Vəfa Quluzadə: «Naxçıvan təhlükə altındadır və hesab edirəm ki, Türkiyə bazalarının bu ərazidə yerləşdirilməsi müsbət addım olardı»
Ötən gün Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri Naxçıvanda bir araya gəlib. Məlumata görə, nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar aparılacaq. Əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli və regional məsələlərin müzakirə ediləcəyi bildirilir. Bəzi politoloqlar müdafiə nazirlərinin görüşünü Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı inteqrasiya proseslərinin yeni mərhələsi hesab edir.
Qeyd edək ki, nazirlərin bu görüşü atəşkəsin pozulmasından sonraya təsadüf edir və daha çox son baş verənlərlə bağlı ölkənin təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur.
Belə ki, Naxçıvan Azərbaycanın həssas bölgəsi hesab olunur və hər an bu istiqamətdə hansısa hücumlar həyata keçirilə bilər.
Bəzi ekspertlər hesab edir ki, Müdafiə nazirlərinin Naxçıvanda görüşməsinin əsas məqsədi bu əraziyə diqqətin artırılması və ordu hissələrinin gücləndirilməsi üçündür.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Naxçıvanda sıravi vətəndaşlar da hər an müdafiəyə hazır olmalıdır və əhaliyə silahla rəftar qaydaları öyrədilməlidir: “Naxçıvan təhlükə altındadır. Rusiya Azərbaycanı Gömrük Ittifaqına qoşmaq üçün istənilən addımı ata bilər. Məsələn, Naxçıvanı işğal etmək, əhalisini qaçqın vəziyyətə salmaq mümkündür. Ona görə də Naxçıvanda ordu hissələri gücləndirilməlidir. Türkiyə öz bazalarını Naxçıvanda yerləşdirsə, çox yaxşı olardı və Rusiyanın Gümrüdəki bazaları ilə balans yaranardı. Eyni zamanda mən təklif edərdim ki, naxçıvanlılar hər an döyüşə hazır vəziyyətdə yaşasınlar və əhali silahla rəftar qaydalarını öyrənsinlər. Düşmən Naxçıvana hücum etmək istəsə, gərək kəskin cavab alsın. Çünki, Naxçıvana qarşı istənilən vaxt provokasiyalar ola bilər. Yəqin ki, nazirlərin görüşündə də bu məsələ müzakirə olunacaq və düşünürəm ki, hakimiyyət də bu təhlükəni dərk edir”.