Yaxud «Sovetski»də tənha və köməksiz qalan ananın acı hekayəti
Bakının “Sovetski” ərazisində söküntü planlarına etirazdan sonra hökumət əhalini inandırdı ki, kimsə evindən zorla köçürülməyəcək, kimsəyə kompensasiya ödənilmədən evi uçurulmayacaq. Lakin bu anlaşmadan 3-4 ay sonra yerli icra hakimiyyəti plana düşən bütün evləri, küçələri hasarladı...
Kiminləsə evinin alğı-satqısı razılaşdırılmayıbsa, kimsə yaşayış yerini könüllü tərk etməyəcəksə, onda qabaqcadan bütün evlərin hasarlanması nə deməkdir? Hamının bir nəfər kimi ərazidən köçəcəyinə hökumətdəki əminlik nədən qaynaqlanırdı?
Şübhəsiz, cavab indi birmənalı olaraq aydınlaşır: tək-tük köçlərdən sonra ərazidə başlanacaq söküntü, xaos, kommunikasiya xətlərinin sıradan çıxması, bir sözlə, yaşayış üçün nəinki əlverişli, hətta təhlükəli şəraitin yaradılması insanları öz yurdunu tərk etməyə məcbur qoyacaqdı?!
“Mən əşya deyiləm...”
Budur, sizə bir faktı çatdıraq: “Sovetski” küçəsindəki (indi Nərimanov prospekti) 128 saylı evin sakini Məsumə Zeynalovanın yaşadığı acılar, sarsıntılar... 63 yaşlı bu ana öz evindən çıxmaq istəmir, ancaq onu məhrumiyyətlərlə baş-başa buraxıblar. Səbəbi də budur ki, sahəsi cəmi 14 kv.m olan evinə görə ona 21 min manat təklif olunur. Bu pulla isə?!
“Ərim 10 il bundan qabaq rəhmətə gedib. Bu evdə özüm, qızım və 10 yaşlı nəvəmlə yaşayırdıq. Ona görə ”yaşayırdıq" deyirəm ki, həyətimizdəki 4 qonşu köçdükdən sonra burda yaşamaq mümkün deyil" - deyir Məsumə ana. Evin kişisi olmadığına görə özünü tənha və köməksiz hiss edən ananın yeganə qız övladı da həyat yoldaşından boşanıb... Belə bir şəraitdə bütün ağırlıq isə onun üzərinə düşüb.
Məsumə ana deyir ki, bu ev ana babasının mülküdür, 1895-ci ildə tikilib: “Babam varlı adam olub, gəmiləri varmış, ticarətçi imiş... Indi kasıbçılıq şəraitində yaşamaq bir yana, evimin dəyər-dəyməzinə əlimdən çıxacağından narahatam” - deyir və göz yaşını saxlaya bilmir.
“Axı, mən əşya deyiləm, canlı insanam, bu yaşımda, bu çarəsizlik içində nə edəcəm?” - onun sonrakı sözləri bizi də kövrəldir... Vəziyyət təsəvvür olunandan da ağırdır: evə suyun verilməsi dayandırılıb, bir həftədir sıradan çıxan işıq avqustun 18-də bərpa edilib; qaz təchizatı isə var. Həyətdən köçən qonşuların evlərinin uçurulması nəticəsində həyətdə salamat yer qalmayıb. Tualetə gedən yolu da daş-kəsək bağlayıb.
Kasıb daxmadan oğurluq?!
Bizi şəraitlə tanış edən Məsumə ana daha sonra deyir ki, artıq ekskavator evinin divarlarına dirənib. Evinin uçacağından ehtiyat etdiyi üçün daha burada qalmırlar. Qızını və nəvəsini əslən Bilgəhdən olduğu həmin kənddəki qohumlarının evinə yollayıb, özü isə şəhərdə, bacısının evində gecələyir. Hər gün səhər saat 9-da evinə gələrək, axşam 8-dək bu kasıb daxmasını mühafizə edir. Buna baxmayaraq, evindən soyuducu, televizor, tozsovuran, elektrik ətçəkən maşın, hətta tavandakı lüstr belə qoparılaraq oğurlanıb.
Evin qapısının qıfılını bir neçə dəfə sındırıb, son günlərdə isə şüşəsini də qırıblar. Kimlərin oğurluq etdiyini isə bilmir, babalı yumaq istəmir... Hə, bir də, evinin işıq sayğacı da aparılıb?!
Beləcə, hökumətdən ədalətli kompensasiya gözləyən, bunun üçün kimlərlə görüşməyən, kimlərdən vəd almayan Məsumə ana elementar ev əşyalarını da itirib. Ancaq mənəvi itkiləri onu daha çox ağrıdır... Axı, aylardır baş nazirin müavini Abid Şərifovla, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə, Yasamal Rayon Icra Hakimiyyəti başçısının birinci müavini Səməd Islamovla, Maliyyə Nazirliyində adını unutduğu daha bir səlahiyyətli şəxslə görüşlərində hamı bir nəfər kimi ondan səbirli olmağı, gözləməyi xahiş edib, kömək vəd edib.
Lakin daha səbrinin, gücünün tükəndiyini deyir, hökumətdən çevik addım gözləyir. Axı, hökumətdə söz veriblər ki, “Sovetski”də evinin sahəsi az olan vətəndaşlara ayrıca baxılacaq, lazımi tədbir görüləcək...
Məsumə ana isə “evindən kimsə zorla çıxarılmayacaq” deyənlərin onu arxayın salmasına baxmayaraq, faktiki evindən didərgin salınıb. Bu ahıl yaşında, yayın qızmar çağında çöldə, evinin divarları yanında durur ki, birdən kasıb daxması ekskavatorun amansız “xortumuna” tuş gələr...
Doğrudanmı, bu ananı hökumət bu qədər dağa-daşa salacaq?!
Məmməd
P.S. Məqalə çapa hazırlanarkən APA-dan xəbər aldıq ki, baş nazirin müavini Abid Şərifovun sözlərinə görə, “Sovetski”də inventarlaşma prosesi başa çatandan sonra sahəsi kiçik olan evlərlə bağlı təkliflər hazırlanacaq. Inventarlaşma prosesi isə bir ay-ay yarıma başa çatacaq.