Lerik sakini: «Eşşək palanına bidon yükləyib suyu dağdan daşıyırıq»
Lerik sakinləri suyu eşşəklə daşıdığını desə də, rəsmilər onları su ilə təmin etdiklərini bildirir. Azərbaycanın cənubunda, Bakıdan təxminən 320 km uzaqlıqda yerləşən Lerik rayonunun sakinləri susuzluqdan şikayətçidir. “BBC Azərbaycanca”ya danışan sakinlərin sözlərinə görə, rayona ana su xətti çəkilsə də, iki aydan çoxdur ki, bu sudan istifadə edə bilmirlər.
“2012-ci ilə qədər sovet vaxtı çəkilən xətdəki sudan istifadə edirdik. Amma təzə xətt çəkiləndən Lerik rayonu su üzünə həsrət qalıb. Su ana xətlə anbara qədər gəlib çıxır, amma orda boru partladığına görə rayona su gəlmir”,- rayon sakini Bulud Ağayev “BBC Azərbaycanca”ya deyir.
Onun sözlərinə görə, sakinlərin şikayətinə nə su idarəsi, nə də icra hakimiyyəti baxır. “Suyu bizə pulla satırlar. Türkiyənin ”Gelişim Group" şirkəti 28 milyon manata Lerikin su və kanalizasiya xətlərini çəkməli idi. 28 milyon hara getdi bəs? Niyə mən bir ton suya 5 manat verib suyu almalıyam? Elə ailə var ki, bir ton suyu bir günə istifadə edir".
“AzərSu” Səhmdar Cəmiyyətinin Lerik rayon üzrə rəisi Asif Imanov sakinlərin suyu pulla aldıqları haqda iddiaları “əsassız” adlandırıb.
“Hansı sakin suyu pulla alırsa, mənə müraciət etsin. Elə şey ola bilməz. Kimsə evə maşınla bulaq suyu alır, amma heç bizim abonent deyil. Bunun bizə aidiyyətı yoxdur”,- cənab Imanov “BBC Azərbaycanca”ya bildirib.
Lerik rayon sakini Qızqayıt Şərifova rayonda su probleminin olmasını “keyfiyyətsiz” su xəttləri ilə əlaqəli olduğunu deyir və rayon icra hakimiyyətinin məsələ ilə maraqlanmadığını iddia edir.
“Təzə borular plastmassdandır, təzyiqlə suyu buraxırlar və boru partlayır. Suyu çox vaxtı pul ilə alırıq. Gedib dağdan eşşəyə bidonla yükləyib gətiririk”.
Onun sözlərinə görə, icra hakimiyyəti sakinlərin şikayətini dinləmək istəmir. “Icra hakimiyyətinə getmişik, amma bizi polis içəri buraxmır. Deyirlər icra hakimiyyəti istirahətdədir, bəs biz kimə şikayət edək?”,- o qeyd edir.
Lerik rayon Icra Hakimiyyətinin başçısının müavini Habil Məlikov bu iddiaları qəbul etmir və deyir ki, bu məsələ ilə bağlı vətəndaşların şikayətləri ilə şəxsən özü məşğul olur.
“Türkiyə şirkətinin üç ildir gördüyü işlər çox keyfiyyətsizdir. Nəticədə 18 km-lik su xətti partlayır. Icra hakimiyyəti olaraq biz maşınlar təşkil etmişik və əhaliyə təmənnasız su paylayırıq”, o deyir.
“Gelişim Group” şirkətinin Türkiyədə yerləşən baş ofisindən belə bir layihə ilə bağlı Lerikdə iş apardıqlarını təsdiqləsələr də, əlavə açıqlama verməkdən imtina ediblər.
Şirkətin Azərbaycan üzrə nümayəndəsilə isə əlaqə yaratmaq mümkün olmayıb.
“AzərSu” Səhmdar Cəmiyyətinin Lerik rayon üzrə rəisi Asif Imanov ana su xəttində “qəza” səbəbindən əhalinin su ilə təminatının daşıma yolu ilə həyata keçirildiyini deyir.
“Əhaliyə gün ərzində maşınla su daşıyırıq, təminatımız tamdır. Su xəttinin çəkilişi zamanı hansısa bir problem ola bilər, amma hazırda da iş davam edir. Bu o demək deyil ki, borular keyfiyyətsizdir”, - o söyləyib.
Icra Hakimiyyətini narahat edən məsələlərdən biri də asfaltlanmış yolların su xəttlərinin çəkili işləri ilə əlaqədar “bərbad vəziyyətə düşməsidir”.
“Şəhərə böyük ziyan dəyib. Kanalizasiya sistemi məhv olub. Çox pis vəziyyətdəyik. Məsələ ilə bağlı Nazirlər Kabinetinə, Su və Meliorasiyaya Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişik. Deyiblər ki, şirkətin başqa nümayəndəsi gəlib işləri həyata keçirəcək”, cənab Məlikov qeyd edir.
IH-nın tikinti üzrə yerli nəzarətçisi Tahir Əliyev su xətlərindəki problemin son bir ayda yarandığını bildirir.
“Işin 80 faizi görülüb. Tikinti zamanı gecikmələr olur, amma tikintinin keyfiyyəti barədə deyilənlərlə razı deyiləm. Bütün işlərə burda ciddi nəzarət var. Işin gecikməsi su anbarının yerinin təsbit olunması və alınması məsələsi ilə əlaqəlidir”, Əliyev “BBC Azərbaycanca”ya açıqlamasında deyib.
Boruların partlaması haqda iddianı şərh edən cənab Əliyevin sözlərinə görə, borular Türkiyəyə ekspertiza üçün göndərilib. “Indi hamı gözləyir ki, o boruların ekspertizası nə göstərəcək. Suyun təzyiqi borulara vuranda artır, dəmir borular da olsa, partlaya bilər. Amma səbəbi öyrənmədən nəsə demək düzgün deyil”.
Nəzarətçinin sözlərinə görə, ana su xəttinin çəkilişinə 2011-ci ildən tikintiyə başlanılıb və layihə 2016-cı ilə qədər bitməlidir. “1 il işlətmə müddəti olacaq şirkət tərəfindən, sonra iş ”AzərSu"ya təhvil veriləcək", o əlavə edib.
Türkiyənin “Gəlişim Inşaat, Turizm, Sənaye və Ticarət LTD”nin “Gelişim Group” şirkəti “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin 2011-ci ildə keçirdiyi tenderdə qalib olub.
Şirkət Lerikdə su təchizatı və kanalizasiya şəbəkələrinin, həmçinin su və çirkli su qurğularının təkmilləşdirilməsi məqsədilə keçirilən tenderi udub.
Icra Hakimiyyətinin saytında yerləşdirilən məlumata əsasən, Lerik rayon əhalisinin sayı 79 min nəfərdir.