekologiya və Təbii Nazirliyinin hava haqqında proqnozu ilə bağlı hər gün məlumat alırlar: “Bir gün əvvəldən səhər hava şəraitinin necə olacağını öyrənirik. Belə ki, mətbuatda verilmiş rəsmi hava proqnozu ilə bağlı məlumatları toplayaraq müvafiq qurumlarımıza göndəririk. Xüsusilə də yay və qışda, küləkli hava şəraitində işçilər məlumatlandırılır. Nazirlik temperaturun 41 dərəcəyədək yüksəldiyi halda rəsmi xəbərdarlıq edərsə, açıq havada işləyənlər üçün müvafiq tədbirlər görəcəyik”.

Bakı Şəhər İcra Hakimiyyətindən isə dedilər ki, tikinti və ya abadlıq işlərinin dayandırılması üçün onlara rəsmi xəbərdarlıq edilməyib: “İndi icra hakimiyyətləri tərəfindən hansısa küçədə tikinti getdiyindən xəbərsizik. Amma işlərin dayandırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıq olunmalıdır. Nazirlik xəbərdarlıq etməyib”.

Qeyd edək ki, paytaxt meriyası açıq havada tikinti və ya abadlıq işlərinin getdiyini xatırlamasa da metronun “Qara Qarayev” stansiyasının ətrafında 10-dan çox fəhlə hazırda yerə daş döşəyir. Ətrafda isə “Bakı Şəhər İcra Hakimiyyəti müvəqqəti narahatçılıq üçün üzr istəyir” plakatları asılıb.

Dövlət Əmək Müfəttişliyindən 41 dərəcə istidə açıq hava şəraitində işlədildiyi üçün şikayətlərin daxil olmadığını dedilər.

Lakin xidmətin səlahiyyətində olan nəzarət tədbirləri ilə bağlı suallara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab axtarmağımızı məsləhət gördülər. Nazirlikdən isə suallarımıza cavab ala bilmədik.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından da temperaturun 41 dərəcəyə yüksələcəyi təqdirdə açıq havada işlərin dayandırılmasının qanunla tənzimləndiyini, bu qanuna məhəl qoymayanların cavabdehlik daşıdıqlarını dedilər: “Ötən illərdə bununla bağlı konfederasiyanın sədri Səttar Mehbalıyev mətbuata açıqlama vermişdi. Builki mövsümdə isə konfederasiyanın hansı tədbirlərin görüldüyünü mətbuat xidməti araşdırıb deyə bilər”.

Qeyd edək ki, Səttar Mehbalıyev tikinti sektorunda işin dayandırılmamasından narazılıq etmişdi.

Xatırladaq ki, bu qaydaları pozan sahibkarı 1500 manatadək cərimə gözləyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.